İnsanlara hürriyət, millətlərə istiqlal!

Aparıcı – ürək qoparıcı: futbola baxırıq, ya müharibəyə, bəlli deyil

Səksən altıncı ilin may ayının üçüncü ongünlüyünün ortaları idi, Kirovabadda (indiki Gəncə) stadionda oturub futbola baxırdıq.

Günü dəqiq yadımda deyil, amma orası yadımdadır ki, Niyaməddin Musayevin şəhər filarmoniyasındakı konsert zamanı bıçaqlanmasının ertəsi günüydü.

“Kəpəz” Qafqaz komandalarının biri ilə oynayırdı və indiyədək bütün rəqibləri ilə heç-heçə də etməmiş, hamısına qalib gəlmiş “Kəpəz” bu dəfə çətinlik çəkir, rəqib qapısına yol tapa bilmirdi, bu üzdən azarkeşlər çox hiddətliydi. Bizdən ön sırada oturmuş, daha dəqiqi, oyun başlayandan ayaq üstə duran və sektora dirijorluq edən 35-40 yaşlı azarkeş “Kəpəz”in mərkəz müdafiəçisi Tofiq Məmmədova üzünü tutub ərklə qışqırırdı: “Tofiiiiiiiq, o 11 nömrənin qarnına iki təpik qoy, qalsın yerdə”; “9 nömrənin ayağını qır, Tofiiiq”; “o keçəlin başına qapaz vur, lələ”.

Tofiq Məmmədov yaxşı müdafiəçi idi, keçilməz sədd kimiydi, amma böyük ehtimalla məhlə uşağı olduğu azarkeşin aqressiv tövsiyələrinə qulaq asmırdı, səliqəli oynayırdı. Yoxsa, qırmızı vərəqə alardı.

Həmin oyunu “Kəpəz” güc-bəla ilə uddu, gərək ki, hakim bir havayı penalti verdi, ona görə qalib gəldi. Yoxsa, vallahi, qladiator döyüşlərini seyr edən azarkeşlər rəqibin öldürülməsini tələb edərək baş barmaqlarını yerə tuşladıqları kimi kütləvi şəkildə qəzəblənmiş azarkeşlər stadionu dağıdacaqdılar. Bu cür hiddətlənmələr yalnız müharibədə, düşmən yaşayış binasına raket atanda olur.

İnsafən, “Kəpəz” həmin vaxt çox əla oynayırdı, heyətində Asif Əliyev, Əfqan Talıbov, Füzuli və Mehman Allahverdiyevlər, Tofiq Məmmədov kimi usta oyunçular vardı. Amma nə iş idisə, həmin oyun alınmırdı. Ona görə də azarkeşlər sonuncudan “təsirli tədbirlər görməyi” tələb edirdilər.

Bu xatirə dünən axşam “Qarabağ”-“Farentsvaroş” matçını izləyəndə yadıma düşdü – özü də sırf şərhçimizin ritorikasına görə.

Tam bir biabırçılıq idi. Onun təhkiyəsi təxminən gəncəli azarkeşinki kimiydi, az qalırdı rəqib oyunçulara qarğış eləsin ki, onlar yıxılıb ayaqlarını sındırsınlar, hücuma keçəndə başlarına daş düşsün, hücumçumuzun qarşısını alanda boyunları burxulsun.

Bu, nə həyəcan, bu nə çığır-bağır idi? Qardaş sən şərhçisən, azarkeşlik edirsənsə də, bir çərçivədə et, sənin əsas işin oyunu obyektivcəsinə şərh etmədir, Tofiq Məmmədova “11 nömrənin qarnına iki təpik qoy” deyən adamdan fərqli olmalısan. Azarkeşlik etdiyin komanda udsun deyə Allaha yalvarmalı deyilsən, onsuz da həyəcanlı olan televiziya tamaşaçılarını çılğınlaşdırıb miokard infarktı dərəcəsinə çatdırmamalısan. Futboldur, iki komandanın biri udar, biri uduzar, bu, həyat məsələsi deyil, uduzanları stadionda sıraya düzüb güllələməyəcəklər. Gələn il yenə oynayacaqlar. Ta sən niyə dünyanın axırıymış, Qiyamət günüymüş kimi çığırırsan? O qədər düşük ifadələri niyə dilə gətirirsən? Onları fikirləşmək belə qəbahətdir, amma sən 10 milyonun qulağı eşidə-eşidə bağırırsan.

İndiki cavanlar bilməz, keşmişdə də şərhçilər vardı: Valid Sənani, Çingiz İsmayılov, Fikrət Adıgözəlli, gənclərdən Gündüz Abbaszadə, Elnur Əşrəfoğlu, Rövşən Binnətli, Ziya və başqaları. Onlar da öz komandalarımıza azarkeşlik edirdilər, amma əndazəni aşmırdılar.

Yadımdadır, belaruslu Juk adlı yaramaz bir hakim vardı, Bakıda “Neftçi”ni rus komandalarının birinə qəsdən uduzdururdu, şərhçi Çingiz İsmayılov da bunu görürdü və hakimdən narazıydı, amma onun ümvanına artıq-əskik bir söz demirdi. İndi olsa, Jukda var-yox, ana-bacı qoymazlar.

Hərçənd Gündüz Abbazsadənin 15-20 il öncə “Fənər”in hansısa oyununda 47 “o”-lu “qol” qışqırdığı da yadımdadır. Buna görə onu hətta Türkiyəyə dəvət etdilər, “Bəyaz-şou”nun qonağı oldu və qonaqlarına sataşan aparıcı Bəyazit Öztürkü pərt duruma qoydu (“Okanın ortası, Hakanın kafası” məsələsi).

Bəzən deyirlər, bu bağırtılı şərh tendensiyası bizə Avropadan, Türkiyədən gəldi. Düz deyirlər. İspan, italyan, portuqal şərhçilər də çox bağırır, qol olanda “qol-qol-qol-qol-qol” deyə 68 dəfə təkrar edirlər, nəfəsləri çatana qədər “qoooool” hayqırırlar, kişnəyirlər, anqırırlar. Hələ ərəb şərhçiləri eşidəsiniz. Vay-vay. Allah göstərməsin. İstənilən təhlükəli epizodda ərəb şərhçilər bir qara-qışqırıq qoparırlar, elə bil, Qəzza sektorudur, İsrail alış-veriş mərkəzinə raket atıb, yüzlərlə ölən var, raket yağışı isə davam edir.

And içərəm ki, dünən axşam minlərlə azarkeş eynilə mənim kimi bir yerdən sonra oyuna televizorun və ya kompüterin səsini alaraq baxıb. Tablaşmaq mümkün deyil. Adam futbola da az qala müharibə qədər nifrət edir.

Telekanallara tövsiyəm budur: əgər istəyirsinizsə ki, tamaşaçılar oyuna axıra qədər baxsınlar, aparıcılar üçün bir standart tətbiq edin, haraya qədər qışqıra, hansı yalvarışları edə, hansı sözləri deyə bilərlər, başa salın. Azarkeşləri futboldan iyrəndirməyin.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR