Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın son illərdə keçirilən korrupsiya təmizləmə əməliyyatlarının ən yüksək ranqlı “qurbanlarından” biri Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov məhkəmə proseslərində gözlənilməz manevr edib.
Musavat.com xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun rəhbərliyi ilə Alimpaşa Məmmədovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Məhkəmədə Alimpaşa Məmmədov kassasiya şikayətini geri götürməsi elan olunub. Eks başçı şikayətini gələcəkdə yenidən əlavələr etməklə verəcəyini açıqlayıb. Alimpaşa Məmmədovun Ali Məhkəmədə kassasiya şikayətini geri götürməsi gizli planın başlanğıcı kimi görünür. Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılmış, külli miqdarda rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət yolu ilə əldə edilmiş gəlirləri leqallaşdırma maddələri ilə ittiham olunmuşdu. Gəncə Ağır Cinayətlər Məhkəməsi ona 11 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsmiş, apellyasiya instansiyası isə cəzanı 10 il 6 aya endirmişdi.
Bəs Ali Məhkəmədəki hüquqi gediş Alimpaşa Məmmədovun cəza müddətini azalda bilərmi?
Kassasiya instansiyası yalnız hüquq normalarının tətbiqinə baxır, yeni faktlara qiymət vermir. Amma proses uzadılarsa və yenidən araşdırmaya ehtiyac yaranarsa, bu, onun xeyrinə işləyə bilər. Alimpaşa Məmmədov həm də müsadirə olunmuş əmlakının qaytarılması tələbi ilə çıxış edib. Gələcəkdə bu əmlakların bir qisminin dəyərinin dəyişdirilməsi və ya sahiblərinə qaytarılması üçün hüquqi zəmin hazırlamaq istənilə bilər. Azərbaycanda yüksək vəzifəli məmurların korrupsiya ittihamı ilə həbsindən sonra cəmiyyətin bir hissəsində belə fikir formalaşır ki, bu proseslər təkcə hüquqi məsələ deyil. Alimpaşa Məmmədovun bu gözlənilməz addımı bəzi müşahidəçilərdə onun gözləntiləri olması ehtimalını gücləndirib. Əvvəlki illərdə bəzi sabiq icra başçılarının cəzasının sonradan azaldılması və ya şərti cəza ilə əvəzlənməsi presedentləri var. Alimpaşa Məmmədovun müdafiə taktikası da bu presedentlərə istinad etməsi mümkündür. Sosial şəbəkələrdə və media müstəvisində bu prosesə maraq hələ də qalmaqdadır. Əksər şərhlər cəzanın azaldılmasının qəbul edilməyəcəyini göstərir. Alimpaşa Məmmədov Şəmkirin icra başçısı olduğu günlərdə ciddi narazılıq yaratmışdı. O, sahibkarlardan rüşvət toplayır və əhalinin problemlərinə laqeyd yanaşırdı. Alimpaşa Məmmədovun kassasiya şikayətini geri götürməsi onun azadlığa çıxmaq istəyindən vaz keçməsi deyil. Əksinə, bu, yeni gedişlər üçün vaxt udmaq cəhdi kimi görünür.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ