İnsanlara hürriyət, millətlərə istiqlal!

Az bal toplayanlar bu yazını OXUSUN

İmtahan prosesindən sonra abituriyentlərin qarşısında ən vacib mərhələlərdən biri ixtisas seçimidir. Xüsusilə az bal toplayan tələbələr üçün bu mərhələ həm çətin, həm də gələcək karyeraları baxımından böyük əhəmiyyət kəsb edir.

İLQAR SON.jpg (39 KB)

Təhsil eksperti İlqar Orucov Musavat.com-a açıqlamasında bildirib ki, bu mərhələ imtahan qədər gərgin və mürəkkəb ola bilər:

“İmtahandan yüksək nəticə ilə çıxan abituriyentlər öz hədəflərinə daha rahat çatırlar, çünki istədikləri ixtisaslara daxil olmaq şansları yüksək olur. Onlar əvvəldən məqsəd qoyur, hazırlıq planı qurur və bu mərhələdə əsas çətinlik yaşamırlar. Amma az bal toplayanlar üçün ixtisas seçimi daha mürəkkəb və gərgin bir prosesə çevrilir. Onlar həm öz imkanlarını düzgün qiymətləndirməli, həm də real seçimlər üzərində düşünməlidirlər. Bu mərhələdə yanlış seçimlər gələcəkdə həm təhsil, həm də karyera perspektivlərinə mənfi təsir göstərə bilər”.

Ekspert qeyd edib ki, az bal toplayan tələbələr ixtisas seçimi zamanı Dövlət İmtahan Mərkəzinin əvvəlki illərin nəticələrini və keçid ballarını diqqətlə araşdırmalıdırlar:

“Ən vacib məqamlardan biri keçən ilin ixtisaslara keçid ballarına baxmaqdır. Bu ballar təxminən stabil qalır və böyük dəyişikliklər olmur. Abituriyentlər topladıqları bal səviyyəsinə uyğun və ya bir qədər aşağı olan ixtisaslara seçim etməlidirlər. Bu, uğur şansını artırır. Bu sahədə ixtisaslaşmış təhsil ekspertləri var və onlar abituriyentlərə doğru istiqamət verməkdə kömək edə bilər. Mən də məsləhət verməyə hazıram və hesab edirəm ki, mütəxəssis dəstəyi seçim mərhələsində uğuru artırır”.

İlqar Orucov vurğulayıb ki, seçim prosesində diqqətli olmaq, düzgün araşdırma aparmaq və təcrübəli insanlarla məsləhətləşmək abituriyentlərin universitetə qəbul şanslarını yüksəldir:

“Seçim mərhələsində diqqətli olmaq, məlumatlı qərar vermək önəmlidir. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatlarına, keçid ballarına əsaslanmalı, həmçinin öz maraq və bacarıqlarını nəzərə almalıdırlar. Sənədləri vaxtında və düzgün təqdim etmək, lazım gəldikdə peşəkar məsləhət almaq vacibdir. Ən əsası isə seçim zamanı real imkanları qiymətləndirmək və gələcək karyeralarını düşünməkdir. Bu mərhələ şans deyil, məsuliyyət və gələcəyin başlanğıcıdır”.

Sultan Məmmədli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR