İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada yeni korrupsiya qalmaqalı: dron alqı-satqısında milyonluq rüşvətlər ifşa edilib

Ukraynada Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğu (XAP) tərəfindən aparılan istintaq nəticəsində dron və radioelektron mübarizə (REB) sistemlərinin tədarükündə rüşvət və vəsaitlərin mənimsənilməsi faktları aşkarlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Almaniya mənşəli dw.com saytı məlumat yayıb.

İstintaq nəticəsində altı nəfər, o cümlədən keçmiş Luqansk vilayət rəhbərliyi ilə əlaqəli şəxslər barəsində həbs qərarı verilib.

İstintaqın mərkəzində Ukrayna Milli Qvardiyası üçün alınan FPV-dronlar və REB sistemləri üzrə müqavilələrin şişirdilmiş qiymətlərlə bağlanması dayanır. Təhqiqatçılar, bu müqavilələrdə yüksək məbləğdə “otkat”ların – rüşvət formasında əlavə ödənişlərin nəzərdə tutulduğunu bildirir. Sənədlərə görə, alınan dronlar Çin istehsalı olsa da, Britaniya məhsulu kimi təqdim olunaraq daha baha qiymətə satılıb.

Əsas fiqurlardan biri – Ukrayna parlamentinin deputatı və “Xalqın Xidmətçisi” partiyasının Luqansk vilayəti üzrə rəhbəri Aleksey Kuznetsov, digər əsas şübhəli isə keçmiş Luqansk administrasiya rəhbəri Sergey Qaydaydır. Onların hər ikisi tenderlərdə manipulyasiyalarda və əldə olunan vəsaitlərin bölüşdürülməsində ittiham olunur.

Prokurorluğun açıqladığına görə, “otkat”lar daxilində vəsaitlərin 20%-i büdcədən vəsait ayıran quruma, 20%-i hərbi hissənin rəhbərinə, 10%-i isə vasitəçiyə çatırdı. Qayday və Kuznetsov bu bölüşdürmənin təşkili və idarəsində mühüm rol oynayıblar. Dron tədarükçüsü “Akopters” şirkətinin direktoru Yevgeniya Sidelnikova və ortağı Vladislav Marçenko bu sxemlərdə iştirak etdiklərinə görə həm də silahlı qüvvələrin fəaliyyətinə mane olmaqda ittiham olunurlar.

İstintaq materiallarına əsasən, korrupsiya sxemləri yalnız dronlarla məhdudlaşmayıb. “Yuvitek” şirkəti vasitəsilə 5 milyon qrivnalıq REB sistemlərinin alınması zamanı da qeyri-qanuni ödənişlər baş verib. Şirkətin nümayəndəsi hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək danışıqları sənədləşdirib.

Şübhəlilərdən bəziləri rüşvət ittihamlarını təkzib edərək alınan pulları “xeyriyyə yardımı” kimi təqdim etməyə çalışıblar. Lakin istintaq orqanları bu vəsaitlərin tenderlərdə qazanılan qeyri-qanuni gəlirlər olduğunu təsdiqləyir.

Bu hadisə Ukraynada antikorrupsiya institutlarının səlahiyyətlərinin bərpasından sonra ilk böyük miqyaslı istintaq işi kimi qiymətləndirilir və prezident Zelenskinin şəffaflıq və korrupsiya ilə mübarizə çağırışları fonunda cəmiyyətin diqqətindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR