Onlayn ictimai-siyasi qəzet
Berlində hökumətin təsdiqindən sonra hakim koalisiyanın rəhbər komitəsinin ilk iclası baş tutub. İclasda Xristian Demokrat İttifaqının (CDU) lideri, kansler Fridrix Merts və Almaniya Sosial Demokrat Partiyasının (SPD) həmsədrləri Lars Klinqbeyl və Barbel Bas iştirak ediblər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, görüşün məqsədi koalisiyanın üzləşdiyi problemləri qiymətləndirmək olub.
Bildirilir ki, kansler vəzifəsinə gəldikdən sonra Merts xarici siyasət məsələlərinə böyük diqqət yetirir. "Bizim səhv etməyə haqqımız yoxdur" deyən kansler bir çox təcili xarici və daxili çağırışlara işarə edib.
Güman edilirdi ki, yeni qara-qırmızı koalisiya əsas diqqəti əhaliyə və biznesə dəstək üçün kompleks tədbirlərin həyata keçirilməsinə yönəldəcək. Lakin Berlində keçirilən görüşdə bildirilib ki, koalisiya xəzinədə pul olmadığı üçün hələ də sosial-iqtisadi məsələlərlə bağlı seçicilərə verdiyi vədləri yerinə yetirə bilmir.
Ən çox mübahisə doğuran məsələ həm sahibkarlıq subyektləri, həm də adi istehlakçılar üçün elektrik enerjisi tariflərinin aşağı salınması olub. Hazırda Almaniyada bir kilovat-saat elektrik enerjisi orta hesabla 26,88 avroya başa gəlir. Almaniyada istehsal olunan elektrik enerjisinin 53%-i bərpa olunan mənbələrdən, əsasən külək və günəş elektrik stansiyalarından əldə edilir. Qaz və kömür stansiyaları gecə və küləksiz havada işə salındığından, kVt/saatın qiyməti dəyişir.
Almaniyada orta hesabla bir ailə, insanların sayından və istifadə olunan elektrik cihazlarının sayından asılı olaraq ildə 1,5-4 min kVt/saat istehlak edir. Elektrik enerjisi tariflərində vergilərin payı 40%-i ötür. Məhz belə vergiləri azaltmaqla hakim koalisiya tarifləri azaltmağı planlaşdırırdı.
Musavat.com
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ