İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbçilərimiz nüvə dövlətinin paradında - düşmənlərə siqnal

Pakistanda keçirilən tədbirdə iştirakımız hansı anti-Azərbaycan qüvvələrə mesajdır? - rəy

Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə keçirilən “Müstəqillik günü” və “Haqqın qələbəsi”nə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkəyə gedib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun bir qrup komando heyəti və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestri təmsil edəcək.

Qeyd edək ki, avqustun 6-da Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədovla Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının HDQ komandanı, admiral Navid Əşrəf arasında görüş keçirilib. Bu görüşün ardınca hərbçilərimizin Pakistanda keçiriləcək paradda iştirak etməyə yollanması müttəfiq və qardaş ölkələr arasında münasibətlərin daha da yüksəlişdə olduğunu nümayiş etdirir.

Azərbaycan nüvə dövləti olan Pakistanla hərbi-siyasi əməkdaşlığını ildən-ilə inkişaf etdirir. Bu da ölkəmizə qarşı nifrətlə baxanlara təbii ki, bir siqnaldır. Pakistanın baş naziri Şahbaz Şərif həm Laçında keçirilən zirvədə, həm də Xankəndidəki sammitdə iştirak etməklə Azərbaycana siyasi dəstəyini nümayiş etdirib. Bu gün isə hərbçilərimiz paradda iştirak etməklə bütün anti-Azərbaycan qüvvələrə qüdrətini nümayiş etdirir.

Ümumiyyətlə, Azərbaycan-Pakistan münasibətləri müasir beynəlxalq münasibətlər sistemində istisna xarakteri daşıyan əməkdaşlıq modellərindən biridir və iki dövlət arasında əlaqələrin kökləri, sadəcə, siyasi və diplomatik maraqlarda deyil, eyni zamanda ortaq tarixi yaddaşda, dini-mədəni yaxınlıqda və sarsılmaz qardaşlıq bağlarında formalaşıb. Pakistan bu günə qədər Ermənistanı tanımayan və onunla diplomatik münasibətlər qurmaqdan imtina edən nadir dövlətlərdən biridir.

Yada salaq ki, hərbi təlimlər ilk dəfə 2021-ci ilin sentyabrında Bakıda keçirilib və üç qardaş ölkənin strateji hərbi koordinasiya imkanlarını nümayiş etdirib. “Üç qardaş” hərbi təlimləri əslində regionda qeyri-dost qüvvələrə yönəlmiş açıq geosiyasi mesaj idi: Azərbaycan, Türkiyə və Pakistan artıq vahid təhlükəsizlik məkanında birləşir.

Emin Həsənli: “Düşünürdülər ki, Qarabağda doğulmayan vətənpərvər ola  bilməz” - MÜSAHİBƏ | Modern.az

Emin Həsənli

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi təhlilçi Emin Həsənli “Yeni Müsavat”a açıqlamasında Azərbaycan-Türkiyə-Pakistan birliyinin bundan sonra da daim güclənəcəyini qeyd etdi: “Türkiyədən sonra Pakistan Azərbaycanın ən önəmli müttəfiqidir. Türkiyə-Azərbaycan-Pakistan əməkdaşlığı çox önəmlidir və illərin sınağından çox uğurla keçib. Pakistan Ermənistanı dövlət kimi tanımır. Azərbaycana görə heç bir diplomatik əlaqələr qurmayıb. Azərbaycanla hərbi əməkdaşlığını ən yüksək səviyyədə davam etdirir. 44 günlük savaşda bəyan etmişdi ki, əgər başqa ölkələr müharibəyə Ermənistan tərəfindən qoşulsa, Azərbaycana hər cür dəstək verməyə hazırdır. II Qarabağ savaşında Türkiyədən sonra ölkəmizə ən çox mənəvi dəstəyi Pakistan verdi. Heç təsadüfi deyil ki, müharibə zamanı Azərbaycan, Türkiyə və Pakistan bayraqları bərabər dalğalanırdı. Pakistanın Hindistanla haqq işinə də Azərbaycan hər zaman dəstək verib. Birmənalı olaraq, daim öz dəstək mövqeyini ifadə edib. Hətta Hindistan buna bir sıra dönəmlərdə etirazını da bildirib. Azərbaycan da öz növbəsində cavab verib. Hərbi sahələrdə Azərbaycan-Pakistan əlaqələri durmadan artır. Bu, çox sevindirici bir haldır. Hindistanla müharibədə Pakistan qalibdir. Bunu hər kəs bilir və qəbul edir. Əhalisi Hindistandan çox az olmasına baxmayaraq, Pakistan böyük bir cəsarət göstərdi. Azərbaycan-Türkiyə-Pakistan birgə təlimlər keçirir. Bu hərbi əməkdaşlıq da dünya və region üçün çox önəmlidir. Dünya gücləri Azərbaycan, Türkiyə və Pakistanla münasibətlərdə bu birliyi nəzərə alırlar. Gələcəkdə türkdilli digər dövlətlərin də bu birliyə qoşulmaları qaçılmazdır. Öz müstəqilliklərini qorumaq üçün həm də bu birliyə ehtiyac duymalıdırlar. Bu birlik get-gedə daha da güclənəcək”.

İndi o dövr deyil...” – Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı  Yeni Sabah

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun sözlərinə görə, Pakistanı Azərbaycanla tarixi, dini, mədəni köklər bağlayır: “Pakistan hələ Azərbaycan yenidən müstəqilliyə qovuşanda müstəqilliyimizi rəsmən şəkildə ilk tanıyan və İslam Əməkdaşlıq Təşkilatında ölkəmizə daim dəstək verən dövlətlərdən biridir. İslamabad bütün regional platformalarda hər zaman Azərbaycanı təmənnasız olaraq dəstəkləyib. Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü dövrlərində işğalçı dövlətin müstəqilliyini tanımadı və diplomatik əlaqələr qurmadı. Bu tanınmanı Ermənistan-Azərbaycan arasında normallaşma olmadan və sülh sazişi imzalamadan mümkünsüz olacağını dəfələrlə bildirib. 44 günlük Vətən müharibəsində də Pakistan Azərbaycanın yanında oldu. İslamabadla Bakı arasında çoxvektorlu əlaqələr intensiv xarakter alıb. Azərbaycanın müdafiə qabiliyyətinin daha da gücləndirilməsində, yüksək dəqiqlikli müasir silahlarla, xüsusən də hərbi təyyarələrlə təchizində önəmli rol oynayır. Prezidentlərin Şuşada və Xankəndidə keçirdiyi görüşlər dünyaya bu dostluğun mesaji idi. Birgə təlimlər hər iki dövlətin döyüş təcrübəsinin mübadiləsinə və təkmilləşdirilməsinə xidmət edir. Nəzərə almaq lazımdır ki, Pakistan nüvə dövləti olmaqla yanaşı, dünyanın ən güclü orduları sıralamasında ilk 10-luqdadır. Azərbaycanın yerləşdiyi geostrateji bölgədə Pakistan kimi güclü müttəfiqə zərurət var. İslamabadın Bakı ilə qardaşlığı və strateji müttəfiqliyi həm də çəkindirici xarakter daşıyır. Azərbaycan da Pakistana hər zaman dəstəyini ifadə edib. Son olaraq, Hindistanla silahlı toqquşmada Dehlinin təxribatını kəskin şəkildə pislədi. Pakistanda ilk dəfə keçirilən Müstəqillik günü və Haqqın qələbəsinə həsr edilmiş hərbi paradda iştirakımız hərbi əməkdaşlığın təzahürü kimi qiymətləndirilməlidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR