Onlayn ictimai-siyasi qəzet
“Qarabağ” klubunun tərcüməçisi Elvar Quliyev Barselona səfəri zamanı maraqlı bir təsadüf yaşayıb.
Musavat.com Offsideplus.az-a istinadla xəbər verir ki, komandanın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarovla şəhər mərkəzində gəzintiyə çıxan Quliyev məşhur alman mütəxəssis, “Barselona”nın baş məşqçisi Hansi Fliklə üz-üzə gəlib.
Elvar Quliyevin paylaşımına əsasən, hər şey sadə bir zarafatla başlayıb. Çakarov tanınmış bir mağazaya getmək istədiyini bildirib və onlar həmin ünvana yollanıblar. Mağazaya daxil olduqları anda qarşılarında Hansi Fliki görüblər:
“Görürük ki, Hansi Flik qabağımızda durub, telefonda nəyisə yoxlayır. Çudo ilə bir-birimizə baxdıq, bu qədər təsadüf olar?!”
Fliklə şəkil çəkdirdikdən sonra Elvar Quliyev ona “ola bilsin, yaxın zamanda yenə görüşərik” deyib. İki gün sonra isə bu sözlər gerçəyə çevrilib. “Qarabağ” nümayəndə heyəti “Barselona”nın bazasında məşqi izləyib və Fliklə bir daha görüş imkanı əldə edib.
Bu dəfə Hansi Flik onlara tanış sima kimi yanaşıb və əvvəlki görüşü dərhal xatırlayıb: “Hə, hə, əlbəttə xatırladım, yoldaşımla idim özü də”, – deyə cavab verib.
Qurban Qurbanovla fikir mübadiləsindən sonra Fliklə daha bir şəkil çəkilib.
Elvar Quliyevin həmin anlar haqqında yazdığı yazını təqdim edirik:
"Maraqlı təsadüflər həmişə olmur. Barselona səfərimizin 1-ci günündə gözlənilməz sürprizlə üzləşdik. Komandamızın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarovla şəhər mərkəzində gəzişirdik. Birdən Çudo “Dsquared2 mağazası olsaydı, baş çəkərdik” dedi. GPS-lə baxdım ,bizdən 800-900 metr aralıda göstərirdi. Dedi ki, uzaqdı, getməyək. Onsuzda edəcək bir şey yoxdu, gedək, dedim. Gəldik, içəriyə girdik, görürük ki, Hansi Flik qabağımızda durub, telefonda qurdalanır.
Çudo ilə bir-birimizə baxdıq, bu qədər təsadüf olar?! ))) Yoldaşı ilə alış-verişə gəlmişdi. Dərhal yaxınlaşmadıq. Telefonda işini bitirdirdikdən sonra, “bilirik , gün ərzində sizə yaxınlaşanlar , şəkil çəkdirənlər, avtoqraf istəyənlər çox olur”. Gülərək bizi qabaqladı “heç bir problem yoxdu, gəlin çəkək” dedi. Şəkil çəkdikdən sonra ona “ola bilsin , yaxın zamanda yenə görüşdük, bəlkə də sizə sürpriz olacaq” dedik. Təəccüblə bizə baxdı , yəgin “bunlar nə danışır?!” düşündü)) Bir az sonra mağazanı tərk etdik. Şokda idik ki, 2 milyonluq əhalisi olan Barselonada, 1-ci gün qarşımıza necə ola bilər ki, Flik çıxsın:))
2 gün sonra “Barselona”nın əsas komandasının məşqini izləyəcək , futbolçular və Flikin özüylə görüşmək imkanımız olacaqdı. Nəhayət, dünən bu baş tutdu. Flik bizi görəndə duruxdu. Dedik, hə, bizik , o gün mağazada rastlaşmışdıq. Yaxın zamanda görüşərik demişdik. “Hə, hə əlbəttə xatırladım, yoldaşımla idim özü də”. Qurban müəllimlə fikir mübadiləsindən sonra , onunla daha bir şəkil çəkdirdik. Aşağıdakı şəkillərdən biri mağazada, digəri isə “Barselona”nın bazasında çəkilib".
25 May 2025
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ