İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı sakinlərinin “Bolt” narazılığı

Son zamanlar “Bolt” və digər taksi xidməti platformaları ilə bağlı sərnişinlərin şikayətləri artıb. İddialar arasında sürücülərin kobud davranışı, marşrutdan kənar hərəkətlər, qiymətlərin əsassız dəyişdirilməsi və avtomobillərin texniki vəziyyətinin standartlara uyğun olmaması kimi hallar üstünlük təşkil edir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Musavat.com-a açıqlamasında bildirib ki, vətəndaşlar taksi sahəsində qarşılaşdıqları problemlərlə bağlı “141” Çağrı Mərkəzinə və ya qurumun sosial şəbəkə hesablarına müraciət etsinlər:

“Əgər sərnişinlər taksi xidməti zamanı hər hansı neqativ hallarla üzləşirlərsə, xahiş edirik ki, müraciət zamanı mütləq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da qeyd etsinlər. Bu, şikayətin araşdırılması prosesini sürətləndirir”, - deyə AYNA-nın açıqlamasında vurğulanıb.

Qurumdan verilən məlumata görə, taksi nəqliyyat vasitələri ilə sərnişindaşımalarında xidmət keyfiyyəti ilə bağlı daxil olan bütün müraciətlər AYNA tərəfindən diqqətlə araşdırılır:

“Qurum neqativ halların qarşısının alınması üçün zəruri tədbirlər görür və təkrarlanma hallarının qarşısını almağa çalışır,” – açıqlamada bildirilir. AYNA-nın mətbuat katibi Tural Orucov isə qeyd edib: “Vətəndaşların aktiv şəkildə şikayət və təkliflərini bildirməsi xidmət keyfiyyətinin yüksəldilməsinə böyük töhfə verir. Sərnişinlərin fikirləri bizim üçün önəmlidir və hər bir müraciət araşdırılır. Məqsədimiz həm sürücülər, həm də sərnişinlər üçün təhlükəsiz, rahat və keyfiyyətli taksi xidməti təmin etməkdir”.

Sultan Məmmədli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR