Onlayn ictimai-siyasi qəzet
Azərbaycan dövləti “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində ölkəmizdə ali təhsil almaq hüququ qazanmış 14 fələstinli tələbəni Qəzza bölgəsindən təxliyə edib. Xarici İşlər Nazirliyinin həyata keçirdiyi proses sentyabrın 17-də başlayıb. Artıq onlardan 10 nəfər Bakıya gətirilib və Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanıb. Digər 4 nəfərin isə yaxın saatlarda gələcəyi gözlənilir.
Musavat.com APA-ya istinadən xəbər verir ki, bu addım Azərbaycan dövlətinin fələstin xalqına münasibətdə ardıcıl mövqeyinin bariz nümunəsidir. Rəsmi Bakı uzun illərdir ki, həm BMT tribunasında, həm də digər beynəlxalq platformalarda Fələstinin iki dövlətli həll modelini dəstəkləyir, Qəzzadakı humanitar faciələrə diqqət çəkir. Azərbaycanın fələstinlilərə göstərdiyi humanitar yardımlar artıq ənənəvi xarakter alıb. İndi isə bu yardım yeni bir müstəviyə – təhsil müstəvisinə daşınıb.
Ekspertlərin fikrincə, bu jest Azərbaycanın beynəlxalq aləmdə balanslı və müstəqil siyasətinin təzahürüdür. Bakı humanitar məsələlərdə prinsipial və insanpərvər mövqeyini ortaya qoyur, eyni zamanda regional balansı qorumağı bacarır. Azərbaycanın modeli ondan ibarətdir ki, münaqişələrin ortasında belə humanizm və yardım prinsiplərindən geri çəkilmir.
Azərbaycan dövlətinin atdığı bu addım həm insanlıq, həm də beynəlxalq hüquq baxımından dəyərli və örnək sayıla bilər.
Musavat.com
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ