Onlayn ictimai-siyasi qəzet
Dünən internetdə qonşu ölkələrimizdən birindən, konkret yazsam, Ermənistanın Gümrü şəhərindən Kiprin Larnaka şəhərinə uçan təyyarənin bilet qiymətini gördüm. 15 avro. Bizim pulla 30 manat. Şok oldum. Ermənilərə yazığım gəldi. Sülhü tezləşdirməliyik.
Təbii ki, biz belə ucuz-mucuz qiymətlərlə yaşaya bilmərik, qoy xaraba qalmış, el dilində yazsam, “deşovka” ölkələr ucuz şəkildə ora-bura getsinlər. Biz özümüz Biləcəridən Bakımızdakı aeroportumuza yollanarkən (maşallah, indi o qədər çox hava limanımız var, gərək adını xüsusi yazasan) taksiyə bəzən 30 manat veririk.
Bunlar hamısı yaxşı yaşayışın əlamətləridir. Təzəlikcə İsveç hava limanında azərbaycanlı ailənin çantasından çıxanların videosu dünyada yayılmışdı. Soydaşlarımız ana yurdu tərk edərkən Stokholma özləri ilə 9 kilo quzu əti, 6 kilo süd məhsulu, 3 kilo meyvə aparırmış. Niyə? Çünki İsveçdə Beyləqan quzusu yoxdur. O cümlədən çanaq pendiri, Qazax qurudu, motal, Göycə alçası, Salyan heyvası, Bakı ənciri, Füzuli qozu, Sabirabad qarpızı, Xaçmaz pomidoru və sairə. Qəddar isveçli gömrükçülər isə məhsulların hamısını müsadirə etdilər, hələ minnət qoydular: “Bu dəfə əfv edirik, növbəti dəfə cərimə olunacaqsınız”.
Ancaq bizim tamojna səxavətlə icazə vermişdi. Guya onlar bilmirdi ki, İsveçə təyyarədə o qədər ət-süd aparmaq qadağandır? Sadəcə, yumşaqlıq, insansevərlik göstərmişlər.
Bir məsələ də var ki, artıq bizdə ətin qiyməti Avropa qiymətlərinə sürətlə yaxınlaşır. Maaşımız, pensiyamız həmin sürətə çatmasa belə dözürük, çünki ən azı qiymət baxımından Avropa dövləti olacağıq. Vaxtilə dəyərli ziyalı və politoloqlarımız “Avropanın yaxşısını götürüb, pisini atmaq lazımdır” deyərkən yəqin qiymətləri yaxşı, pensiyanı pis qrafasında görüblər.
Həmçinin əhalinin azalması, qadınların uşaq doğmaqdan imtinasının dəhşətli dərəcədə çoxalması baxımından sivil Qərb ölkələrinə yaxınlaşırıq, bəzilərini hətta ötüb keçmişik. Məsələn, 2023-cü ildə Azərbaycanda 73 min abort olunubsa, Niderlandda 39 min olub. (Hələ Niderland əhalisinin Azərbaycandan 8 milyon nəfər çox olmasını, həmçinin abort qadağan edilən bəzi Avropa ölkələrindən, məsələn, Polşadan ora axının olduğunu nəzərə almıram). Ümumilikdə 2020-2024-cü illər arasında ana yurdumuzda abort sayı 290 mindən çox olub.
Millətə filan qədər uşaq pulu verilir. Doğmaq, xəstəxana xərcləri, uşağı oxutmaq, böyütmək hamısı dövlət hesabına, bəs görəsən uca millətimiz niyə uşaq yaratmaq istəmir? Bu haqda ciddi fikirləşmək lazımdır. Böyük ehtimalla, yuxarıda yazdığım səbəbdir: ər-arvadlar yüngülvari, 9 aylıq əziyyətə belə tablaşmaq istəmir, kef çəkib özləri üçün yaşamaq istəyirlər. Maşallah, maaş və pensiyalar da buna böyük imkan açır. Maaşını al, Maldivə uç. Pensiyanı bir-iki ay topla, Pensilvaniyaya dünya turuna çıx. Şərait çox əladır. Şəxsən mən bizə belə şərait yaradıldığı üçün Biləcərinin deputatı qarışıq bütün hökumətə dərin minnətdarlığımı bildirirəm. Deputatın adını bilmirəm, yoxsa yazardım. Əvvəlki Hacı Madər idi, onu dəqiq bilirdik. Hacı öləndən sonra eynilə Avropadakı vəziyyətdir, axı oralarda da camaat çox vaxt rəhbərliyi, nazir-maziri-zadı tanımır. Nəyinə gərək tanısın, problem olmayandan sonra hökumət adamın heç yadına düşmür.
Bax, Avropadan götürmək lazım olmayan pis şeylərin başında, məncə, elə bu laqeyd, biganə münasibət durur. Qorxuram yaxşı yaşayışımız davam elədikcə xalq hökuməti unuda. Bu istiqamətdə tədbirlər davamlı keçirilməlidir. Unutsaq, unudularıq. Elə xalq yazıçımız Kamal Abdulla müəllim bu vəziyyəti uzaqgörənliklə qələmə almışdır: “Unutmağa kimsə yox”.
Həmçinin xalqımızın digər sevimli manıslarının bu temada mahnıları vardır: “Taleyimdən çıxıb, gedəndən bəri, Sildin yaddaşından xatirələri. Dəfn etdin bu eşqi sən diri-diri, Unutdun məni”. Bəzən bunu səhvən “yaddaşımdan” kimi oxuyurlar, bu isə mənaca düz gəlmir. İnsan özü xatirələri yaddaşından silir. Hətta hökumət də istəsə başqasının yaddaşından xatirələri silə bilməz.
Ya da silər - iqtisadiyyatımız güclüdür. Yəni bu məsələdə çox əmin deyiləm.
28 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ