İnsanlara hürriyət, millətlərə istiqlal!

Əbabil quşlarının dəmir bənzəri – prezidenti köhnə vertolyotda həlak olan ölkə B-2-lərlə ehtiyatlı olmalıdır

ABŞ-də onları “B-2 Spirit strateji bombardmançı təyyarə” adlandırırlar, Şərqdə isə bu təyyarələrə “əbabil quşları” deyənlər var. Görünüşü etibarilə bu təyyarələr gerçəkdən “əbabil quşu”nu – yırtıcı qara uzunqanad quşlarını xatırladır. Təyyarənin dizaynında həmin quşların görünüşünün əsas götürüldüyü yəqindir.

Onu da qeyd edək ki, Quranda əbabil quşlarınn adı Əl-Fil surəsində çəkilir. Rəvayətə görə, Efiopiya (Həbəşistan) hökmdarı Əbrəhə Yəməndə böyük bir kilsə inşa etdirir və bu kilsəni Ərəbistan yarımadasının dini mərkəzi etməyi hədəfləyir. O, Məkkədə yerləşən Kəbəni məhv edərək bu məqsədini həyata keçirmək istəyir. Əbrəhə bunun üçün böyük bir fil ordusu toplayaraq Məkkəyə hücum edir. Onun ordusu Məkkəyə yaxınlaşdığı zaman səmada böyük dəstə halında gələn əbabil quşları düşmən ordusunun üzərinə daş yağıdırır və qoşun məhv olur. Bu hadisə İslam mədəniyyətində Allahın öz müqəddəs evini qorumaq üçün etdiyi möcüzəvi müdaxilə kimi qəbul edilir.

İndi işə baxın ki, əbabil quşlarının müasir və dəmir bənzəri özünü islam aləminin bir neçə mərkəzindən biri sayan, Qurana tapınan İranın üzərinə gəlir, onun strateji obyektlərini məhv edir.

Bu, həm də nağıl və gerçəkliyin toqquşması hadisəsidir.

800px-US_Air_Force_B-2_Spirit.jpg (86 KB)

B-2 uçan qanad konfiqurasiyasına malik ağır təyyarədir. O, sıx hava hücumundan müdafiə sistemlərinə nüfuz etmək, adi və ya nüvə silahlarını çatdırmaq üçün nəzərdə tutulub.

Təyyarə gizli texnologiyalardan geniş istifadə edir, radaruducu materiallarla örtülüb, uçan qanadın aerodinamik konfiqurasiyası ilə dizayn edilib.

Bombardmançı təyyarənin yaradılması 1979-cu ildə ATB proqramı çərçivəsində başlayıb. Soyuq müharibənin şüddətli dövründə - 1979-1980-ci illərdə ABŞ belə bir təyyarəyə ehtiyac duyub və prezidentliyə namizəd Ronald Reyqan seçki kampaniyası zamanı ABŞ silahlı qüvvələrinin qüdrətini bərpa edəcəyinə söz verib.

22 avqust 1980-ci ildə ABŞ Müdafiə Nazirliyi bu təyyarələrin yaradılması üzərində işi açıq elan edib.
Təyyarənin dizaynı B-2 Spirit olaraq təyin olunub, ancaq 1980-ci illərin ortalarında dəyişdirilib. B-2-nin ilk uçuşu bir il gecikib və inkişaf proqramına daha 1 milyard dollar əlavə edilib. 1986-cı ilə qədər bombardmançının inkişafına 23 milyard dollar xərclənib.

B-2 ilk dəfə 1988-ci il noyabrın 22-də Kaliforniyanın Palmdale şəhərindəki hərbi hava qüvvələrinin 42-ci zavodunda yığılaraq ictimaiyyətə nümayiş etdirilib.

2008-ci ildə B-2 radar sistemləri modernləşdirilib, fərqli tezlik diapazonuna köçürülüb. Bu təkmilləşdirmə ABŞ-a təxminən 468.000.000 dollara başa gəlib.

BOMBER.jpg (198 KB)

2009-cu ildə modernləşdirilmiş B-2-nin hər buxtada 13 500 kiloqrama qədər yük daşıya biləcəyi elan edilib. 2010-cu ilin əvvəlində “Northrop Grumman” şirkəti son 20 ildə müntəzəm olaraq B-2-də baş verən nasazlığı aradan qaldıracaq hesablamaları tamamladığını elan edib. Nasazlıq mühərriklər arasında yerləşən metal panelin çatlaması və kompozit çərçivənin isti reaktiv axınından qorunması ilə əlaqədar idi.
Sınaqlar zamanı B-2-lər Şimal qütbünə və geriyə bir sıra uçuşlar həyata keçirib. Uçuşların məqsədi təkmilləşdirilmiş bombardmançı təyyarənin sərt iqlim şəraitində yüksək hündürlükdə uçmaq qabiliyyətini yoxlamaq olub. Sursatın buraxılması və bütövlükdə sınaqlar uğurlu hesab edilib.

B-2 dünyanın ən bahalı təyyarəsi olmaqla aviasiya tarixində də ən bahalı təyyarədir. 1998-ci ilə qədər bir B-2-nin dəyəri, R&D istisna olmaqla, 1,157 milyard dollar olub. 1997-ci ildə bütün B-2 proqramının dəyəri təqribən 45 milyard dollar qiymətləndirilirib. Beləliklə, R&D nəzərə alınmaqla, o dövrdə bir təyyarənin dəyəri 2,1 milyard dollara çatıb.

B-2-nin istehsalçılarının fikrincə, təyyarənin baha olması əsasən ona sifarişlərin azalması ilə bağlıdır. SSRİ-nin dağılması ilə “soyuq müharibə” Qərbin xeyrinə başa çatdığı üçün bu təyyarələrə ehtiyac azalıb, ona görə də əvvəlcədən nəzərdə tutulan 132 bombardmançı təyyarədən yalnız 20 ədədi hazırlanıb.
Bu, o deməkdir ki, B-2-lə lap öncədən SSRİ ilə olası müharibəyə hazırlıq üçün hazırlanıb.

555444.JPG (31 KB)

B-2-nin ilk döyüş istifadəsi 1999-cu ildə NATO-nun Yuqoslaviyadakı əməliyyatları zamanı baş verib. Balkan xalqlarına (əsasən də boşnaklara və albanlara) qarşı soyqırım siyasəti yeridən serb diktator Slabodan Miloşeviç və onun qaniçən generalları məhz B-2-nin sayəsində öz qınlarına çəkiliblər. O zaman bu təyyarələr hədəflərə 600-dən çox bomba atıb. B-2-lər Missuridəki Uaytman hərbi hava qüvvələri bazasından Kosovoya və geriyə 30 saat fasiləsiz uçub.

Sonrakı illərdə B-2-lər İraq və Əfqanıstandakı müharibələrdə istifadə olunub. B-2 havada yanacaq doldurma ilə 44 saatlıq döyüş missiyasını (dünya tarixində ən uzun hesab olunur) yerinə yetirib. Missuridəki Uaytman bazasından havaya qalxan B-2-lər Əfqanıstanda döyüş tapşırığını tamamlayıb və öz bazasına qayıdıb.

B-2-lər Liviya səmasında da uçub, əməliyyat zamanı 45 hədəfi, o cümlədən silah anbarlarını, hava hücumundan müdafiə obyektlərini, komanda-idarə məntəqələrini, aviasiya və digər hərbi texnikaya texniki qulluq vasitələrini məhv edib.

qez-b2.JPG (56 KB)

Nə qədər mükəmmələ hava maşnı olsa da, B-2-lər də qəzadan sığortalanmayıblar ABŞ-nin rəsmi məlumatlarına görə, 2010-cu ilə qədər bir B-2 bombardmançısı qeyri-döyüş insidentində itirilib. 23 fevral 2008-ci ildə Amerikanın Andersen hərbi bazasında Sakit okeanın Quam adasında B-2 qəzaya uğrayıb. Bu, bu tip təyyarənin ilk qəzası olub. Hər iki pilot katapult edə bilib. Qəzadan sonra bu tipli bütün təyyarələrin uçuşları dayandırılıb. 2008-ci ilin aprel ayının sonlarında uçuşlar bərpa edilib. İstintaq qrupu belə qənaətə gəlib ki, qəzaya səbəb yerüstü personalın səhlənkarlığı olub.

2010-cu ilin fevral ayında eyni Anderson hərbi hava qüvvələri bazasında mühərrikin işə salınması zamanı baş verən yanğın nəticəsində bir B-2 ciddi zədələnib. Zədələnmiş təyyarə 4 ilə yaxın təmirdə olub və yalnız 16 dekabr 2013-cü ildə yenidən səmaya qalxıb. Bərpa işlərinin ümumi dəyəri 105 milyon dolları ötüb.
2021-ci il sentyabrın 13-dən 14-nə keçən gecə B-2 Uaytman bazasına təcili eniş edib. Təyyarə yerə enərkən pistdən çəmənliyə yuvarlanıb və böyrü üstə dayanıb. Daha sonra qəzanın səbəbinin şassi yaylarının və təyyarənin hidravlik birləşmələrindəki “mikroçatların” olduğu bildirilib. Təmir 10,1 milyon dollara başa gəlib.

10 dekabr 2022-ci ildə daha bir B-2 Uaytman bazasına təcili eniş edib. Bombardmançı təyyarə enişdən sonra alovlanıb. Yanğın söndürülüb, lakin təyyarə zədələnib.

ivraq.JPG (42 KB)

Beləliklə, dünyanın ən bahalı və ən mükəmmək bombardmançı təyyarələri ABŞ ordusunun inhisarındadır. Bu təyyarənin sahibi olan dövlət özünü dünya hegemonu sayır. Prezidenti köhnə vertolyotda həlak olan ölkəni idarə edənlər belə bir dövlətlə hər məsələdə, hər fürsətdə öcəşməkdənsə, dialoqa, razılaşmağa üstünlük verməlidir.

O vaxt Kəbəni dağıtmaq istəyən Əbrəhə 2 min kilometr aralıdakı Məkkənin üzərinə fillə gəlməsəydi, məkkəlilərin inancına, mövcudluq haqqına hörmət etsəydi, əbabil quşları onun fillərinin başına it oyunu açmazdı.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR