Onlayn ictimai-siyasi qəzet
Mafiya oyunu oynayan tanışlar arasında dava düşüb. Onlardan birinin qolunu sınıb. Tərəflər bir-biri ilə barışmayıb.
Musavat.com xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən “Apartment 9” kafesində baş verib.
Bu kafedə mafiya oyunları təşkil olunurmuş və bir-birini tanımayan şəxslər oyunlara qoşulurmuş. Belə oyunlardan birində dava düşüb.
Müştərilərdən Ərdəbil və Məlik arasında başlayan mübahisə əlbəyaxa dava ilə başa çatıb. Dava zamanı Məlik idman fəndi ilə Ərdəbili yerə yıxıb, sonra da onu yumruqlayıb. Bu zaman Ərdəbilin qolu sınıb.
Mübahisəyə səbəb mafiya oyununda Məlikin “komissar” kimi oyundan çıxarılması ilə başlayıb. Məlik oyundan çıxanda onu oyundan çıxaranın Ərdəbil olduğunu deyib. Ərdəbil isə oyundan çıxan zaman niyə danışması ilə bağlı irad bildirib. Bu irad tərəflər arasında mübahisəyə səbəb olub.
Məlik Ərdəbili idman fəndi ilə yerə yıxıb. Bu zaman Ərdəbilin qolu sınıb. Amma Məlik Ərdəbilin onu döyəcəyindən ehtiyat etdiyi üçün onu yerə yıxdığını deyib. Hadisənin kamera görüntüləri polis əməkdaşları tərəfindən izlənilib.
Ərdəbil Məlikə ən ağır cəza verilməsini istəyib. Məlik barışıq üçün 5 min manat da təklif edib. Onlar bir dəfə də görüşüb və Məlik Ərdəbildən üzr istəyib. Lakin Ərdəbil barışmayıb.
Məhkəmənin hökmü ilə Məlik barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Məlik bu müddət ərzində elektron qolbaqla gəzməli olacaq.
İ.Muradov,
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ