İnsanlara hürriyət, millətlərə istiqlal!

15 yaşlı Cavidanın anası haqsızlığa fəryad edir: “Oğlumun qatilini görəndən yata bilmirəm”

Nabranda atasını qorumaq istəyərkən qətlə yetirilən 15 yaşlı Cavidanın anası narazıdır. Zərərçəkmiş kimi tanınan ana qatilin yüngül cəza ala biləcəyindən qorxur.

Musavat.com-un xəbərinə görə, qeyd edilən cinayət hadisəsi ötən ilin avqustunda baş verib.

1990-cı il təvəllüdlü Şəhram Manafzadə Tel kəndi ərazisində Cavidanı qətlə yetirib, atası Nurlan Məmmədrəhimova isə bıçaqla xəsarət yetirib.

CAVİDAN.jpeg (96 KB)

Mərhumun anası Günel Məmmədrəhimova Musavat.com-a bildirib ki, oğlunun qatilinin ailəsi rüşvət qarşılığında cəzanı azaldacaqlarını deyiblər.

Əvvəlcə zərərçəkmiş şəxsin ailəsinə barışıq və pul da təklif olunub.

Günel Məmmədrəhimova üzləşdikləri haqsızlıq qarşısında intihar həddinə çatdığını deyib:

“Şəhram bizim xoşbəxt ailəmizi viran qoydu. 15 yaşlı oğlumu 12 yaşlı qardaşı Heydərin gözü qarşısında amansızlıqla, vəhşicəsinə öldürdü. Heydəri və hadisə yerində olan digər şəxsləri də öldürməyə cəhd etdi. Yoldaşıma böyrək nahiyəsindən bıçaqla xəsarət yetirdi.

Bu hadisənin şahidi olan oğlum Heydər hər gecə sayıqlayır, yuxuda qışqırır, kiməsə yalvarır ki, qardaşımı öldürmə. Səhərlər də key kimi sakit, səssiz oturur. Öz-özünə danışır, depressiyadan çıxa bilmir. Ailəmiz hər gün matəm içindədir. Mən artıq bu matəmi yaşaya bilmirəm. Həyatda məni heç nə saxlamır. Uşağımın biri öldürülüb, digəri dəli olub. 7 yaşlı qızım öldürülən qardaşını axtarır, ağlayır”.

Mərhumun anasının iddiasına görə, Ş.Manafzadənin məqsədi orda olanların hamısını öldürmək olub:

“Birinci məhkəmədə Şəhramı görəndən özümə gələ bilmirəm. Böyük stress yaşadım. Qatilin baxışlarını görüb yata bilmirəm. Onda heç bir peşmançılıq hissi yoxdur. Heç bir səbəb olmadan körpə balamın qatili oldu.

CAVİDAN SON.jpeg (285 KB)

Şəhram oğlumu vurandan sonra deyib ki, hamınızı öldürəcəyəm. 12 yaşlı Heydəri də öldürmək üçün onun üzərinə hücum edib. Heydər qaçaraq meşədə gizlənə bilib. Şəhram hadisə yerində olan qonşumuz Elvini öldürmək üçün arxasınca qaçıb. Onlar maşının ətrafında fırlanıblar. Şəhram onu tuta bilməyib. Hadisə yerində qaynım Gərəyxan da olub. Şəhram ona bıçaqla zərbə vurmaq istəyəndə bıçaq maşına batıb. Bundan sonra hadisə yerində səs-küy çoxaldığından Şəhram oradan qaçıb”.

Günel Məmmədrəhimova bildirib ki, təqsirləndirilən şəxsin qohumları dəfələrlə barışıq üçün onlara müraciət edərək müxtəlif məbləğlərdə pul təklif ediblər:

“Biz imtina etdik. Dedilər ki, siz almasanız, həmin pulla Şəhramın işini yüngülləşdirərik. Amma bizim çoxsaylı şikayətlərimiz nəticəsində buna nail ola bilmədilər”.

CAVİD.jpeg (510 KB)

Mərhumun anası deyib ki, hadisə ilə bağlı əri, qaynı və qonşuları da cinayət məsuliyyətinə cəlb ediliblər:

“Ərimgilin əməlində xuliqanlıq cinayətinin olduğunu dedilər. Ərim Nurlan, qaynım Gərəyxan və qonşum Elvin dənizdə gəmiçilikdə işləyirdilər. Onlar barəsində axtarış verib ölkədən çıxışları məhdudlaşdırıldı. “Stop”a görə çörəyimizdən olmuşuq. Müstəntiq deyir ki, Şəhramla barışmasaq, onları da tutacaqlar. Şəhram qayınatası Azad Cəfərovun puluna güvənir. Ərim, qaynım nə edib ki? Onları görüşə çağıran, onlara bıçaqla hücum edən Şəhramdır. Bunu görən bu qədər şahid var, sübutlar var”.

Günel Məmmədrəhimova daxili işlər nazirinin qəbulunda olduğunu, problemlərini çatdırdığını qeyd edib. Əlavə edib ki, üzləşdikləri haqısızlıqla bağlı ölkə rəhbərliyinə də müraciət ediblər.

Hadisənin baş vermə səbəbi haqda...

Təqsirləndirilən Şəhramla bıçaqlanan Nurlan əvvəllər dost olub. Şəhram illər əvvəl həbs edilən zaman Nurlandan onu həbsdən çıxarmasını, pul verməsini istəyib. Lakin Nurlan Şəhramın istədiyi məbləği vermədiyi üçün münasibətləri pozulub. Şəhram həbsdən çıxdıqdan sonra bu məsələyə görə Nurlanla bir neçə dəfə mübahisə edib. Hadisə günü Şəhram Nurlanın mobil nömrəsinə bir neçə dəfə zəng edib. Həmin gün Nurlan iki oğlu, qardaşı və qonşusu ilə birlikdə dostunun doğum günü məclisində olub. Sərxoş olan Nurlanın telefonuna oğlu Cavidan cavab verib. Şəhram onu təhqir etməyə başlayıb. Cavidan telefonu atasına verib. Şəhram onu da təhqir edərək Nabrana çağırıb.

Nurlan hadisə yerinə oğulları, qardaşı və qonşusu ilə birlikdə gedib. Görüş zamanı Nurlan və Şəhram arasında mübahisə böyüyüb. Şəhram bıçaqla Nurlana zərbə endirib. Cavidan atasını qorumaq üçün irəli atılan zaman Şəhram onun ürək nahiyəsindən zərbə vurub.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR