Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi Gürcüstanın Marneuli (Sarvan) şəhərində azərbaycanlı azyaşlıya qarşı xoşagəlməz hadisə baş verib. Meriya əməkdaşı Tornike Mtvarelidze və Marneuli sakrebulo (bələdiyyə şurası) sədr müavininin 27 yaşlı oğlu Mamuka Gigani yeniyetməni şirniyyat mağazasından qovaraq ona “öz ölkənə qayıt” deyiblər. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Mamuka Gigani gürcü dilini bilmədiyi üçün azərbaycanlı uşağı döyməkdə ittiham olunur və artıq saxlanılıb.
Aqressor Mamuka Gigani
Musavat.com Tiflisdə yaşayan Azərbaycan kökənli ictimai fəal, hüquq müdafiəçisi Samirə Bayramova ilə baş verənləri müzakirə edib:
-Samirə xanım, yaşananlarla bağlı hansı məlumatlara sahibsiniz?
-Hadisə Marneuli şəhərində baş verib. Döyülən yeniyetmənin 17 yaşı var və şirniyyat mağazasında satıcı işləyir. İki nəfər gürcü (Tornike Mtvarelidze və Mamuka Gigani) mağazaya girib, ondan söz soruşub, o isə azərbaycan dilində cavab verib. Bundan qıcıqlanan hər iki şəxs əvvəlcə onu təhqir edib, sonra isə döyüblər. Deyiblər ki, niyə gürcü dilində danışmırsan. Bu şəxslər özlərini Marneulidə reket kimi aparırlar və fikirləşirlər ki, hamı ilə istədikləri kimi davrana bilərlər. Mamuka Gigani iki həftə bundan öncə də bir azərbaycanlının üzərinə bıçaqla getmişdi. Onun qardaşı da polis işləyir deyə heç kimi saymır. Beləliklə, hadisə belə bir fonda baş verib və sonradan insanların əraziyə gəlişi ilə səs-küy yaranıb. Əraziyə polis və Gürcüstan parlamentində fəaliyyət göstərən azərbaycanlı deputat gəlib. Lakin onların heç biri reaksiya verməyib, sadəcə kənardan durub baxıblar. Mamuka Gigani isə şəhərdə qışqırıb, ona-buna hücum edirmiş. Yalnız hadisənin səhəri günü camaatın və medianın təzyiqi ilə polis onu saxlayıb.
Yeniyetmə ilə bağlı baş verənlər ilk hal deyil. Azərbaycanlılara qarşı daima təzyiq göstərilir, vəhşicəsinə davranılır. Bu günə kimi hüquq-mühafizə orqanlarının əməkdaşları heç bir tədbir görməyib. Hazırda polis, yerli idarəetmə və oğru aləminin nümayəndələri tərəfindən 17 yaşlı oğlanın ailəsinə qarşı təzyiq göstərilir ki, şikayət ərizəsini geri götürsün. O adamın azadlığa buraxılması üçün yeniyetmənin ailə üzvlərini təhdid edirlər. Polis onları məcburi şəkildə idarəyə aparıb və məcburi qaydada imza atdırıb ki, şəxsin azadlığa çıxması üçün etiraz etmirlər. Onlara deyiblər ki, məhkəmə olan zaman geri çəkilməsələr, çox böyük problemləri yaranacaq.
Yeniyetmənin atası əlildir, anası isə işləmir. Yeniyetmə satıcılıq etməklə ailəni dolandırır. Bu, nə ilk, nə də son haldır. Burada yaşayan azərbaycanlılara gəlmə kimi baxırlar. Maraqlı burasındadır ki, Azərbaycanın Gürcüstandakı səfirliyi də baş verənlərə reaksiya vermir. Bu ailə müdafiəsiz qalıb.
Samirə Bayramova
-Açıq şəkildə Gürcüstanda yaşayan azərbaycanlıları müdafiə edirsiniz. Baş verən son hadisələri ictimaiyyətə çatdırırsınız. Bununla bağlı sizə təhdidlər olurmu?
-Mən hazırda Tiflisdə yaşayıram. İki ildir buraya köçmüşəm. Çünki Marneulidə mənə böyük təzyiqlər olurdu. Təhlükəsizliyimə görə xüsusi mühafizə proqramından istifadə etmişəm. Çünki azərbaycanlıların hüquqlarını müdafiə etdiyim üçün məni ölümlə təhdid ediblər. Gürcüstanda Rusiyadan maliyyələşən radikal qruplar var. Daima şovinizmlə məşğul olurlar və azərbaycanlılara deyirlər ki, “öz yerinizi bilin, xoşunuza gəlmirsə, vətəninizə qayıdın”. Mən də buna reaksiya verirəm və nəticədə təhdid olunuram.
-Doğurdanmı Gürcüstanda yaşayan soydaşlarımız bu dili bilmir. Problem nədədir?
-Azərbaycanlıların yaşadıqları ərazilərdə bunun üçün şərait yoxdur. Müəllimlər zəifdirlər, dərsliklər keyfiyyətsizdir. Elə məktəb var ki, heç onun pəncərəsi yoxdur. Təhsillə bağlı çox böyük problemlər var və bu, onların gürcü dilini öyrənməsinə mane olur.
Marneulidə işsizlik problemi var. Bu şəhərdə 85 faiz azərbaycanlı yaşayır, lakin onların az bir hissəsi hər hansısa idarədə çalışır. Azərbaycanlıları işə götürmürlər, sosial problemlər çoxdur. Buradakı gənclər çətinliklərə tab gətirə bilmirlər, məcburən xarici ölkələrə üz tuturlar.
Uzun müddətdir ki, “1+4” təhsil proqramı ilə 20 minə yaxın azərbaycanlı təhsil aldı, gürcü dilini öyrəndi. Lakin Gürcüstanda onlara iş olmadı, dəstək göstərilmədi. Ona görə də xaricə işləməyə getdilər.
Şahanə Rəhimli
Musavat.com
22 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ