Onlayn ictimai-siyasi qəzet
Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistanda baş verən son hadisələri bu ölkənin daxili işi adlandırıb.
"Bu, Ermənistanın daxili işidir. Biz bu daxili məsələlərə heç bir şəkildə qarışmaq istəmirik", - o, jurnalist Pavel Zarubinə müsahibəsində deyib. Musavat.com xəbər verir ki, onun sözlərini “İnterfaks” sitat gətirib.
"Ermənistan bizə çox yaxın olan ölkədir. Unutmayaq ki, bir neçə milyon erməni Rusiya Federasiyasının vətəndaşıdır və bu hadisələri ağrı-acı ilə izləyirlər. Təbii ki, çoxları bunun baş verməsini qəbul etmir", - Rusiya prezidentinin mətbuat katibi bildirib. “Bəli, biz izləyirik, lakin bu, Ermənistanın daxili işidir”, - o vurğulayıb.
Yada salaq ki, Ermənistanda həbslər iyunun 18-də rusiyalı biznesmen Samvel Karapetyanın saxlanması ilə başlayıb.İrəvan məhkəməsi onun hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etdiyinə görə iki aylıq həbs qərarı çıxarıb. Daha sonra eyni ittihamla arxiyepiskop Baqrat Qalstanyan, “Müqəddəs mübarizə” tərəfdarları və arxiyepiskop Mikael Ajapaxyan iki ay müddətinə həbs edilib.
Ermənistandakı həbslər Rusiya mediasında da geniş təhlilərə yer verir. Bu yazılarda əsasən, Ermənistanın baş naziri Nikol Paşinyan hədəfə alınır.
“Seçkilərə hələ bir il zaman qalsa da, rəqiblərə qarşı təzyiqi artırmaq məntiqlidir”. Bunu “SP”nəşrinə müsahibəsində rusiyalı politoloq Mixail Neyjmakov deyib. Onun sözlərinə görə, hadisələrin yaratdığı rezonansın bir-iki aya səngimək ehtimalı böyükdür, lakin 2026-cı il seçkilərinə yaxın Ermənistanda etirazlar yenidən alovlanacaq. Ekspert düşünür ki, Qarabağda müharibəni uduzmasından sonra Paşinyanın partiyasının seçkilərdə bütün rəqiblərinin cəmlədiyi səsdən çox səs toplaması bu dəfə baş verməyə bilər: “2021-ci il parlament seçkilərində hakim partiyanı yenidən müharibənin başlayacağından qorxanlar dəstəklədi. İndi Ermənistan cəmiyyətində bu cür qorxular çox güman ki, daha az olacaq. Paşinyanın 2026-cı ildə başqa məsələlər ətrafında, məsələn, Avrop İttifaqı ilə gələcək yaxınlaşma məsələsində tərəddüd edən seçicilərin ən azı bir hissəsini səfərbər edə biləcəyi ehtimalı var. Amma ümumilikdə görünən odur ki, Paşinyanın komandası gələcək seçkilərdə rəqibləri ətrafında seçki səfərbərliyi ilə deyil, müxalifətin küçə etirazları üçün təşkilatlanmasından daha çox ehtiyatlanır”.
Ekspert düşünür ki, kilsə nümayəndələrinə qarşı sərt addımlar Paşinyanın müxalifətinin təşkilatlanması riski yaradır: “Amma nəzərə almaq lazımdır ki, baş nazirlə Erməni Apostol Kilsəsinin iyerarxları arasında gərginlik yeni hadisə deyil. Yəni kilsə tərəfdarı olan şəxslər, çox güman ki, hakim partiya düşərgəsini çoxdan tərk ediblər. Kilsə iyerarxları arasından siyasi arenada nisbətən yeni kimi qəbul ediləcək və eyni zamanda köhnə müxalifət liderləri ilə birbaşa əlaqəsi olmayan ictimai xadimlər çıxa bilər”.
Avropa ölkələrinin Ermənistandakı səfirlərinin açıq-aşkar antidemokratik addımlarına görə Paşinyandan izahat tələb etməsi barədə iddialara gəlincə, Mixail Neyjmakov bunu inandırıcı hesab edir. “İstisna etmək olmaz ki, bəzi avropalı diplomatlar həqiqətən də Ermənistanın baş nazirinin komandasının nümayəndələrinə onun opponentlərinə niyə belə sərt təzyiqlər edildiyi barədə suallar verə bilərlər. Ermənistanın baş naziri üçün Aİ indi eyni kilsə xadimləri və ya müxalifətlə münaqişə məsələlərinə ictimai dəstək deyil, daha çox yaxınlaşma ilə bağlı yeni jestlərlə maraqlanır. Məsələn, viza rejiminin liberallaşdırılması.Brüssel isə belə siqnallar verməkdə davam edir - məsələn, iyulun 7-9-da Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Komitəsinin iclasının keçiriləcəyi elan olunub.
Ekspertə görə, Rusiya rəsmiləri Ermənistandakı vəziyyətlə bağlı ehtiyatlı açıqlamalar verməkdə hələ davam edəcəklər. “Rusiya tərəfinin ehtiyatlı taktikasının üç əsas səbəbi ola bilər. Hələlik Moskva-İrəvan münasibətlərində “buzların nisbi əriməsi” yaşanır. Rusiya rəhbərliyi yəqin ki, ən azı indiki mərhələdə Paşinyanın opponentlərinin onun hakimiyyətdən kənarlaşdırılmasına nail olmaq üçün belə genişmiqyaslı etiraz kampaniyası təşkil etməyə qadir olduğuna şübhə edir. Nəhayət, Rusiya rəsmilərinin Paşinyanın əleyhdarlarına fəal ictimai dəstəyi əks effekt verə bilər - ən azı Ermənistan daxilindəki tərəddüdlü auditoriyanın bir hissəsi bunu Rusiyanın kənar müdaxilə kimi qəbul edəcək. Ermənistan siyasətçiləri arasında, şübhəsiz ki, Rusiya ilə yaxınlaşmanın tərəfdarları var. Məsələn, Robert Köçəryana və Serj Sərkisyan. Amma nəzərə almağa dəyər ki, bu siyasətçiləri antireytinqi də kifayət qədər yüksəkdir. Yəni Ermənistanda müxalifəti maraqlandıran suallardan biri də qərarsız seçicilər arasından öz tərəfdarlarını cəlb etməyə qadir olan yeni simaların ön plana çıxmasının mümkün olub-olmamasıdır”.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ