Onlayn ictimai-siyasi qəzet
Rusiyada fəaliyyət göstərən FНКА “AzərRos”un rəhbəri Xanoğlan Əliyev növbəti dəfə Azərbaycan ictimaiyyətində haqlı qəzəb doğuran addım atıb.
Musavat.com xəbər verir ki, o, Rusiya ordusunun “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibə zonasına — Luqanska humanitar yardım göndərdiyini bəyan edib.
Xanoğlan Əliyev yayılan açıqlamasında 100 cüt ayaqqabı, 100 ədəd geyim dəsti və 27 ədəd hərbi oturacaqdan ibarət yükün SVO zonasında döyüşənlər üçün göndərildiyini bildirib. O, bu addımı “uşaqlarımızın gələcəyi uğrunda vuruşan döyüşçülərə dəstək” kimi təqdim edib.
Amma burada sual yaranır: nə üçün Xanoğlan Əliyev və onun rəhbərlik etdiyi “AzərRos” təşkilatı Qarabağ savaşı zamanı eyni humanitar həssaslıq göstərmədi?
Azərbaycan 2020-ci ilin Vətən müharibəsində 30 il işğal altında qalmış torpaqlarını azad edərkən, nə “AzərRos”dan, nə də onun rəhbərindən bir dəstək bəyanatı eşidilmədi. Nə humanitar yardım göndərildi, nə də şəhid ailələrinə yardım aksiyası keçirildi. O zaman Azərbaycanın yanında görünməyən bir diaspor rəhbərinin bu gün başqa bir ölkənin ordusuna yardım etməsi qəbuledilməzdir.
Bu davranış, əslində, Xanoğlan Əliyevin kimliyini və onun rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətini açıq şəkildə ortaya qoyur.
“AzərRos” Azərbaycan diasporunun adını daşısa da, Azərbaycanın milli maraqlarını təmsil etmir.
Əksinə, bu cür aksiyalarla Moskvanın siyasi sifarişlərini yerinə yetirir, rus təbliğat maşınının bir hissəsinə çevrilir.
Daha da təəssüf doğuran odur ki, o, bu yardımın “uşaqların gələcəyi uğrunda vuruşan döyüşçülərə” göndərildiyini deyir. Halbuki məhz həmin “döyüşçülər” Ukraynanın dinc şəhərlərini dağıdır, minlərlə uşağı evsiz və valideynsiz qoyur. Belə bir əməli “humanitar” adlandırmaq mənəvi saxtakarlıqdan başqa bir şey deyil.
Azərbaycan diasporu illərlə dünyanın müxtəlif yerlərində ölkəmizin haqq səsini çatdırmaq üçün mübarizə aparıb. Bu missiyanın mahiyyəti — Azərbaycanın suverenliyini, Qarabağda əldə olunan qələbəni və dövlət müstəqilliyini qorumaqdır. Amma Xanoğlan Əliyevin rəhbərlik etdiyi qurum bu ali məqsədlərdən uzaq düşüb, Azərbaycanın adından istifadə edərək Kremlin təbliğatına xidmət edir.
Azərbaycan cəmiyyəti bu cür riyakar davranışları görür və qiymətləndirir. Haqq savaşında susub, başqalarının müharibəsinə “yardım” daşıyanlar tarix qarşısında heç vaxt hörmətlə anılmayacaqlar.
Bu, həm mənəvi xəyanətdir, həm də Azərbaycan diasporunun nüfuzuna zərbədir.
Əli Rais,
Musavat.com
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ