Onlayn ictimai-siyasi qəzet
Şəmkirdə intihar hadisəsi baş verib. Hadisə mayın 6-da rayonun Çinarlı qəsəbəsindəki meşəlik ərazidə qeydə alınıb. Qəsəbə sakini, 2006-cı il təvəllüdlü İ.Məmmədov özünü ağacdan asıb. İntiharın səbəbi məlum deyil, aidiyyəti qurumlar tərəfindən araşdırılır. İ.Məmmədov Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsi idi.
Aprelin 14-də isə Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib. Şövqiyar Abdullayev küçəsi, 23 ünvanında (Göy Məscidin arxası) yaşayan l kurs tələbəsi özünü 15 mərtəbədən atıb. O, həmin binada 3 qızla bərabər kirayədə qalırmış.
Bir qədər əvvəl - martın 28-də isə Gəncədə 21 yaşlı qız intihar edib. Nüşabə Məmmədova 4 il öncə atasının vəfatından sonra psixoloji sarsıntı keçirib. O, atasının qəbrinin yanında sirkə məhlulu içib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən gənc qız orada dünyasını dəyişib. Gəncə Dövlət Universitetinin tələbəsi N.Məmmədova təhsil aldığı müddətdə tədrislə də məşğul olub.
Yanvar 9-da şəhid Babək Sakit oğlu Aslanovun birinci kurs tələbəsi olan qardaşı Saməddin Aslanov vəfat edib. Şəhidin yaxını Elyar Vəliyev bildirib ki, Saməddin yaşadığı travmalardan, çəkdiyi iztirablardan toparlana bilməyərək həyatına son qoyub.
Göründüyü kimi, son bir neçə ay ərzində 4 tələbə canına qıyıb. Daha əvvələ getsək, böyük statistika çıxar. Təbii ki, intiharların səbəbləri fərqli ola bilər, amma acı reallıq onların tələbə olmasıdır. Axı bu gənclər üçün həyat indi başlayır, karyera və ailə qurmaq perspektivləri irəlidədir.
Bəs tələbələrin intiharına əsas nə səbəb ola bilər?
Psixoloqlar qeyd edir ki, tələbələrin intiharına səbəb olan amillər müxtəlif ola bilər. Onlar arasında sosial-iqtisadi çətinliklər, ailəiçi zorakılıq və ya anlaşılmazlıqlar, psixoloji travmalar, depressiya və ümidsizlik halları, təhsil sisteminin gərginliyi, karyera təzyiqləri, imtahan stresləri, sosial təcrid və ya təhqir, həmçinin kiberzorlama kimi faktorlar yer alır. Xüsusilə son illərdə təhsil alan gənclər yalnız akademik nailiyyət uğrunda deyil, həm də ailələrinin maddi və mənəvi gözləntiləri qarşısında böyük təzyiq altındadırlar.
Azərbaycan cəmiyyətində psixoloji yardım almaq məsələsinə hələ də müəyyən stereotiplərlə yanaşılır. “Psixoloqa gedən ruhi xəstədir” kimi köhnəlmiş və yanlış təsəvvürlər bu gənclərin vaxtında kömək istəməsinə mane olur. Digər tərəfdən, universitetlərdə psixoloji dəstək mərkəzlərinin formal fəaliyyət göstərməsi və ya ümumiyyətlə, olmaması bu boşluğu daha da dərinləşdirir.
Daha bir məsələ, bir çox tələbə özünü cəmiyyətin gözləntiləri arasında sıxılmış vəziyyətdə hiss edir. Universitetlərdə davamlı rəqabət, müvəffəqiyyətə məcbur edən sistem və uğursuzluğun damğalanması tələbələri emosional tükənməyə aparır. Eyni zamanda bəzi tələbələr təhsil aldıqları şəhərdə ailələrindən uzaqda, yalnız yaşayır, maddi və sosial dəstəkdən məhrum qalırlar. Belə olan halda, onların daxili çarəsizlikləri görünməz olur və nəticədə intihar bəzən bu səssiz ağrıların son çarəsi kimi qəbul edilir.
Rövşən Nəcəfov
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İntiharın yaşı və statusu olmur. İntihar qərardır. İntihar şəxsin ətrafa özünü ifadə formasıdır. İntihar etmək ani qərar deyil, müddətli qərardır.
Tələbəlik azadlıq və müstəqillik anlayışlarının inkişaf etdiyi dövrdür. Akademik tələblər, yeni mühitə uyğunlaşma və çətinliklər zamanı dəstəyin olmaması intihar düşüncəsini formalaşdıra bilər. Tələbəlik dövründə alkoqol və maddə asılılıqlarının yaranması təcrübəsi yaranır. Problemlərdən çıxış kimi görünən vərdişlər bəzən şəxsi intihara təhrik etmiş olur. Həyatına rasional baxmayan şəxsin gələcəklə bağlı düşüncələri müsbət inkişaf etmir. Tələbələrdə əvvəlcədən psixi sağlamlıq problemləri ola bilər. Həmin dövrdə isə özünə və ətrafa qarşı qeyri-adekvat davranışlar sərgiləyə bilər. Ətraf-mühitin verdiyi stres faktoru da yaranmış halı tamamlaya bilər. Tələbəlik dövründə müşahidə olunan odur ki, intiharın mənbəyi depressiya və ya hansısa asılılıq pozuntularıdır.
İnsanların intihar etməməsi üçün qınaq və qərəz olmamalıdır. Ali və orta ixtisas məktəblərində təhsil, yəni pedaqoji psixoloqların fəaliyyətləri genişləndirilməlidir. Fərdi və qrup formasında psixoloji görüşlərin keçirilməsi istiqamətində maarifləndirici kampaniyalar aparılmalıdır. Rüblük və illik psixoloji mühitin dəyərləndirilməsi aparılmalıdır. İntihar düşüncəsi olan gənci psixoloqa yönləndirərək, peşəkar dəstək alınmalıdır. İntihara artıq cəhd etmiş insanlar isə psixiatrik müalicə ilə stasionar müalicəyə cəlb edilməlidir. İnsanları öz düşüncələrində boğulmağa qoymamalıyıq. Mənfi düşüncələrdə boğulmaq yox, üzərək sahilə çıxmağı öyrətməliyik".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ