İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ paytaxtında təhlükə siqnalı – Tramp hərbi müdaxilə planı qurur

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton şəhərində artan cinayət hallarına görə Milli Qvardiya qüvvələrinin cəlb edilməsini nəzərdən keçirir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

“Bəli, biz bunu nəzərdən keçiririk, çünki Vaşinqtonda cinayətlərin sayı inanılmaz dərəcədə yüksəkdir. Şəhəri abadlaşdırmaq, gözəlləşdirmək istəyirik. Bu isə ehtimal ki, yaxın vaxtlarda Milli Qvardiyanın ora göndərilməsini də əhatə edəcək”, – deyə Tramp jurnalistlərə bildirib.

Trampın sözlərinə görə, Vaşinqtonun küçələri zibillidir, binalar divar yazıları ilə örtülüb, yollar isə bərbad vəziyyətdədir. “Biz istəyirik ki, paytaxt güclü və təhlükəsiz olsun. Bunun üçün təmizlik və digər tədbirlər vacibdir”, – deyə o qeyd edib.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə “Politico” qəzetinə açıqlamasında bildirib ki, Vaşinqton gözəl şəhər olsa da, uzun müddətdir ki, cinayətkarlığın hökm sürdüyü bir məkana çevrilib.

“Politico” yazır ki, Tramp bu fikirləri Vaşinqtonda bir qrup yeniyetmənin 19 yaşlı administrasiya əməkdaşı Edvard Koristini döyüb soyduqdan sonra səsləndirib. Hadisəyə reaksiya olaraq Tramp paytaxtda cinayətkarlığın nəzarətdən çıxdığını, gənclərdən ibarət dəstələrin əhalini qorxutmadan, azadlığa buraxılacaqlarına əmin olaraq hücuma məruz qoyduqlarını vurğulayıb.

Qəzetin məlumatına görə, Tramp paytaxt üzərində nəzarətin gücləndirilməsi ideyasını irəli sürərək şəhərin birbaşa federal idarəetməyə verilməsini təklif edib. Hazırda bu məsələnin hüquqi tərəfləri ABŞ administrasiyasının müvafiq qurumları tərəfindən araşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR