Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp dünya gündəmini dəyişəcək nəhəng bir plan açıqlayıb. Tramp bildirir ki, “Qızıl Qübbə” adlı yeni nəsil raketdən müdafiə sistemi layihəsi ABŞ-ı havadan, dənizdən və hətta kosmosdan gələcək bütün təhdidlərdən qorumaq üçün hazırlanır.
Musavat.com xəbər verir ki, Tramp “Qızıl Qübbə” sisteminin ballistik və qanadlı raketlər də daxil olmaqla, hipersəs silahları və orbitdən atıla bilən döyüş başlıqlarına qarşı hazırlanan çoxsəviyyəli müdafiə platforması olacağını açıqlayıb. Ağ Ev bu cür hücumları “ABŞ üçün ən fəlakətli təhlükə” adlandırır. Yeni sistem İsrailin “Dəmir Qübbə”sindən ilhamlansa da, Tramp bildirir ki, ABŞ-ın “Qızıl Qübbə”si ondan dəfələrlə böyük və təsirli olacaq.
Layihəyə nəzarət ABŞ Kosmik Qüvvələrinin rəhbərliyinə həvalə olunub. Prezident Tramp general Michael Guetlin-in bu nəhəng texnoloji proqramın icrasına başçılıq edəcəyini bildirib. Müdafiə sisteminin əsasını “kosmik əsaslı sensorlar və interceptorlar” – yəni orbitdə yerləşdirilmiş aşkarlayıcı və zərərsizləşdirici sistemlər təşkil edəcək. Trampın dediyinə görə, Kanada da bu sistemin bir hissəsi olmaq istəyini bildirib. Kanadanın keçmiş müdafiə naziri Bill Bleyr “ölkəmizin maraqları üçün bu layihədə iştirak etməliyik” deyə bəyanat verib. O bildirib ki, xüsusilə Arktikadan gələn təhlükələrə qarşı məlumatlı olmaq Kanadanın milli təhlükəsizliyi üçün vacibdir. Layihənin ilkin maliyyələşməsi üçün 250 milyard dollar ayrılıb. Tramp bu vəsaitin yeni “gözəl vergi qanunu” çərçivəsində təmin ediləcəyini deyib. Amma həmin qanun hələ qəbul edilməyib. ABŞ Konqresinin Büdcə Ofisinin hesablamalarına görə isə, yalnız kosmosda yerləşdiriləcək sistemlərin maliyyə yükü 20 il ərzində 542 milyard dollara qədər arta bilər. Mütəxəssislər bildirir ki, ABŞ-ın hazırkı müdafiə sistemləri Rusiya və Çin kimi ölkələrin getdikcə daha da inkişaf etdirdiyi raket texnologiyasına qarşı effektiv deyil. Müdafiə Kəşfiyyat Agentliyinin sənədlərində də qeyd olunur ki, bu ölkələr ABŞ-ın sistemindəki “boşluqlardan istifadə etmək” üçün öz strateji planlarını qururlar. Fraksiyalı Orbital Bombardman Sistemi (Phobos) kimi kosmik silahlar artıq real təhdid hesab olunur.
Tramp iddia edir ki, bu raketlərin hamısı səmada zərərsizləşdiriləcək. “Müvəffəqiyyət nisbəti 100 faizə çox yaxındır”, -deyə Tramp bildirib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ