Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması XXI əsrin ilk onilliyindən etibarən, beynəlxalq gündəmdə strateji əhəmiyyət kəsb edən mövzuların sırasına daxildir. Bu regionda uzun onilliklər boyu davam etmiş münaqişənin aktiv fazası 2020-ci ildə Azərbaycanın Ermənistan üzərində tarixi hərbi zəfəri ilə nəticələnib. Ondan sonrakı mərhələdə isə Azərbaycan və Ermənistan arasında məhz ikitərəfli formatda birbaşa təmaslar sayəsində yekun sülh sazişinin mətni tam şəkildə razılaşdırılıb. Və bu, Cənubi Qafqazda geopolitik maraqları olan kənar güclərin müdaxiləsi olmadan sülh prosesinin daha effektiv nəticələr verdiyini təsdiqləyir.
Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın dövlət katibi Marko Rubionun bu regiona yönəlik son açıqlamalarl mövcud pozitiv geopolitik dinamikanın xarici müdaxilə ilə yeni istiqamətlərə yönələ biləcəyi ilə bağlı ehtimalı tədricən ön plana çıxarır. Belə ki, dövlət katibi Marko Rubio ABŞ Konqresində keçirilən dinləmələrdə Ermənistan və Azərbaycan arasında yeni münaqişə riskinin real olduğunu bildirib. Ağ Ev rəsmisi ABŞ-ın əsas diqqətinin hazırda Azərbaycan və Ermənistan arasında sülhün baş tutmasına yönəldiyini dı vurğulayıb.
ABŞ dövlət katibi bildirib ki, Ağ Evin qarşısını almağa çalışdığı real bir münaqişə riski mövcuddur. Onun fikrincə, Ağ Ev hazırda bu silahlı toqquşma riskinin qarşısını almaq üçün çox fəal şəkildə nələrsə etməyə çalışır. Marko Rubio onu da əlavə edib ki, bu danışıqlar kontekstində Azərbaycanla bağlı məhbuslar və insan hüquqları məsələləri həlledici əhəmiyyət kəsb edir. 907-ci düzəlişin dayandırılması ilə bağlı mövqeyi barədə suala cavab olaraq isə o, bildirib ki, Tramp administrasiyası bu məsələ ilə bağlı hələlik yekun qərar qəbul etməyib. Və bu, ən azından, ermənipərəst mövqeyi ilə tanınan ABŞ dövlət katibi Marko Rubionun qətiyyən tərifsiz olmadığını açıq-aşkar biruzə verir.
Maraqlıdır ki, ABŞ-ın Cənubi Qafqaz siyasəti post-sovet dövründə daha çox enerji təhlükəsizliyi və Rusiya təsirinin neytrallaşdırılması kontekstində formalaşıb. Bayden administrasiyası dövründə isə Ermənistanla ifrat yaxınlaşma və Konqresdə erməni lobbisinin güclü təsiri, ABŞ-ın regional siyasətində tərəfli mövqe tutmasını şərtləndirib. Və indi Marko Rubionun Ermənistan və Azərbaycan arasında “münaqişə riski”ni qabartması, ABŞ-ın fəal işlədiyini bildirməsi, Ağ Evin bu regionda yeni geopolitik hədəflərindən xəbər verir.
Ancaq hazırda Azərbaycan və Ermənistan arasında sülh prosesi əsasən birbaşa təmaslara əsaslanır. Bu format, prosesə daha az siyasi manipulyasiya və daha çox reallığa əsaslanan müzakirə imkanı yaradır. ABŞ-ın bu şəraitdə təşəbbüsü ələ almaq cəhdi, sülh prosesini yenidən qəlizləşdirə və kənar geopolitik maraqların girovuna çevirə bilər. Belə ki, bu, Azərbaycan və Ermənistan arasında yenicə yaranmaqda olan etimad mühitini zədələyər. Rusiya və İran kimi regional güclərin sərt reaksiya vermə ehtimalını da artırar.
Digər tərəfdən ABŞ-ın “tərəfsiz moderator” potensialı da ciddi şübhə altındadır. Çünki Bayden administrasiyası dövründə Ağ Ev birmənalı şəkildə ermənipərəst mövqedən çıxış edib. İndi Cənubi Qafqazda münaqişə riski icad edən dövlət katibi Marko Rubionun da ermənipərəst olması ABŞ-ın vasitəçilik missiyasının tərəflərdən biri - Azərbaycan üçün qeyri-obyektiv məzmun daşıya biləcəyi ilə bağlı ehtimalı gücləndirir.
Çünki dövlət katibi Marko Rubionun açıqlamasında “insan hüquqları” və “907-ci düzəlişin dayandırılması” məsələlərinin qeyd edilməsi, ABŞ-ın Cənubi Qafqazda yalnız sülh təşəbbüsü kontekstində deyil, təzyiq alətləri ilə mövqe tutmaq niyyətində olduğunu göstərir. Bu isə Azərbaycan üçün sülh prosesinin milli təhlükəsiz və suveren hüquqlar çərçivəsində inkişaf istiqamətlərindən uzaqlaşdırma ehtimalının ön plana keçmə anlamı daşıya bilər.
Eyni zamanda, dövlət katibi Marko Rubionun açıqlaması yenidən Rusiyanın orbitinə geri dönüş mesajları verən Ermənistanın Qərb inteqrasiya kursuna daha sıx bağlanmasına yönəlik siyasi-diplomatik zəmin hazırlamaq məqsədi də daşıyır. Ona görə də, erməni lobbisinin və ermənipərəst dövlət katibinin manevrləri ilə ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesinə fəal müdaxilə etməsi, Ağ Evin sülhə dəstək vermısindən daha çox, yeni geopolitik risklərin yaranmasına yol açması ilə nəticələnə bilər.
Çünki Cənubi Qafqaz regionu müxtəlif qlobal güc mərkəzlərinin maraq dairəsində yerləşdiyindən, hər hansı kənar kobud müdaxilə geopolitik balansı pozmaqla yanaşı, lokal sabitliyi də təhlükə altına sala biləcək faktordur. Bu baxımdan, sülh prosesi daha çox regional sahibliyə əsaslanmalı, ABŞ və digər qlobal aktorlar isə bu prosesi dəstəkləyici və texniki vasitəçilik formatında müşayiət etməlidirlər. Əks təqdirdə, sülh prosesinin yenidən ikitərəfli təmaslar formatından çıxarılıb qəlizləşdirilməsi, uzunmüddətli sabitlik əvəzinə, daha ağır hərbi-siyasi qarşıdurma mühitinin yaranmasına səbəb ola bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
22 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ