İnsanlara hürriyət, millətlərə istiqlal!

Adnan Əhmədzadə DTX-də ilk gecəsini belə keçirib – BÜTÜN DETALLAR AÇIQLANDI

Azərbaycanın neft ticarəti maqnatı, SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) daxilində neft satışı ilə əlaqəli müxtəlif mühüm vəzifələrdə çalışmış Adnan Əhmədzadənin həbsi gündəmin əsas mövzularındandır. Parlaq sosial həyatı ilə seçilən yoldaşının qəfildən müqəddəs Qurani-Kərimə müraciət etməsindən tutmuş, Adnan Əhmədzadəyə aid hər bir detal incələnir, olub-olmayanlar müzakirə edilir, ciddi şəkildə təftiş olunur.

Bilinən odur ki, Azərbaycan neftini xaricdə satan bacarıqlı menecer Adnan Əhmədzadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən Bakıda keçirilən beynəlxalq tədbir zamanı saxlanılıb və Səbayel Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qərarı seçilib.
Çox ciddi ittihamlarla üz-üzə qalan Adnan Əhmədzadə hazırda DTX İstintaq Təcridxanasında saxlanılır.
Bəs lüks həyat tərzi ilə diqqət çəkən Adnan Əhmədzadənin həsbdəki ilk günləri necə keçir?
Bu barədə həmin təcridxananın havasını udmuş, orada günlərini yaşamış araşdırmaçı-jurnalist Pərviz Həşimli ilə söhbətləşdik.

Musavat.com müsahibəni təqdim edir:

-Pərviz bəy, siz də vaxtilə DTX-nın təcridxanasında olmusunuz. İlk günlər necə keçir? Adnan Əhmədzadəni orada nələr gözləyir?

-Açığını deyim, təcridxanaya düşən hər kəs ilk gündən sarsıntı yaşayır. Adnan Əhmədzadə də istisna deyil. O, Prezidentdən medal almış, Messi kimi dünya ulduzunu Bakıya gətirmiş, özünü toxunulmaz bilmiş bir adam idi. Belələri həbsə psixoloji baxımdan hazır olmur. Ona görə də təcridxanaya “sönmüş” vəziyyətdə daxil olur. Bir neçə saat istintaq otağında və ya rəhbərlikdən kiminsə qarşısında sorğu-sualdan keçir. Ancaq son mərtəbəyə - təcridxana qatına qalxanda həqiqətlə üzləşir. Burada onun üzünə taybatay açılan İtaliya istehsalı olan dəbdəbəli qapılar yox, iri, dəmir qapılar şaqılldayır. Və həmin səs ömrü boyu qulağında qalır.

-İlk təmas necə olur? Orada nəzarətçilər məhkumu necə qarşılayır?

-Çox soyuqqanlı şəkildə. Mənim özümün də qulağımda qalan sözlər var: “Niyə tutulmusan, günahın var, yaxud yoxdur - bizə aidiyyəti yoxdur. Burada bütün qaydalara əməl etməlisən”.

Bu cümləni Adnana da deyiblər. Sonra əllərini qaldırıb yoxlanışdan keçir, kəmərini, ayaqqabı kəndirini, cibindəki hər şeyi alırlar.

-Kamera şəraiti necədir? O dəbdəbədən sonra belə bir məkana düşmək…

-Böyük ehtimalla təkadamlıq kameraya salınıb. İçəridə beton masa, dəmir oturacaq, açıq unitaz, su kranı, yuxarıda əl çatmayan pəncərə… Başını qaldıranda ora baxırsan. Ağıldan intihar fikirləri keçir, Adnanın da ağlından keçib. Amma sonradan öyrənirsən ki, pəncərənin şüşəsi sadəcə şəffaf plastikdir. Yəni sındırıb, özünü doğramaq imkanın da yoxdur. O pəncərədən çox vaxt göyərçinlər görünür. Gecələr isə Alov Qüllələrinin işıqları qərib bir təəssürat yaradır.

-Yemək məsələsi necədir?

-Ən ağır məqam da odur. İlk dəfə alüminium boşqab və stəkan verirlər. Mən təəccüblənmişdim, hətta soruşmuşdum ki, bu nədir, yeməyi bunda yeyirlər? Adnan yəqin ki, sual vermədən qəbul edib. Axşam yeməyi o qədər boğazdan keçmir. Səhər isə bir çömçə manna. Kasa isti olduğundan əlini yandırır. Eləcə də çay. 1-2 saniyə masaya qoymasan, əlin qışqıracaq qədər yanır. İlk günlər heç nə boğazdan keçmir. Amma insan hər şeyə alışır.

-O psixoloji basqı necə keçir? İlk günlərdə məhkumu nə müşayiət edir?

-İlk gecə yata bilmirsən. Gözünü yumursan, uşaqların, ailən gözünün önünə gəlir. Düşünürsən ki, həyat bitdi. Arada nəzarətçi pəncərədən baxır, səni izləyir. Təhlükəsizlik üçün yeni gələn məhkumu səhərə kimi güdərlər. “Odboy” olanda uzanırsan, amma yatmaq mümkün deyil. Səhərə yaxın yuxu aparır, amma çox çəkmir - saat 6-da “qalx” komandası ilə oyanırsan. Bu da yeni bir həyatın başlanğıcı olur.

-Demək olar ki, bu, həm də Adnan Əhmədzadənin ən ağır həyat dərsidir?

-Tamamilə. Təcridxana hər kəsə dərsdir. İstər ölkə başçıları ilə şəkil çəkdirən olsun, istər ən zəngin iş adamı… O qapının arxasında hamı eynidir. Adnanın ilk günü də belə keçib. İndi isə onu uzun və ağır günlər gözləyir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR