Onlayn ictimai-siyasi qəzet
Macarıstan Şərqə açılma siyasətini inkişaf etdirir və Avropa İttifaqı ilə türk dünyası arasında əlaqə rolunu gücləndirməyə çalışır
Prezident İlham Əliyevin Macarıstana səfəri bir daha iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqlədi. Azərbaycan və Macarıstan dost ölkə, strateji tərəfdaşdır. Keçirilən görüşlərdə də aydın oldu ki, bir çox məsələlər üzrə Bakı ilə Budapeştin mövqeyi üst-üstə düşür. İkitərəfli gündəlik də kifayət qədər genişdir. Energetika sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Macarıstan şirkətləri Azərbaycanın neft və qaz layihəsində pay sahibidir.
Bu fikirləri Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısı barədə şərh verərkən bildirib.
Deputat vurğulayıb ki, liderlər gələn ilin əvvəlində imzalanacaq növbəti kontrakt ətrafında da fikir mübadiləsi apardılar:
“Tərəflər eyni zamanda yaşıl enerji üzrə əməkdaşlıq üzərində də fəal işləyir.
Macarıstanın baş naziri Viktor Orban öz növbəsində Azərbaycanı “dar günün dostu” adlandırdı. Bu da təsadüfi deyil. Cənab Orban bəyan etdi ki, “artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub”.
Qeyd etmək lazımdır ki, Macarıstan da bu dəstəyə cavab olaraq, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarına zidd qərarlara qarşı çıxıb.
Cənab Prezident də öz növbəsində Viktor Orban haqqında müsbət fikirlər səsləndirdi. Macarıstanın timsalında Avropa İttifaqına daxil olan ölkənin öz milli maraqlarını qətiyyətlə qorumasını əsl qəhrəmanlıq adlandırdı”.
N.Məmmədova hesab edir ki, Macarıstan Avropa İttifaqı məkanında öz maraqlarını müdafiə edən, kənar qüvvələrin macar cəmiyyətinə dağıdıcı təsir cəhdlərini qətiyyətlə neytrallaşdırmağı bacarıb:
“Bu gün Macarıstanda milli dəyərlərin, ailə dəyərlərinin qorunması, neqativ təsirlərin qarşısının alınması Viktor Orbanın siyasəti sayəsində mümkündür. Viktor Orbanın prinsipiallığı, mövqeyindən geri çəkilməməsi, Aİ daxilində öz müstəqil siyasətini həyata keçirməsi nümunədir.
Yeri gəlmişkən, tarixdə ilk dəfədir ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısı Macarıstanda keçirildi. Macarıstan təşkilatın tamhüquqlu üzvü olmasa da, müşahidəçidir.
Viktor Orban bəyan etdi ki, rəsmi Budapeşt ev sahibi kimi beynəlxalq diplomatiyada vəziyyətin gündən-günə dəyişdiyi, təhlükələrin və çağırışların artdığı bir vaxtda dost ölkələrin bir araya gələrək beynəlxalq münasibətləri müzakirə etməsindən məmnundur. Hesab edirəm ki, Budapeşt zirvəsi TDT üçün vacib əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi və veriləcək vacib qərarlarla yadda qaldı.
Budapeşt görüşündə də əsas diqqət Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ticarət, logistika marşrutlarının inkişafı və iqtisadi əlaqələrin gücləndirilməsi məsələlərinə yönəldi. Macarıstanın Türk Dövlətləri Təşkilatındakı rolu spesifik xarakter daşıyır. Bundan əlavə, məlumdur ki, Macarıstan təşkilata müşahidəçi statusu ilə olsa da qoşulan ilk və hələlik yeganə Aİ ölkəsidir.
Macarıstan Şərqə açılma siyasətini inkişaf etdirir və Avropa İttifaqı ilə türk dünyası arasında əlaqə rolunu gücləndirməyə çalışır. Ona görə də sammitin Macarıstan platformasında keçirilməsi bu ölkənin Mərkəzi Asiya ölkələri və digər türk dövlətləri ilə dialoqun dərinləşdirilməsində, qarşılıqlı fəaliyyət üçün strateji formatın yaradılmasında maraqlı olduğunu təsdiqləyir”.
Deputat qeyd edib ki, üzv dövlətlər bir daha regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə təhdid yaradan bütün faktorlarla mübarizədə birgə səyləri davam etdirməyə sadiqliklərini təsdiqlədilər.
“Yeri gəlmişkən, Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi, o cümlədən onun əsas nəticəsi olan Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslər Budapeşt bəyannaməsində də təqdir olunur. TDT üzv ölkələri region boyu yaşıl enerji dəhlizlərinin inkişafının vacibliyini qeyd ediblər”, - deyə deputat əlavə edib.
Nigar HƏSƏNLİ
Musavat.com
22 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ