Onlayn ictimai-siyasi qəzet
2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən mübarizə tədbirləri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən geniş şəkildə təhlil edilib.
Musavat.com xəbər verir ki, rəqəmlər təhlükənin hələ də ciddi olduğunu göstərir.
Belə aydın olur ki, ötən 4 ay ərzində hüquq-mühafizə orqanları tərəfindən ümumilikdə 2992 cinayət faktı qeydə alınıb. Onlardan 894-ü narkotik vasitələrin satışı, 2074-ü əldəetmə və saxlama, 22-si isə narkotik bitkilərin qanunsuz kultivasiyası ilə bağlıdır.
Qanunsuz dövriyyədən 2 ton 593 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə çıxarılıb ki, bu maddələrin ümumi bazar dəyəri 68 milyon 673 min manat həcmində qiymətləndirilir. Müsadirə olunan maddələrin böyük hissəsini – 2 ton 271 kiloqramı marixuana təşkil edir.
Xüsusi diqqətçəkən məqam ondan ibarətdir ki, bu marixuananın 90,7 faizi xarici ölkələrdən gətirilmiş və psixotrop maddələrlə zənginləşdirilmiş formadadır. Heroin və psixotrop maddələrin müsadirə miqdarı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 58,2-dən və 35,5-ə qədər azalıb.
Cinayət məsuliyyətinə cəlb olunan 1499 nəfərdən 33-ü xarici ölkə vətəndaşıdır.
Qaçaqmalçılıqla bağlı 78 fakt aşkarlanıb. Bu cinayətlərin 79-u qrup halında törədilib.
Həmçinin, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən 621 fakt qeydə alınıb.
Rəsmi rəqəmlərə görə, hazırda ölkədə 798 nəfər narkotik asılılığından əziyyət çəkən şəxs metadonla əvəzedici müalicə proqramı çərçivəsində nəzarət altındadır. Bu müalicələr Respublika Narkoloji Mərkəzi, QİÇS-lə Mübarizə Mərkəzi və Sumqayıt Narkoloji Mərkəzində aparılır. Nəticə olaraq, 2025-ci ilin ilk 4 ayında İİV-ə yoluxan narkotik istifadəçilərinin sayı cəmi 20 nəfər olub və bu da ciddi azalma deməkdir.
“Narkomanlığa yox” deyən vətəndaşların səsi 802 qaynar xətt üzərindən eşidilir. Bu müddət ərzində 802-yə 292 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 33-ü qanunsuz dövriyyə, 26-sı müalicə, digərləri isə hüquqi və psixoloji dəstək axtarışları ilə bağlıdır. Hər bir müraciət aidiyyəti qurumlara yönləndirilib və konkret tədbirlər görülüb.
2025-ci ilin 28 yanvar tarixində 5 ton 168 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə xüsusi komissiya qərarına əsasən məhv edilib. Eyni zamanda, rayon və şəhərlərdə az miqdarda narkotiklərin məhvi ilə bağlı
955 məhkəmə hökmü icra olunub. Statistika göstərir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin sayı ötən ilə nisbətən 804 fakt azalıb. Amma qaçaqmalçılıqla bağlı faktlarda artım var və dövriyyədən çıxarılan narkotiklərin ümumi çəkisində də ciddi artım müşahidə olunur.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ