İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük güzəştlər Azərbaycanda investisiyaları stimullaşdırır

Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkədə 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası icra olunur və artıq növbəti dördillik dövrü - 2027-2030-cu illəri əhatə edən yeni strategiya üçün hazırlıqlar başlayıb. Strategiyanın ən vacib istiqamətlərindən biri ölkənin iqtisadi artımının təmin edilməsidir.

Musavat.com yerli informasiya agentliklərinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Samir Şərifov bildirib.

S.Şərifov vurğulayıb ki, hər hansı iqtisadi artım investisiyasız mümkün deyil.

“İnvestisiyalar həm dövlətin maliyyələşdirdiyi, həm də özəl sektordan gələn olmalıdır. Məqsəd Azərbaycanın son 30 ildə qoyduğu dövlət investisiyalarını daha çox özəl investisiyalarla tamamlayaraq iqtisadi inkişafı sürətləndirməkdir”, - deyə baş nazirin müavini qeyd edib.

Samir Şərifov işgüzar mühitin yaxşılaşdırılması, investorlara əlverişli şəraitin yaradılması istiqamətində görülən tədbirlərdən də danışıb. O bildirib ki, Prezidentin təşəbbüsü ilə yaradılmış Biznes Mühiti üzrə Komissiya biznes icmaları və investorlarla dialoq quraraq vəziyyəti izləyir və zəruri dəyişiklikləri tətbiq edir.

badam.jpeg (279 KB)

Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanda yaradılmış optimal investisiya mühiti xarici investorlar üçün cəlbedicidir.

Deputatın sözlərinə görə, əvvəllər investorları düşündürən bir neçə məsələ artıq həllini tapıb:

“Birincisi, investorları ölkədəki siyasi sabitlik düşündürür. Azərbaycan siyasi sabitliyi təmin olunmuş, müharibəni başa çatdırmış, ərazilərində suverenliyi bərpa etmiş dinamik inkişaf edən ölkədir. Xarici investorları düşündürən ikinci məsələ isə iqtisadiyyatın dayanıqlılığıdır. Bu baxımdan Azərbaycan milli valyutası sabit, xarici dövlət borcu valyuta ehtiyatlarından 15 dəfə aşağı, valyuta ehtiyatları demək olar ki, ÜDM-ə bərabər çox az ölkələrdəndir. Ona görə də iqtisadiyyatımızın dinamikası xarici investorların marağına uyğundur. Digər bir məsələ isə dövlətin yaratdığı sosial və fiziki infrastrukturdur. Belə ki, Azərbaycan nəqliyyat və sosial infrastrukturu müasirləşdirilmiş ölkədir.

Həm də Ələt Azad İqtisadi Zonası özünün daxili qanunvericiliyi ilə tənzimlənməklə investorların sərmayə yatırması üçün çox yaxşı şərait təklif edir. Ölkəmizin ərazisində yaradılmış 9 sənaye parkı, sənaye məhəllələri və aqroparklar investorlara böyük güzəştlər təklif etməklə investisiyaların yatırılmasını stimullaşdırır”.

Deputat diqqətə çatdırıb ki, ölkəmizin ərazisindən keçən Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizləri ölkəmizə investisiya qoyacaq investorlar üçün daha səmərəli daşımaların həyata keçirilməsinə imkan yaradır:

“Beləliklə, Azərbaycan investisiyaların cəlbediciliyi baxımından ən səmərəli ölkələrdəndir. Bu baxımdan son vaxtlar ölkəmizə cəlb olunan xarici investisiyaların artmasını xüsusilə vurğulaya bilərik. Belə ki, qeyri-neft sektorunun şaxələnməsi investisiyaların hesabına baş verir. Ölkəmizin bərpa olunan enerji sektoruna da böyük həcmdə investisiyalar cəlb olunur. Yaxın gələcəkdə ölkəmizin qeyri-neft sektoruna daxil olunacaq investisiyaların həcmlərinin daha da artacağı gözləniləndir. İnvestisiya qoyuluşunun artması iqtisadi artımların dinamikasına müsbət təsir edir. Bu baxımdan Azərbaycan iqtisadiyyatı dinamik inkişaf etməklə rəqabətqabiliyyətli iqtisadiyyata çevrilməkdədir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR