Onlayn ictimai-siyasi qəzet
Son aylar Rusiyada baş verən hadisələr bu ölkədə qeyri-ruslara, xüsusilə müsəlman xalqlara qarşı münasibətin sürətlə sərtləşdiyini açıq şəkildə nümayiş etdirir.
Musavat.com xəbər verir ki, artıq tək-tək insidentlərdən yox, sistemli və mərkəzdən idarə olunan təzyiq mexanizmlərindən söhbət gedir.
Yekaterinburqda Səfərovlar ailəsinin yaşadıqları ünvanlara Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat bu reallığın ən sarsıdıcı nümunələrindən biridir. Əldə olunan məlumatlara görə, əməliyyat nəticəsində eyni ailəyə mənsub 5 nəfər qətlə yetirilib.
Səfərovlar ailəsi Rusiya vətəndaşıdır, əslən Azərbaycanın Ağdam rayonundandır. Onlar Yekaterinburqda yerləşən və yerli azərbaycanlılar arasında tanınan “Kaspi” restoranına sahib idilər. Həm bizneslə məşğul olmaları, həm də yerli icma ilə əlaqələri bu ailənin ictimai profildəki yerini daha da önəmli edirdi.
Rəsmi təsdiqlənməyən məlumatlara görə, əməliyyatın motivi kimi 2001-ci ildə baş vermiş bir qətl hadisəsi göstərilir. Lakin 23 il əvvəl baş verən və hüquqi sistemdə artıq unudulmuş bir hadisənin bu cür genişmiqyaslı, öldürülməyə qədər gedən əməliyyata bəhanə olması suallar doğurur.
Bunu hüquqi məsələ yox, daha çox siyasi-ictimai mesaj kimi oxumaq lazımdır: Rusiyada qeyri-rus və xüsusilə azərbaycanlılara açıq mesaj verilir – "heç kim toxunulmaz deyil".
Bütün bu faktlar göstərir ki, Rusiyada miqrantlara və müsəlmanlara qarşı dövlət səviyyəsində aparılan siyasət artıq repressiya mərhələsinə keçib. Ukrayna müharibəsində resurs çatışmazlığı yaşayan Kreml yeni düşmən obrazları formalaşdırmaqla həm daxili auditoriyanı manipulyasiya edir, həm də cəmiyyəti qorxu və itaət çərçivəsində saxlamağa çalışır.
Azərbaycan və digər müsəlman icmalarına qarşı şantaj, hədə-qorxu, hətta zorakı cəlbetmə hallarının artması da bu siyasətin bir parçasıdır. Musavat.com-un əldə etdiyi məlumatlara görə, miqrantlar narkotik ittihamları, törətmədikləri cinayətlər və ailələrinə yönəlik təhdidlərlə müharibəyə göndərilir, müqavilələr pozulur və qayıtdıqdan sonra yenidən müharibəyə cəlb edilirlər.
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin miqrantların orduya cəlb olunması ilə bağlı səsləndirdiyi statistik məlumatlar da bu tendensiyanı təsdiqləyir. Səfərovlar hadisəsi isə bu prosesin sadəcə “yumşaq” üsullarla deyil, həm də silahlı əməliyyat və öldürmə ilə həyata keçirildiyini göstərir.
Azərbaycanın haqlı narazılığı yalnız bu faktlarla da məhdudlaşmır. Həştərxanda keçirilən tədbirə dəvət olunmuş Azərbaycan millət vəkili Azər Badamovun Rusiyaya buraxılmaması, informasiya resurslarına qarşı təşkil olunmuş kiberhücumlar və rəsmi Moskvanın AZAL təyyarəsinin vurulması məsələsində susqunluğu da Bakının Moskvaya olan etimadını ciddi sarsıdıb.
Bunların fonunda Rusiya televiziyalarında, xüsusilə Solovyov kimi təxribatçı fiqurların anti-Azərbaycan ritorikası artıq dövlət siyasətinə çevrilib. Bu ritorika yalnız informasiya müharibəsi deyil, həm də rus cəmiyyətində islamofob, anti-müsəlman, anti-Qafqaz əhval-ruhiyyəsinin qızışdırılmasına xidmət edir.
Digər bir təhlükəli istiqamət isə Ermənistanda radikal və revanşist qrupların yenidən fəallaşmasıdır.
Koçaryan, Sarkisyan və Moskvaya bağlı digər fiqurların ritorikasının sərtləşməsi, onların revanşist fikirlərinin güclənməsi regionda yeni qarşıdurma ehtimalını artırır. Rusiya bu prosesi bilavasitə dəstəkləməklə Cənubi Qafqazda sabitliyin pozulmasında maraqlı olduğunu bir daha sübut edir.
Nəticə etibarilə, Rusiyada artan şovinist əhval-ruhiyyə, hüquqi dözümsüzlük, islamofobiya və miqrantlara qarşı düşmənçilik atmosferi təkcə bu ölkənin daxili problemi deyil. Bu, həm də regionda – xüsusilə Cənubi Qafqazda – sabitliyi və əməkdaşlığı ciddi şəkildə təhdid edən faktordur.
Onu da bildirək ki, Rusiyanın səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
XİN-dən Musavat.com-a verilən məlumata görə, Rusiya tərəfinə iyunun 27-də həmvətənlərin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.
Məsələnin araşdırılması, zorakılıq törödən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb.
Musavat.com
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ