İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Gürcüstanı “dostcasına” cəzalandırdı – Qanunda Çin, Rusiya, İran da var

ABŞ Nümayəndələr Palatası Gürcüstanla bağlı “MEGOBARİ Act” adlanan qanun layihəsini qəbul edib.

MEGOBARİ akronimi qanunun adındakı sözlərin baş hərflərini ifadə edir (Mobilizing and Enhancing Georgia’s Options for Building Accountability, Resilience and Independence) və gürcü dilində dost deməkdir. Qanunun digər adı “Çin Kommunist Partiyası, İran rejimi və Rusiya Federasiyasının Gürcüstandakı təsirinə qarşı mübarizə Aktı”dır”.

Musavat.com bildirir ki, bu barədə siyasi şərhçi Şahin Cəfərli deyib.

CEFERLİ.jpg (176 KB)

O qeyd edib ki, ikipartiyalı təşəbbüs olan layihə 349 lehinə, 42 səs əleyhinə olmaqla qəbul edilib:

“Qanun ABŞ-ın Gürcüstanda demokratik dəyərləri, insan haqlarını və qanunun aliliyini qorumaq siyasətini bəyan edir, ABŞ maraqları baxımından demokratiyanın gücləndirilməsinin vacibliyini vurğulayır. Sənəddə aşağıdakı vacib məqamlar var:

- Gürcüstanda son demokratik geriləmələrə cavab olaraq, Gürcüstan hökuməti, eləcə də onun Rusiya və digər avtoritar rejimlərlə əlaqələri üzərində nəzarətin gücləndirilməsi;

- Gürcüstanda Rusiya maraqlarının müdafiəsinə və onun sanksiyalardan yayınmasına yönəlmiş korrupsiya əməlləri haqqında hesabatlar hazırlanması;

- Rusiya kəşfiyyatının Gürcüstana nüfuz etməsi və hökumətin Çinlə əməkdaşlığı haqqında qiymətləndirmə aparılması;

- Azad və ədalətli seçki proseslərinin təmin edilməsi məqsədilə Gürcüstanda demokratik mühitin monitorinqi və təşviqi üçün işçi qrupun yaradılması;

- Avroatlantik yoldan saparaq korrupsiyaya bulaşan, Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən “Gürcü Arzusu” Partiyasının rəsmi şəxslərinə və onların ortaqlarına qarşı sanksiyaların tətbiqi üçün ABŞ prezidentinin üzərinə öhdəlik qoyulması;

- Gürcü xalqını və Konstitusiyasını “Gürcü Arzusu” hökumətinin sui-istifadə hallarından müdafiə edən vətəndaş cəmiyyətinə dəstək verilməsi və s...

Gürcüstan hökuməti indiki siyasətindən vaz keçib, demokratikləşmə yoluna qayıdarsa, qanun aşağıdakı üstünlükləri nəzərdə tutur:

- Gürcüstanla imtiyazlı ticarət sazişi imzalamaq üçün danışıqların başlanması;

- Viza rejiminin yumşaldılması və mübadilə proqramlarının genişləndirilməsi;

- Gürcüstan üçün iqtisadi dəstək və modernizasiya paketinin işlənib hazırlanması;

- Müdafiə və təhlükəsizlk sahəsində dəstək.

Qanun layihəsi Senatın ümumi iclasında da qəbul olunduqdan sonra imzalanmaq üçün prezidentə göndəriləcək”.

Şahin Cəfərli bildirib ki, ABŞ-dakı seçkilərdən sonra İvanişvili hökuməti Tramp prezidentliyə başladıqdan sonra Gürcüstana münasibətin dəyişəcəyinə ümidli idi:

““Gürcü Arzusu”nun liderləri dəyərlər zəminində Trampla yaxınlıqlarına güvənərək onun bütün problemlərin səbəbkarı hesab etdikləri “dərin dövlət”lə mübarizəyə başlayaraq bu gözəgörünməz gücü məğlub edəcəyinə inandıqlarını söyləyirdilər:

"Lakin Tramp gəldikdən sonra Gürcüstana münasibət dəyişmədi, Bayden dövründə İvanişvili başda olmaqla bəzi “Gürcü Arzusu” mənsublarına tətbiq olunmuş sanksiyalar ləğv olunmadı:

"Ötən ay Dövlət Departamentindən verilən yazılı açıqlamada bildirildi ki, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün Gürcüstanın hansı addımları atmalı olduğu məlumdur və bu addımlar daha əvvəl dəqiq müəyyənləşdirilib.

İndi qəbul olunmuş “MEGOBARİ Act” (qətnamə yox, məhz qanundur) ABŞ-Gürcüstan münasibətlərinin çərçivəsini müəyyən edir. Gürcüstan hökuməti ABŞ-la əlaqələrin istiləşməsini istəyirsə, bu çərçivəyə uyğun siyasət aparmalıdır.

Gürcüstan eyni anda həm ABŞ, həm də Avropa İttifaqı ilə əlaqələrdəki bu gərginliyi uzun müddət davam etdirə bilməz. Hələlik 2 amil “Gürcü Arzusu”na manevr imkanları verir: birincisi, Tramp administrasiyası üçün Cənubi Qafqazın prioritetlər sıralamasında olmaması və onların Gürcüstanda yaranmış vəziyyətə hələ ki, “həlli vacib problem” kimi baxmaması; ikincisi, Gürcüstan müxalifətinin fərsizliyi və lider problemi”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

06 May 2025

BÜTÜN XƏBƏRLƏR