Onlayn ictimai-siyasi qəzet
Musavat.com Sabiq maliyyə naziri, professor Saleh Məmmədovun müəllif yazısını təqdim edir:
QS reytinq qurumu 1500 dünya universitetinin yeni reytinq sıralamasını elan etmişdir. İlk onluğa düşən universitetlərin 8-i ingilislərin (ABŞ və Böyük Britaniya), biri İsveçrənin və digəri isə Sinqapurundur. Harvard ikinci ildir ki, ilk üçlükdən çıxır, yavaş-yavaş geriləməkdə davam edir. İlk yüzlüyə isə yalnız bir müsəlman universiteti – Malaya Universiteti (Malaziya) – düşmüşdür. Türkiyə universitetləri isə müsəlman universitetləri içərisində də ilbəil mövqelərini itirirlər. Ən yüksək yeri tutan ODTÜ yalnız 269-cu yerdə qərarlaşa bilmişdir.
TOP 10 universitetin siyahısı:
1. Massachusetts Institute of Technology (MIT)
2. Imperial College London
3. Stanford University
4. University of Oxford
5. Harvard University
6. University of Cambridge
7. ETH Zurich (Swiss Federal Institute of Technology)
8. National University of Singapore (NUS)
9. University College London (UCL)
10. California Institute of Technology (Caltech)
Son onluqda yer alan universitetlər isə daha çox zəif inkişaf etmiş ölkələrdəndir: ikisi Şri-Lanka, biri Liviya, biri Çexiya, biri Rumıniya, biri Tailand, biri Koreya və ikisi ABŞ-dandır.
Bu il Azərbaycan universitetləri üçün maraqlı olmuşdur. Keçən il bu reytinq üzrə siyahıya düşən universitetlərin sayı cəmi 3 idisə, bu il 9-a qalxmışdır. Hamısı da ciddi irəliləmə əldə etmişdir. Cədvəldən göründüyü kimi, keçən il həmin siyahada yalnız ADİU, BDU və ADNSU var idi. Bu il isə 6 universitet əlavə olaraq reytinq cədvəlinə düşmüşdür. 9 universitetdən 6-sı birinci minlikdə yer almışdır – bu, yaxşı bir uğurdur.
Birinci yerdə Bakı Dövlət Universiteti (BDU) möhkəmlənmişdir ki, bu da daha çox Akademiyanın elmi potensialının bölgüsü ilə əlaqədardır. Bu universitetin elmi potensialı çox böyükdür, beş-on il əvvəl adətən top 500-lüyə daxil olmaq üzrə mübarizə aparırdı. Burada əsas problem elmi potensialın hərəkətə gətirilməsindədir.
İqtisad Universiteti (UNEC) ikinci yerdə qərarlaşmışdır (dünya üzrə 807-ci yer), amma digər reytinq qurumları bu universiteti daha çox birinci yerə qoyur. İqtisadiyyat və ekonometrika üzrə isə 351-ci yeri tutur. Burada BDU-dan fərqli olaraq əsas problem elmi potensialın zəifliyi və universitetin keçmiş zədəli reputasiyasıdır. Son on ildə bu universitetin müsbət təcrübəsi dərindən öyrənilməyə və ölkə miqyasında yayılmağa layiqdir.
Əvvəllər İqtisad Universiteti ən geridə qalmış universitetlərin siyahısında idi və qısa zamanda ölkənin Qərb standartlarına uyğun ən yaxşı universitetini formalaşdırmaq çox gözəl bir təcrübədir. Mənim fikrimcə, biz bir neçə belə universiteti hər cür yardımla (yalnız hökumət tərəfindən deyil, təhsil artıq hökumətin problemi olmaqdan çıxıb, bütün millət bu prosesdə iştirak etməlidir) nümunə kimi dünya səviyyəli universitetə çevirməliyik. Əsas hədəf top 100-lüyə çıxmaq olmalıdır. Hazırda UNEC ildə 200-300 universiteti geridə buraxır, amma cəmiyyətdən və hökumətdən dəstək gələrsə, uzağı on ilə bu hədəfə nail olmaq mümkündür.
Bu ilki reytinqdə daha iki universitetin təcrübəsi maraqlıdır: Sumqayıt Dövlət Universiteti və Bakı Mühəndislik Universiteti ciddi yüksəliş əldə etmişdir. SDU-nun vəziyyəti UNEC-in 15 il əvvəlinə nisbətən daha pis idi (elm, təhsil, reputasiya və s. baxımından). Amma çox qısa zamanda universitet bir “alver mərkəzindən” QS indeksi ilə Qərb standartlarına uyğun bir təhsil ocağına çevrilə bildisə, demək ki, böyük potensial var.
Bakı Mühəndislik Universitetində vəziyyət bir qədər fərqlidir. Bu universitet 10-15 il əvvəl reytinqlərdə adətən ölkə üzrə birinci yeri tuturdu, müasir standartlara uyğun, rüşvətsiz, korrupsiyadan uzaq, Azərbaycanın “yazılmayan təhsil qaydalarından” tamamilə uzaq bəlkə də tək universitetlərdən biri idi. Güclü və təmiz kollektivi var idi. Amma son dövrlərdə bəlli hadisələrdən sonra geriləmişdi və bu proses davam edirdi. Buna baxmayaraq, bu universitetin bu il QS-in reytinq cədvəlində birbaşa ilk minliyə düşməsi xeyli ümid yaratmışdır.
Bu hər iki universitet üçün və ümumilikdə digər universitetlər üçün də İ.V. Stalinin “hər şeyi kadrlar həll edir” kəlamı reallığı əks etdirir. Faktiki olaraq, bütün universitetlərdə faydalı iş əmsalı kadr dəyişikliyindən sonra artmağa başlamışdır. Amma təəssüflər olsun ki, hələ də keçmiş standartlarla çalışan təhsil ocaqları var. Buna qarşı mübarizə yalnız hökumət tərəfindən deyil, bütün cəmiyyət tərəfindən aparılmalıdır. Hər kəs dərk etməlidir ki, ölkənin və millətin gələcək taleyi universitet auditoriyalarında həll olunur.
Təbriz Universiteti – qürurverici istisna
Sevindirici hal Təbriz Universiteti ilə baş verir. Hesab edirəm ki, bir xalq üçün fərq etmir harada yerləşir – uğurlu universitet bütöv millətin universitetidir. Vaxtilə BDU Təbriz Universitetindən çox irəlidə idi. İndi bütün milli universitetlərimizi təhlil etsək görərik ki, Təbriz Universiteti birinci yerdədir.
Cədvəldə sonuncu qeyd olunan məlumat Təbriz Universitetinə aiddir (dünyanın top 1500 universiteti içərisində – 578-ci yer). Əgər BDU-də hər əməkdaşa 1.9 istinad düşürsə, Təbriz Universitetində bu rəqəm 91.7-dir. Təəssüf doğuran odur ki, heç bir Şimali Azərbaycan universitetinin Təbriz Universiteti ilə əməkdaşlıq əlaqəsi yoxdur.
Sabiq maliyyə naziri,
professor Saleh Məmmədov
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ