İnsanlara hürriyət, millətlərə istiqlal!

Alkotesterin fleytaya dönməsi

Hər dəfə alkotester adı çəkiləndə yadıma San-Fransisko yaxınlığındakı, türməsi ilə məşhur olan Alkatras adası düşür. Həm bu iki söz eyni hərflərdən (a, l, k, t, s, r) düzəlir, ona görə, həm də Alkatrasda da içki yasaqdır, o səbəbdən.

Bizi spirtli içkilərdən imtinaya vadar edərək, dinə, imana gətirsə-gətirsə, alkotester gətirəcək. Zarafat eləmirəm.Növbəti yazımı "bismillah"la başlasam, təəccüblənməyin.

Son aylarda olduğum bir xeyli meyli, “ley-peyli” məclisdə içkiyə meyli olan dost-tanışı ofisianta araq-çaxır qədəhlərini göstərərək, “qaqa, bunları yığışdır, lazım olmayacaq” dediyini görmüşəm.

Demişəm: “Nə yaxşı siz də tərgitdiniz içkini”. Deyiblər: “Yox, tərgitməmişik. Amma indi maşın sürürük, za rulyomuq”. (Bunu öz dilimizdə, “sükan arxasıdayıq” kimi deyəndə nəsə yaxşı səslənmir, “za rulyom” daha sanballı çıxır).

Üçüncü tərəfin, içənlər kontingentinin təmsilçiləri sözə qarışıblar: “Vurun, getsin. Ayıq sürücü çağırarsınız. Gül kimi məclisi zay eləməyin”.

İçkidən imtina edənlər izahat veriblər: “Olmur. Ayıq sürücü ilə evə gedirik, sabah işə gedəndə saxlayırlar, alkotesterə üfürtdürürlər, andır göyərir, qanqaraçılıq olur”.

Son 4 ay 7 gündə cəmi, sizdən də xoş, 3 dəfə mey nuş eləmişəm – həmişəki kimi, qədərində, necə deyərlər, Çazov dozasında. Amma məni son 4 ay 7 gündə 3 dəfə alkotesterlə üz-üzə qoyublar. İnsafən, ikisində təhər-töhrümə baxıb, cihazı yaxınlaşdırmayıblar.

Bunların hamısı səhər vaxtı, saat 10-11 arasında olub.

Axırıncı dəfə yol hərəkətinin təhlükəsizliyinə nəzarət edən qardaşlara dedim ki, bax, özünüz göydə uçan quşun erkək, ya dişi olduğunu qanad çalmasından tanıyan adamlarsınız, sizcə, mən səhər-səhər içki içən adama oxşayırammı.

Biri dedi ki, müəllim, demirik ki, səhər-səhər içmisiz, ola bilər, sutka ərzində...

Deyirəm: “Yaxşı, tutaq ki, dünən axşam saat 7-8-də bir parç pivə içmişəm, indiyə pivə qalar? Üfürsəm, alkotester göyərəcək və mən içkili kimi sənədləşdiriləcəyəm?”

Qardaşlardan biri deyir: “Bu məsələnin bəzi incəlikləri var, bəzi adamlar 50 qram içən kimi əl meymununa dönürlər. Oturanda 1 litrə qədər içənlər var. Onlar ertəsi gün də spirtli içki qəbul edirlər ki, özlərinə gəlsinlər”.

Əlbəttə, hər cür adam var. Mədəsində əhəng söndürürmüş kimi içən görmüşəm, içib, heç ayıq sürücü də çağırmayıb, avtomobilinə oturub, gedib. Adam da var, qonşu masada süzülən arağın şırıltısından sərxoş olur.

Əsas məsələ odur ki, bu zəhrimarın sərxoşluğu neçə saat davam edir. Həkim deyir ki, alkoqol orqanizmdən 24 saata çıxır. Bunu bildik. Bəs o alkoqol sərxoşluq yaradırmı? Yaratmırsa, heç çıxmasın, qalsın orda.
Qabaqdan yay gəlir, məşhur filmdə deyildiyi kimi, bu istilərdə “pivə düşür hər kişinin yadına, pivə çatır hər kişinin dadına”. Heç rəvadırmı ki, tərkibində cəmi 3,5-5 faiz spirt olan sərinlışdirici içkiyə görə yol polisləri ilə üz-göz olasan, hətta 400 manat məbləğində cərimələnəsən?

İki-üç manatlıq pivəyə görə 400 manat ödəmək, sanki bir az çoxdur axı.

Demək, çıxış yoluna dair variantlar belədir: pivə içmək istəyirsənsə, piyada gəzməl, ictimai nəqliyyatdan istifadə etməlisən. Avromobillə hərəkət etmək istəyirsənsə, gərək heç ayran da içməyəsən. Deyilənə görə, ayran içəndə də alkotester göyərir. Çox həssas cihazdır. Özü göyərir, adamı qızardır, promilli qanı qaraldır.

Dost-tanış da şikayət edir, deyirlər, cihaz dəqiq olmalıdır, adam sərxoşdursa, başqa, amma sərxoş deyilsə, alkotester ha göyərsin. Biri də deyir, vallahi, son vaxtlar heç klarnetçalanlar mənim qədər alət üfürmür.

Ayıq sürücü xidmətindən yararlanan dostlardan biri danışır ki, sürücü ona belə bir şey deyib: "Bizim işdə işləyənləri bir xeylisi yol polisləri ilə əlaqəlidir. Votsap qrupları var. Evə apardıqları şəxslərin maşınlarınının nömrələrini o qrupa atırlar. Yol polisləri də ertsəi gün həmin şəxsləri saxlayır, yoxlayır, cərimələyirlər".

Əslində "saxlayır, yoxlayır, loxlayır" yazsaq, həm qafiəyəli, həm də həqiqətə lap yaxın olar.

Məndən olsa, içkili halda sükan arxasında oturanların hamısını sürücülük vəsiqəsindən məhrum edərəm. Çünki onlar potensial qatillərdir. Sükan arxasına içkili oturanla əlinə “Kalaşnikov” götürüb küçədə havaya güllə ata-ata gəzənin arasında çox da fərq yoxdur. İkisi də hər dəqiqə insan həyatına qəsd edə bilər.

Ancaq bir “qruşka” pivə içdiyin günün ertəsi alkotesteri fleytaya döndərmək heç düzgün deyil. Ən yaxşısı o olar ki, sürücüləri toy axşamı tutub üfürtdürsünlər, səhərə qalmasın.

Uzun sözün kəsəsi, deyirəm, halallıq olsun. Amin, inşallah! Əssalamü-əleyküm və rəhmətullahi və bərəkətuhu.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

07 May 2025

BÜTÜN XƏBƏRLƏR