Onlayn ictimai-siyasi qəzet
AMEA-da 2020–2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı aparılan cinayət işi üzrə maraqlı faktların üzə çıxdığı bildirilir. Həmin dövrdə AMEA-nın prezidenti olmuş Ramiz Mehdiyev və akademiyanın İşlər idarəsinin müdiri vəzifəsində çalışmış Elton Məmmədov barəsində cinayət işi açıldığı və istintaq işlərinin aparıldığı qeyd olunur. Hazırda Ramiz Mehdiyev haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Musavat.com xəbər verir ki, Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov deyilən faktlarla bağlı Manset.az-ın suallarını cavablandırıb.
- Sizin korrupsiya faktları ilə bağlı ittiham olunduğunuz deyilir. 3 milyon manat yeyinti ilə bağlı istintaqa cəlb edildiyiniz bildilir.
- Məni kim ittiham edir? Yalan söhbətdir. Mən bu faktlarla bağlı ifadə verməmişəm, heç bir istintaqa da çağırılmamışam. Bu məlumatlar yalandır.
- Sizin Ramiz Mehdiyevlə yaxınlığınız hansı səviyyədə olub?
- Mən ölkə rəhbərinə sadiq insan olmuşam, həmişə onun siyasətini dəstəkləmişəm. Başqa adama xidmət etməmişəm. Mövqeyimi 2021-ci ildə bildirmişəm. 2022-ci ilin yanvar–fevral aylarında danışmışam. Ramiz Mehdiyev işlədiyi dövrdə ona ən sərt fikrimi bildirmişəm. Bu məsələlərə hüquqi qiyməti hüquq-mühafizə orqanları və qərar qəbul edən məhkəmə verəcək. Düşünürəm ki, bu məsələlərə də hüquqi qiymət veriləcək.
- Sizin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq zamanı 3 milyon manata yaxın məbləği mənimsədiyiniz, maliyyə pozuntularına yol verdiyiniz, bunu təsdiq edən sənədlər və digər sübutların iş materiallarına əlavə olunduğu bildirilir. Sonradan yeyinti olan məbləğin istintaq müddətində geri qaytarıldığı da qeyd edilir. Bu barədə nə deyə bilərsiniz?
- Mən milyonlarla manat vəsaiti mənimsəməmişəm. Belə bir fakt yoxdur. Bunlar hamısı yalan məlumatdır. Xahiş edirəm, ictimaiyyəti yalnış fikirlərlə çaşbaş salmayın. Mən özüm barədə deyə bilərəm ki, heç bir qanun pozuntusuna yol verməmişəm. AMEA müqəddəs elm ocağıdır, 80 illik yubileyidir. Hamı bu ocağa müqəddəs gözüylə baxmalıdır.
- Siz hal-hazırda AMEA-da çalışırsınız? Hansı vəzifədəsiniz?
- Bəli, mən hazırda AMEA-da çalışıram. Sosial xidmətlər şöbəsinin müdiriyəm. Ona görə də hüquqi dövlətdə hər şey qanun çərçivəsində həll olunacaq. Nə qədər sağlam məlumatlar ötürülsə, ictimaiyyət də sağlam məlumatlar alar.
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ