İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Qahirə planı: Qəzza üçün "oyun qurucu" platforması?

Məlum olduğu kimi, Misir hökuməti ABŞ-ın dəstəyi ilə Qəzza üzrə beynəlxalq sülh forumu keçirməyə hazırlaşır. Qahirədə baş tutacaq tədbirdə dünyanın müxtəlif bölgələrindən nümayəndə heyətləri iştirak edəcək.

Forumda İspaniya, Yaponiya, Azərbaycan, Ermənistan, Macarıstan, Hindistan, Salvador, Kipr, Yunanıstan, Bəhreyn, Küveyt və Kanada təmsil olunacaq. Eyni zamanda, Böyük Britaniya, Almaniya, Fransa, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və İndoneziyadan yüksək səviyyəli diplomatların iştirakı gözlənilir.

Bu, Qəzza münaqişəsinə dair son illərin ən geniş tərkibli diplomatik toplantısı hesab olunur.

Lakin ən maraqlı detal - danışıqlara münaqişənin birbaşa tərəfləri olan İsrail və HƏMAS-ın dəvət edilməməsidir. Forumun təşkilatçıları hesab edirlər ki, bu iki tərəfin iştirakı "açıq və azad dialoqa maneə" yarada bilər.

Ancaq paradoks ondadır ki, məhz bu iki qüvvə olmadan Qəzza sülhü haqqında real qərar vermək mümkün deyil. Siyasi müşahidəçilər bunu "sülhsüz sülh prosesi" adlandırır. Bir çox analitiklərin fikrincə, Qahirə bu addımla ilk növbədə beynəlxalq konsensus yaratmağa, daha sonra isə münaqişə tərəflərini mərhələli şəkildə prosesə daxil etməyə çalışır. Belə ki, Qahirə uzun illərdir Fələstin məsələsində əsas vasitəçi rolunu qorumağa çalışır. Lakin son illərdə bu missiya Qətər və Türkiyə kimi regional güclərin fəallaşması fonunda zəifləyib. İndi Misir bu forumla vasitəçilik meydanına yenidən qayıtmaq niyyətindədir.

O da məlumdur ki, əslində, forumun arxasında ABŞ-ın diplomatik dəstəyi dayanır. Vaşinqton bu yolla həm Yaxın Şərqdəki təsirini bərpa etməyə, həm də Qəzza münaqişəsinin "yönləndirilmiş sülh" mərhələsinə keçidini təmin etməyə çalışır.

Forumda iştirak edən ölkələr sırasında Azərbaycanın da adının olmasına gəldikdə, ekspertlər hesab edirlər ki, bu, Bakının beynəlxalq dialoq proseslərində artan etimadının göstəricisidir. Azərbaycan son illərdə həm müsəlman dünyasında, həm də Qərblə münasibətlərdə neytral, praqmatik və balanslı mövqe nümayiş etdirir.

Bəs görəsən, Qəzza üçün ədalətli sülh modeli formalaşacaqmı? ABŞ bu prosesdə vasitəçi, yoxsa oyun qurucusudur?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb.

ZEYNAL .png (200 KB)

Politoloqun fikrincə, Misirdə keçiriləcək danışıqlar, Qəzza məsələsi ilə bağlı aparılacaq müzakirələr sadəcə olaraq beynəlxalq platformanın yaradılması məqsədi daşıyır:

"Yəni böyük ehtimalla, ilkin mərhələdə əsas məqsəd beynəlxalq platformanın qurulmasıdır və bundan sonra həmin platformadan dəstək alınaraq İsrail və HƏMAS arasında sülhün əldə olunması üçün proses başlayacaq.

Əslində, ABŞ və digər vasitəçi ölkələrin məqsədi münaqişənin həlli üçün mühüm əhəmiyyətli platforma yaratmaqdır. Bu platforma vasitəsilə məsələ beynəlxalq müstəviyə çıxarılacaq və bir çox ölkə prosesə cəlb olunmaqla sülh yaratma təşəbbüsünü irəli aparacaq. Məqsəd də məhz budur".

Zeynal Əmrəliyevin sözlərinə əsasən, bu, həm də onu göstərir ki, BMT artıq öz funksiyasını tam yerinə yetirə bilmir və faktiki olaraq beynəlxalq siyasət bir neçə dövlətin əlində cəmləşib. Onlardan biri isə Azərbaycanın özü görünür:

"Azərbaycanın həmin tədbirə dəvət edilməsi ölkəmizin yalnız öz regionunda deyil, eyni zamanda Yaxın Şərqdə də söz sahibi olduğunu nümayiş etdirir. Ölkəmiz artıq aktiv şəkildə bu kimi beynəlxalq münaqişələrin həlli istiqamətində addımlar atır. Qarabağ məsələsi həll olunduqdan sonra Azərbaycan kifayət qədər güclü miqyasda digər beynəlxalq münaqişələrin həlli istiqamətində mühüm təşəbbüslər həyata keçirir. Cənab Prezidentin rəhbərliyi altında ölkəmizin Qoşulmama Hərəkatındakı güclü mövqeyi və COP29 layihəsi çərçivəsində irəli sürdüyü təşəbbüslər Azərbaycanı beynəlxalq münaqişələrin həllində əsas söz sahibi olan ölkələrdən birinə çevirib.

Beləliklə, Misirdə iştirak edəcək dövlətlərin əsas vəzifəsi məhz beynəlxalq platformanın yaradılmasıdır. Bu platforma gələcəkdə Qəzzadakı proseslərə də böyük dəstək verə bilər. Növbəti mərhələdə isə münaqişə tərəfləri olan İsrail və HƏMAS da danışıqlara çağırılacaq".

Xalidə GƏRAY
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR