Onlayn ictimai-siyasi qəzet
Vətən müharibəsindən sonra bölgədə baş verən separatizm cəhdləri Azərbaycanın öz ərazilərində tam suverenliyini təmin etmək üçün alternativ seçim yolu qoymadı. Bu səbəbdən lokal xarakterli antiterror əməliyyatının keçirilməsi qaçılmaz zərurətə çevrildi.
2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam şəkildə bərpa olundu. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyatdan sonra separatçı silahlı birləşmələr ağ bayraq qaldırmağa məcbur oldular.
Uğurla aparılan bu əməliyyatdan dərhal sonra Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Azərbaycan Bayrağı ucaldıldı. Bununla da Azərbaycan dövlətinin ərazi bütövlüyü tam təmin olundu.
Həmin ilin noyabrın 8-də Xankəndidə keçirilən təntənəli hərbi parad isə tarixi Qələbəmizin simvoluna çevrildi. Zəfərin üçüncü ildönümünə həsr olunan bu parad Azərbaycanın gücünü, əzmini və ərazi bütövlüyünü bərpa etmək uğrunda apardığı mübarizənin yekun qələbəsini bütün dünyaya nümayiş etdirdi.
Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmov Musavat.com-a açıqlamasında bildirib ki, antiterror əməliyyatı olmasaydı, Qarabağda həm rus əsgərləri qalacaqdı, həm də separatçılardan oranı təmizləmək çox çətin olardı: “Xankəndidə hələ də 16 erməni qalıb. Onlardan bir nəfər terror törətməyə cəhd etdi. Əgər bu cür ermənilərin sayı orada 10 minlərlə olsaydı, görün nələr baş verərdi. Bu baxımdan antiterror çox uğurlu əməliyyat idi və ona uzun müddət hazırlıqlar getmişdi. Belə ki, əməliyyata qədər müəyyən strateji hündürlüklər azad edilmişdi və oraya öz qoşunlarımız yerləşdirilmişdi. Daha sonra xüsusi xidmət orqanlarımız onların qeyri-qanuni silahlı birləşmələrinin sayını, texnikalarını araşdırdı. Bütün bunları nəzərə alaraq ordumuz bu əməliyyatı keçirmək məcburiyyətində qaldı. Bilirsiniz ki, Rusiya Ermənistana silah daşıyırdı və erməniləri məcburi olaraq həmin əraziyə qaytarırdı. Xankəndidəki ermənilər silahlandırılırdı. Azərbaycan bununla bağlı dəfələrlə xəbərdarlıq etmişdi, amma əhəmiyyət vermirdilər. Sonda ordumuz yaranmış vəziyyətdən dolayı uğurlu antiterror əməliyyatını keçirdi. 23 saat ərzində erməni silahlı birləşmələri təslim olmağa məcbur oldular. Bir daha Azərbaycan ordusunun, dövlətçiliyinin güclü olmasını həm ruslar, həm də separatçılar gördülər. Nəticədə Azərbaycann tələbləri ilə razılaşdılar və Yevlaxda kapitulyasiyaya imza atdılar”.
Hərbi ekspert bildirir ki, xarici ekspertlər də əməliyyatı tarixi hadisə kimi qiymətləndirirlər:
"Həmin ərazilərdə 15 mindən artıq separatçı var idi. Demək olar ki, hər silahdan varları idi. Bu əməliyyat haqqında məlumatlara dərsliklərdə geniş yer verilməlidir. Gələcək nəsillər bilməlidir ki, ordumuz belə bir uğurlu əməliyyat keçirib. Bu günləri xüsusi bayram kimi qeyd etmək lazımdır. Doğrudur, bu əməliyyatda şəhidlər də verdik. Təəssüf ki, qələbə itkisiz olmur.
Ukraynalı ekspertlər, jurnalistlər bizim keçirdiyimiz əməliyyata heyran idilər. Hətta Dmitri Qordon demişdi ki, “futbolda olduğu kimi mümkün olsaydı, Azərbaycanın prezidentini də Ukraynaya transfer edərdik".
Onlar Ali Baş Komandanın rəhbərliyini, əməliyyatlara nəzarət etməsini böyük heyranlıqla efirlərdə dilə gətirirdilər. Böyük Britaniyanın hərbiyönlü institutlarının açıqlamalarını oxuyuram, orada da antiterroru uğurlu əməliyyat kimi qiymətləndirirlər. ABŞ-nin quru qoşunlarının keçmiş komadanı da açıqlama vermişdi ki, Azərbaycan 23 saat ərzində 15 minə yaxın qoşunu dizi üstdə çökdürdü. Xarici mətbuatda yazırdılar. “The New York Times” qəzeti əvvəlcə Azərbaycanı dəstəkləmədi, lakin sonradan uğurlu əməliyyatını dana bilmədi".
Şahanə Rəhimli
Musavat.com
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ