İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan" Elektrik Stansiyasına Ermənistandan atılan raketlər partlamayıb - MƏHKƏMƏDƏ AÇIQLANDI

Bakı Məhkəmə Kompleksində Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir. Haqlı olaraq “Nürnberq prosesi” adlandırılan məhkəmə prosesində müttəhimlər kürsüsünü Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri bölüşürlər.

Musavat.com xəbər verir ki, geniş ictimaiyyətin diqqət mərkəzində olan cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə baxılır. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir.

Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir. 

İyunun 2-də keçirilən  məhkəmə prosesində baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin iştirakı ilə 2020-ci ildə baş vermiş 44 günlük müharibə dövründə Azərbaycan Respublikasının mülki infrastrukturuna ziyan vurulması, mülki şəxslərin öldürülməsi ilə bağlı hadisə yerinə baxış protokolları və ekspert rəyləri tədqiq edilib. Sənədlərdən bir qismi Mingəçevir şəhərinin atəşə tutulması faktları üzrə olub.

Tədqiq edilən sənədlərə əsasən, müəyyən olunub ki, silahlı münaqişə zonasından tamamilə kənar coğrafi koordinatda yerləşən Azərbaycan Respublikasının 4-cü ən böyük şəhəri olan Mingəçevir şəhəri, habelə həmin şəhərdə yerləşən və ölkəni elektrik enerjisini ilə təmin edən “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) 2020-ci il oktyabrın 4-də saat 22 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raketlərlə qəsdən hədəfə alınaraq həmin istiqamətdə atəşlər açılıb.

Müəyyən edilib ki, “Smerç” raketlərindən biri Mingəçevir şəhəri, Bozdağ küçəsi 60 ünvanında yerləşən, 21.08.1984-cü il təvəllüdlü  Elçin Yaqub oğlu Bağırova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində inşa edilmiş darvazanın qarşısına düşərək partlayıb. Nəticədə evə, onun “Hundai Grandeur” markalı avtomobilinə, həyətyanı sahənin qarşısında olmuş, Ağdam rayonu, Evoğlu kənd sakini, 13.10.1958-ci il təvəllüdlü qohumu Səfərov Atamoğlan Sabir oğluna məxsus “Kamaz 55111” markalı yük avtomobilinə ziyan vurulub.  Elçin Bağırov, 10.09.1957-ci il təvəllüdlü anası Nabat Çərkəz qızı Bağırova, qohumu  Atamoğlan Sabir oğlu Səfərov, eləcə də qonşuluğunda yerləşən fərdi yaşayış evinin sahibi, 02.09.2004-cü il təvəllüdlü  Adil Müşfiq oğlu İbrahimli bədən xəsarətləri alıblar.

Qeyd olunan partlayışın təsirindən raketin düşdüyü yerdə torpaq üzərində çala əmələ gəlib. Yük avtomobilinin dəmir konstruksiyalı yük yeri avtomobildən qoparaq təxminən 8 metr aralıdan keçən su kanalına düşüb. Müəyyən edilib ki, hadisə yerindən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-yə olan məsafə 2 min 800, Mingəçevir su anbarının bəndinə olan məsafə isə 5 min 300 metrdir.

“Smerç” raketlərindən biri Mingəçevir şəhəri, Azdres qəsəbəsində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin 6 və 7-ci enerji bloklarının arasındakı boş sahəyə düşərək asfalt örtüyü dəlib 40 santimetr dərinliyində yerə batıb və xoşbəxtlikdən partlamayıb. Raketin düşdüyü yerdən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin 6-cı enerji blokunun giriş qapısınadək məsafə 19 metr, 7-ci enerji blokunun giriş qapısınadək məsafə isə 29 metrdir.

Həmçinin müəyyən edilib ki, Ermənistan silahlı qüvvələri oktyabrın 4-dən sonrakı günlərdə də Mingəçevir şəhərini qəsdən hədəfə alaraq həmin istiqamətdə raket mərmiləri atıb. Belə ki, oktyabrın 11-də, 5 radələrində “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yerləşdiyi ərazi yenidən hədəf seçilib və atılmış raket MMC-nin inzibati binasının həyətyanı sahəsindəki parkın ərazisində çəmənlik sahəyə düşüb. Xoşbəxtlikdən partlamadığı üçün həlak olan və ya xəsarət alan olmayıb.

Hadisələrin baş verdiyi yerin ətraf ərazilərində hər hansı hərbi obyekt yoxdur.

 Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var. Qeyd edək ki, Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robert təqsirləndirilən şəxs qismində cəlb olunublar. Baş prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, 2 may 2024-cü ildə Azərbaycan Baş prokurorunun qərarı ilə, 1987-ci ilin oktyabrından 2024-cü il, 22 aprel tarixinədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında araşdırılmış 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Baş Prokurorluğunun rəhbərliyi altında, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.

Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunublar.

Onların hər birinin müdafiə, dil seçimi və digər prosessual hüquqları təmin edilib.

Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib.

Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.

Azərbaycan Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinənlərin, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir.

Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR