"Müdrik məsləhətlərinə çox ehtiyacım var"
"Səni hər hüceyrəmlə hiss edirəm. Sənin möhkəm çiyninə, müdrik dəstəyinə və səhvsiz məsləhətlərinə çox ehtiyacım var".
Musavat.com xəbər verir ki, bu sözləri aktyor, nasir Bəhram Bağırzadə dostu Cabir İmanovun xatirəsini yad edərkən deyib.
Sosial media hesabında foto yayımlayan Bağırzadə hissərini dilə gətirib:
"Düz bir aydır ki, sən yoxsan. Boşluq və daimi ağrıyla dolu bir ay... Nə ilə məşğul olsam da, çəkilişlərlə, rəssamlarla görüşlərlə, kitablar üzərində işləməklə, səfərlərlə, sənin yanımda olmanı hər an hiss edirəm. Gün iki hissəyə bölünür: ya sənin sonsuz yumorunu xatırlayanda üzümə gələn işıqlı təbəssümlə, ya da bu itkini dərk edəndə yaranan dözülməz ağrıyla. Səni hər hüceyrəmlə hiss edirəm. Sənin möhkəm çiyninə, müdrik dəstəyinə və səhvsiz məsləhətlərinə çox ehtiyacım var. Sən azsaylı adamlardan idin ki, başqaları susanda daima cavab verirdin.
Uşaq kitabları nəşr etməyə başlayanda başqaları tərəddüd edirdi, amma sən birinci mənə inanmışdın. Buna görə də yeni kitablarımın üz qabıqlarını ilk sənə göndərirdim, bilirdim ki, növbəti uğuruma səmimi, ürəkdən sevinəcəyini görəcəyəm. Səhər saat yeddidə zəng edib mənasız zarafat edə bilərdin, bilə-bilə ki, heç vaxt inciməyəcəyəm və biz sadəcə ürəkdən güləcəyik.
Sənin yoxluğunu çox hiss edirm, çox… Və bu hiss həyatımın acı, amma ayrılmaz bir hissəsinə çevrilib. Bununla yaşamağa məcburam. Amma, Cabir, bilirəm ki, sən bunların hamısını eşidirsən. Sən məni həmişə başa düşmüsən, indi də anlayırsan. Allah rəhmət eləsin".
Könül
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ