İnsanlara hürriyət, millətlərə istiqlal!

“Araz-Naxçıvan” və “Sabah” kimin qurbanı oldu?

 

Avrokubok həyəcanı bu dəfə Azərbaycan təmsilçilərinə uğur gətirmədi. “Araz-Naxçıvan” və “Sabah” ümidlə başladığı mövsümü məğlubiyyətlə başa vurdu. Amma bu uğursuzluqların səbəbləri eyni deyil.

İdman şərhçisi  Kənan Məstəliyev Musavat.com-a açıqlamasında deyib ki, “Araz-Naxçıvan” ilk mərhələdə Yunanıstan təmsilçisinə qalib gəlməklə böyük bir sürprizə imza atmışdı:

“Birinci mərhələdə rəqibimiz bizə bir qədər yuxarıdan aşağı baxırdı. Bundan istifadə etdik, çox yaxşı futbol nümayiş etdirdik. Xüsusilə ilk matçdakı oyunumuz çox uğurlu alındı. Rəqib bizə qeyri-ciddi yanaşdı və biz bu fürsəti dəyərləndirdik. Amma Kipr təmsilçisi “Omoniya” isə tam əksinə, çox ciddi hazırlaşmışdı. Onlar həm fiziki, həm texniki, həm də taktiki baxımdan üstün olduqlarını göstərdilər. Bu qarşılaşma bir daha sübut etdi ki, “Araz-Naxçıvan”ın potensialı müəyyən bir həddə qədərdir”.

İdman şərhçisi klubun uğursuzluğunun səbəbini və mövcud problemlərini belə izah edib:

““Araz-Naxçıvan” hazırda yalnız ad olaraq mövcuddur. İnfrastruktur baxımından ciddi problemləri var. Sabit məşq bazası yoxdur, bir stadionda, məhdud vaxtda məşq edir. Klubun idarə heyəti cəmi dörd nəfərdən ibarətdir. Bu, uzunmüddətli uğur üçün kifayət deyil. Komanda hələlik mövcud heyətin gücü ilə nəticə qazanmağa çalışır. Amma real klub olmaq üçün Naxçıvana qayıtmalı, orada öz bazasını qurmalı, gənclər akademiyasını formalaşdırmalı və tam peşəkar idarəetmə modelinə keçməlidir”.

Kənan Məstəliyev “Sabah”ın uduzmasının səbəbini isə daha çox baş məşqçi ilə əlaqələndirib:

“Məncə, “Sabah” sırf baş məşqçinin taktiki qərarına görə məğlub oldu. Oyuna beş müdafiəçi ilə çıxmaq, hücum potensialı olan komandanı bu qədər geriyə çəkib, qorxaq futbol oynatmaq, nəticəni əvvəlcədən risk altına qoymaqdır. Halbuki biz gördük ki, “Sabah” hücum edəndə nəticə qazana bilir. Hücum futbolu oynamaq gücü varkən belə müdafiəyə qapanmaq anlaşılmaz bir qərardır. Litvalı mütəxəssisin bu taktikanı seçməsi mənim üçün də qəbuledilməz oldu”.

Şərhçinin sözlərinə görə, “Araz-Naxçıvan” və “Sabah”ın  məğlubiyyətlərinin səbəbi eyni deyil. Birinci halda struktur və klubun formalaşma problemi, ikinci halda isə yanlış taktiki yanaşma əsas amildir:

““Araz-Naxçıvan”ın məğlubiyyəti gözlənilən idi. “Sabah” isə daha fərqli, riskli, amma hücuma əsaslanan futbol oynasaydı, bəlkə də nəticə tam başqa ola bilərdi”.

 

Sultan Məmmədli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR