Onlayn ictimai-siyasi qəzet
“Dünyanı qabaqlayan iqtisadi artım templəri nümayiş etdirən Avrasiya İqtisadi İttifaqı (Aİİ) üçüncü ölkələrin diqqətini getdikcə daha çox cəlb edir. Lakin təşkilat ilk növbədə Özbəkistanı tamhüquqlu üzv kimi görmək istərdi”.
Bu barədə Rusiya prezidenti Vladimir Putin Aİİ-nin Minskdə keçirilən forumunda və onun başa çatmasından dərhal sonra bəyanatla çıxış edərkən deyib.
Özbəkistan 2020-ci ildən Aİİ-də müşahidəçi statusuna malikdir. Prezident Şavkat Mirziyoyev Özbəkistanın Aİİ ilə əməkdaşlıq etmək istəyini təsdiqləyib, lakin üzvlük üçün dəqiq vaxt müəyyən edilməyib. Bu, Özbəkistanın 2026-cı ilə qədər Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq planları ilə bağlıdır, bundan sonra o, təqribən 2027-2028-ci illərdə Aİİ-yə daxil olmağa diqqət yetirəcək.
Vladimir Putin Minskdə keçirilən sammitdə Aİİ ölkələrinin iqtisadiyyatlarının qlobal orta artım templərini üstələdiyini qeyd edib. Belarus prezidenti Aleksandr Lukaşenko əlavə edib ki, ötən il Aİİ ölkələrinin ÜDM-i təxminən 4,5% artaraq 2,5 trilyon dolları ötüb və bu, formalaşma mərhələsinin uğurla başa çatdığını nümayiş etdirir. Sənaye istehsalı 4,5%, əsas kapitala investisiyalar isə 7,5% artıb ki, Lukaşenko bunu “layiqli nəticə” adlandırıb.
Lukaşenko Aİİ-də maraqla gözlənilən ölkənin Özbəkistan olduğunu bildirib. "Siz Aİİ-nin çoxdankı dostusunuz. Bilirsiniz, biz sizi ittifaqımızın tamhüquqlu üzvü kimi Aİİ-də həmişə gözləyirik. Biz buna şad olarıq", - Belarus dövlətinin başçısı vurğulayıb.
Qeyd edək ki, son vaxtlar Rusiya-Belarus ittifaqı var gücləri postsovet ölkələrə “qarmaq” atır, onların yenidən Moskvanın ətrafında konsolidasiyasına nail olmaq üçün hər yola baş vururlar. Göründüyü kimi, hazırda hədəf Özbəkistandır. Onu yola gətirsələr, Qırğızıstan, Tacikistan və Türkmənistanı ram etmək çətin olmayacaq.
Musavat.com
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ