Onlayn ictimai-siyasi qəzet
Rusİyanın ictimai-siyasi, ruhani xadimləri kələfin ucunu itirməkdədirlər.
Onların başqa dərdi yoxmuş kimi, oturub-durub miqrantlarla, “yadellilər”lə mübarizədən danışırlar.
Dünən Rus Pravoslav Kilsəsinin baş keşişi Kirill İvanovun müsəlmanlarla nikahın yasaq olduğunu deməsi, xristianlıq tarixində başqa dindən olan şəxslə nikaha girməkdənsə, ölümü üstün tutan dindar qadınların nümunələrini xatırlatması, necə deyərlər, bardağı daşıran damladır.
Bu, açıq-aşkar kseofobiya, dini zəmində ədavətin qızışdırılması, fitnə-fəsad toxumu səpmək, eləcə də anti-bəşəri çağırışdır.
Dinlərarası nikahın qəbuledilməzliyi məsələsi ötən əsrlərdə qalmışdı, onu yenidən aktuallaşdırmaq sivilizasiyanın geriyə addım atmasıdır.
Adamın yadına ustad Şəhriyarın misraları düşür:
Getmə, tərsa balası, mən də sənə sayə gəlim.
Damənindən yapışım, mən də kəlisayə gəlim.
Ya sən islamı qəbul eylə, mənim dinimə gəl.
Ya da təlim elə, mən məzhəbi-İsayə gəlim.
Bu, o deməkdir ki, bundan əvvəlki əsrlərdə bir dinə mənsub olan gəncin başqa dinlərdən olan həmyaşıdlarıa sevgisinin qarşısında maneə olan dini ehkamlar olub. Bu, “Əsli və Kərəm” dastanında da var, Hüseyn Cavidin “Şeyx Sənan” dramında da. Nəriman Nərimanovun “Bahadır və Sona” əsərində, eləcə də Cəfər Cabbarlının “1905-ci ildə” pyesindi də həmin mövzuya toxunulur.
Ancaq nifrinlə andığımız sovet dövləti bu anti-bəşəri tendensiyanı durdurmuş, dinləri öz siyasətinə tabe etmiş, onun insanların daxili işlərinə, məişətinə qarışmasını məhdudlaşdırmış, din xadimlərinin müvafiq hökmlər verməsini yasaqlamışdı.
Nəticədə sovet dönəmində müxtəlif millətlərdən olan gənclər ayrı-ayrı dinlərə mənsub olmalarına baxmayaraq ailə qurur, yaşayırdılar. Bu nikahlardan sağlam və istedadlı yaradıcı adamlar. İdmançılar, sənətçilər doğulurdu.
“Elini ürküt, axsağından yapış” kimi arxaik “dədə-baba tövsiyəsi” arxa plana keçmişdi. Sovet gəncləri Kalininqraddan Saxalinə, Kuşka və Zəngilandan Arxangelsk və Taymıra qədər azman bir arealda özləri üçün ömür-gün yoldaşı seçir, bu zaman baxmırdılar ki, onlar hansı dindən, məzhəbdəndir.
Bu, əlbəttə ki, Kremlin rusifikasiya siyasətinin tərkib hissəsi idi. Moskva bu yolla müttəfiq respublikalarda özünə sədaqətli kadrlar bazası formalaşdırır, süni “sovet xalqı” yaradırdı. Amma qarışıq nikahların bir yarısı heç də o siyasətin dağıdıcı təsirlərinə məruz qalmırdı.
Müasir Avropa ölkələri fərqli millətlərdən və dinlərdən olanların nikahının yolverilməzliyinə dair tabuları çoxdan qırıb-atıb və “qoca qitə”dəki firavanlığın, tərəqqinin, cazibədarlığın bir səbəbi də çoxkonfessiyalı birgəyaşayışın təmin edilməsidir.
Rusiyanın baş keşişi isə hesab edir ki, dinlərarası nikah məsələsi ölkədə “tam aktualdır”. O, müsəlman miqrantların yerli qızlarla evlənməsinin Rusiyanı gələcəkdə İslam ölkəsinə çevirəcəyini düşünür və iddia edir ki, müsəlmanların belə bir planı var.
İşə baxın, dünənə qədər müsəlman respublikalarda belə bir əndişə vardı ki, Moskva bu ölkələrin say-seçmə oğullarını RF-nin ucsuz-bucaqsız ərazisindəki şəhər və qəsəbələrə cəlb edir və onlardan “zavod kələsi” kimi, demoqrafik balansı qorumaq üçün yararlanır. İndi isə rus keşiş əksini düşünür, iddia edir ki, rus qadınların doğduğu körpələr müsəlmanların sayını artırır.
Halbuki dinlərarası nikahların tam əksəriyyətində əsas məsələ “din-məzhəb yaymaq” deyil. Bir-birinin xoşuna gələn gənclər, sadəcə, birlikdə yaşamaq, xoşbəxt olmaq istəyirlər.
Ancaq bu məsələyə din və milli genefond prizmasından yanaşmaq, gerçəkdən də, neonasizmin, irqçiliyin tam özüdür.
Bir daha təsdiq olunur ki, sovet hökuməti dinləri bəlli bir çərçivədə saxlamaqla xalqlar dostluğunu təmin edir, onların bir ölkədə yaşayan müxtəlif xalqlar və icmalar arasaında milli, dini nifaq salmasının qarşısını alırmış. Özbaşına qoyanda belə olur: bir məzhəb şahmat oynamağı yasaqlayır, biri mini-futbol oyunundakı fiqurların başını götürməyi (bütpərəstliyə işarə, islama zidd olduğu üçün) tövsiyə edir, o biri başqa dindən olanlara “könül verməyi” haram sayır və s.
Din əqidə məsələsidir. İnsan oğlunun əqidəsində başqa insanlara nifrət və ya onları qəbuletməzlik hiss ola bilməz. Varsa, o əqidədə problem var. Məsələyə “bütün insanlar qardaşdır” prinsipindən yanaşmaq lazımdır.
Başqa vaxt “bütün insanları Allah yaradıb, Allahın yaratdığı bütün canlılar mükəmməldir” demirlərmi, bəs bu qədər ayrı-seçkilik təşəbbüsləri haradan gəlir?
Ondan da keçən yerdə, başqa dindən və millətdən olan şəxslərlə ailə qurmaq ilk növbədə ruslara lazımdır. Onlar ilbəil azalır və cırlaşırlar, yalnız metislərin çoxalması hesabına RF ərazisində etnik çoxluq olmaq statuslarını qoruya bilərlər.
Son illərdə aparılan millətçilik təbliğatı qara keşişlərin beyinlərini o qədər kütləşdirib ki, bu adi gerçəyi dərk etmirlər və ətrafa mədəni dünyanın qəbul etmədiyi ideyalar püskürürlər.
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ