İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın edam etdirəcəyi azərbaycanlı - Tehran o qərarı yubatdıqca...

İran rəsmisi Bakını əmin edir ki, səfirliyimizi terror edən Yasin Hüseynzadə barəsində hökm icra olunacaq, amma nə vaxt?

“İranın məhkəmə hakimiyyətində hökmün icrası üçün zəruri prosedurların başa çatması lazımdır. Bu məsələ xüsusi şikayət əsasında tənzimlənir”. “Yeni Müsavat” qeyd edir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə mayın 6-da Bakıda jurnalistlərə açıqlamasında bildirib.

“Azərbaycanın səfirliyinə hücum acı bir hadisə idi. Bu hadisədən sonra həm polis, həm də məhkəmə hakimiyyəti tərəfindən çox geniş istintaq aparıldı. Baxmayaraq ki, bu acı hadisə idi, amma hər iki xalqın təmaslarını daha da yaxınlaşdırdı. Hər iki tərəf münasibətləri yenidən canlandırmaq üçün təşəbbüslər irəli sürdü. İranın məhkəmə hakimiyyətində hökmün icrası üçün zəruri prosedurların başa çatması lazımdır. Bu məsələ xüsusi şikayət əsasında tənzimlənir və Azərbaycanın İrandakı səfirliyi buununla maraqlanır. Əminəm ki, ədalət qələbəsini çalacaq və hökm icra olunacaq”, - Səid Xətibzadə Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin barəsindəki hökmün icra olunmamasına münasibət bildirərkən deyib.

Yeri gəlmişkən, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, nazir müavini Səid Xətibzadə ilə görüşüb. Görüş zamanı Azərbaycanla İran arasında ikitərəfli əməkdaşlıq və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Mərəndin Yuxarı Yekan kəndində anadan olan Yasin Hüseynzadə İran-İraq müharibəsi zamanı “SEPAH” sıralarına qatılıb. O, qısa müddət ərzində müharibədə 31-ci Aşura diviziyasında da iştirak edib. 1999-cu ilə qədər Təbrizdə “SEPAH” qərargahında yük maşını sürücüsü işləyib və oradan təqaüdə yollanıb.

Yasin 1999-2006-cı illərdə Mərənddəki Yaldur məscidinə bağlı “Bəsic” qüvvələrinin komandanı olub. O, indi də həmin “Bəsic” bazası ilə əlaqəsini davam etdirir. Hətta onun Təbrizdə “Bəsic” və “SEPAH” qüvvələri ilə birlikdə son aylar Bükan və Marağada baş verən antihökumət etirazlarının dağıdılmasında iştirak etdiyi barədə məlumatlar var.

Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünə hadisə zamanı həyatını itirmiş Orxan Əsgərovun atası Rizvan Əsgərov bildirmişdi ki, ailə onun edam olunmasını tələb edir.

Bəs icra niyə bu qədər gecikir? Axı hadisə 2023-cü il yanvarın 27-də olub. Amma nə hikmətdirsə, hələ də edam hökmü icra olunmur. Əslində bu da yetərli deyil. Çünki İran istintaq orqanları terroru sifariş verənləri də üzə çıxarmalıydı. Lakin bunu etmədilər.

Hazırda isə Azərbaycan-İran əlaqələri axarına düşməkdədir. Xüsusən prezident Pezeşkianın səfəri münasibətlərə pozitiv rəng qatıb. Belə bir mərhələdə edam hökmünün icrası həyata keçirilməlidir ki, Bakı narazı qalmasın.

Qulamhüseyn Əlibəyli: “Deputatlar korpusunda dəyişiklik vacibdir” -MÜSAHİBƏ

Qulamhüseyn Əlibəyli

Hüquqşünas Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan səfirliyinə silahlı hücum edərək səfirliyin əməkdaşı Orxan Əsgərovun qətlində təqsirli bilinən şəxsin haqqında çıxarılan edam cəzasının indiyədək icra olunmamasının səbəblərini bürokratik hüquqi prosedur məsələlərinin həll olunmamasında yox, siyasi motivlərdə axtarmaq lazımdır: “Əlbəttə, hər bir ölkədə məhkəmənin çıxardığı ölüm cəzasının icrası müəyyən hüquqi prosedurları keçdikdən sonra yerinə yetirilir. İranda və bəzi digər müsəlman dövlətlərində isə həm də zərərçəkmiş şəxsin özünün və ya ailəsinin rəsmi razılığı tələb olunur. Hələ bu ilin yanvarında İran rəsmiləri formal hüquqi prosedurların hamısının keçildiyini və məhkəmə hökmünün tezliklə icra olunacağını elan etmişdilər. Mərhum Orxanın atası da edam cəzasının icra olunmasını tələb edərək bu prosesdə iştirak etmək üçün İrandakı vəkillərinə etibarnamə verdiklərini bildirmişdi. Yəni məhkəmənin çıxardığı edam cəzasının icra olunması üçün heç bir rəsmi formal maneə qalmayıb”.

Q.Əlibəyli ona görə də hesab edir ki, edam cəzasının icra olunmaması daha çox İranın rəsmi hakimiyyət dairələrinin, ümumiyyətlə, Azərbaycan dövlətinə, konkret isə törədilmiş terror aktına siyasi münasibətidir: “Rəsmi İran hakimiyyəti hələ də müstəqil Azərbaycan dövlətinin varlığı, onun bölgədə nüfuzunun artması və yeritdiyi siyasətlə barışa bilmir və fürsət düşdükcə özlərinin guya üstün olduqlarını nümayiş etdirməyə, yekəxanalıqla Azərbaycanı bir dövlət kimi aşağılamağa, ölkəmizin hakimiyyətinə və dövlət başçısına münasibətdə təhqiramiz hərəkətlər etməyə və ifadələr işlətməyə çalışırlar. Hətta bəziləri özlərini fars şovinizminin simvolu olan "şirin quyruğu" hesab edərək Azərbaycana qarşı ərazi iddialarını da vaxtaşırı dilə gətirirlər. Son vaxtlar bu münasibətin dəyişdirilməsi istiqamətində İran hakimiyyəti tərəfindən müəyyən cəhdlər müşahidə olunur. Xüsusən də İranın yeni prezidentinin belə cəhdləri müəyyən pozitiv gözləntilər yaratsa da, problemin köklü həlli üçün yetərli deyil".

Q.Əlibəylinin fikrincə, məhz İran hakimiyyətinin Azərbaycan dövlətinə belə saymazyana münasibəti səfirliyimizə qarşı törədilən terror aktının mahiyyətinin süni şəkildə dəyişdirilərək adi məişət davası səviyyəsinə endirilməsi üçün bu dövlətin rəsmilərinin müxtəlif gülünc səbəblər göstərməsinə gətirib çıxarıb: “Terror hücumundan dərhal sonra qatilin rəsmi informasiya vasitələrində az qala qəhrəman kimi qələmə verilməsi, sonra bunun adi məişət davası olması haqqında rəsmi versiya irəli sürülməsi, daha sonra terrorçunun guya psixi xəstə olduğu üçün müalicə müəssisəsində gizlədilməsi, indi isə çıxarılmış məhkəmə hökmünün icrasının müxtəlif bəhanələrlə yubadılması dediklərimizi təsdiq edir.

Bütün formal prosedurlar keçildikdən sonra da məhkəmə hökmünün icrasının süni şəkildə yubadılması İran hakimiyyətinin müəyyən dairələri tərəfindən bu məsələyə həm də Azərbaycanla bazarlıq predmeti kimi baxıldığını söyləmək üçün əsasdır. Belə ki, edam cəzasının icrası İrana casusluq etdiyinə, İranın müəyyən dairələrinin tapşırığı ilə terror aktları törətdiyinə və törədilməsinə hazırlığa görə ölkəmizdə məhkum olunmuş şəxslərin azad edilməsi məsələsi ilə əlaqələndirilə bilər. Xırda alverçi təfəkküründə olan hakimiyyət mənsublarından bundan artıq heç nə gözləmək olmaz".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR