İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlılar niyə dənizdə batır? - 7 gündə 7 nəfər çimərliklərdə boğulub!

Xəzərdə hər yay təkrarlanan faciə bu yay da davam edir. İyulda, avqustda dəniz sahilləri təkcə istirahət deyil, həm də göz yaşı yerinə çevrilir.

Son bir həftədə 7 nəfərin meyiti sudan çıxarılıb. Bu, yalnız bir həftədə yaşanan faciədir.

Amma yayın ötən günlərini təhlil etsək, ölüm statistikası daha da artar.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, yalnız ötən həftə ərzində 15 nəfər dənizdə batma təhlükəsindən xilas edilib, 7 nəfərin meyiti isə sudan çıxarılıb.

Bu rəqəmlər bir həftəyə aiddir. Yay mövsümünün əvvəlindən bu yana baş verən boğulmaların sayını nəzərə alsaq, mənzərə daha da ağır görünür. Bu, artıq fərdi səhlənkarlıq, ictimai məsuliyyətsizlik və sistemli problemlərin nəticəsidir.

Bu gün dənizdə boğulma halları əsasən rəsmi qeydiyyatdan keçməyən, xilasetmə xidməti olmayan çimərliklərdə yaşanır. Xəzərin Abşeron sahillərində onlarla belə yer var. Türkan, Şıx, Pirşağı, Mərdəkan, Buzovna, Zağulba qəsəbələrinin ərazisindəki qeyri-rəsmi çimərliklərdə nə xilasetmə qülləsi var, nə də peşəkar nəzarət. İnsanlar isə bu yerlərə daha çox axışır. Belə çimərliklər həm pulsuzdur, həm də sıxlıq azdır. Ancaq nəticə odur ki, boğulan zaman kömək edən olmur.

Boğulanların əksəriyyəti üzməyi ya tam bacarmayanlardır, ya da özünü olduğundan güclü hesab edənlər. Çox vaxt dənizin içərilərinə qədər gedirlər. Amma bir dalğa geri dönüşü alt-üst edir. Suyun burulğanı, dərinlik dəyişməsi faciəyə çevrilir.

Yay istisində çimərliyə içki ilə gələnlər də az deyil. Spirtli içkinin təsiri altında dənizə girmək həm koordinasiya, həm də özünə nəzarət itkisinə səbəb olur. Təəssüf ki, bu hal bəzi hallarda boğulmalara yol açır. Üstəlik, valideynlər çox zaman azyaşlı övladlarını sahildə nəzarətsiz buraxır. Bu, çimərlikdə uşaq boğulmalarına səbəb olan başlıca faktorlardandır.

Bəzi qeyri-rəsmi çimərliklərdə xilasedici olsa belə, onların texniki təchizatı çox vaxt yetərsiz olur. Nə sürətli kater var, nə tibbi yardım çantası. Telefonla “112”yə zəng ediləndə isə əksər hallarda vaxt çox itirilmiş olur. Dənizdə batmaq isə saniyələrlə ölçülür.

Mütəxəssislər deyirlər ki, vətəndaşlar rəsmi qeydiyyatdan keçmiş çimərliklərə üstünlük versələr, durumu nisbətən dəyişmək olar.

Maraqlıdır ki, digər ölkələrdə, məsələn elə Türkiyədə çimərliklərdə boğulma halları daha azdır. Rəsmi çimərliklərdə hər 100-150 metrdən bir xilasedici qüllələri var, xüsusi xəbərdarlıq bayraqları və kameralar işləyir.

Avstraliyada xüsusi sahil patrulları 24/7 rejimində fəaliyyət göstərir, dron nəzarəti və hətta boğulanlara uzaqdan üzmə cihazı atmaq üçün robot qurğular mövcuddur.

Avropa ölkələrində çimərliklərdə yalnız rəsmi zonalarda üzməyə icazə verilir, qaydanı pozanlara sərt cərimələr tətbiq olunur.

Bu nümunələr göstərir ki, boğulmalarla mübarizə təkcə fərdi məsuliyyətlə deyil, güclü dövlət nəzarəti və texnoloji imkanlarla mümkündür.

Türkiyə və Yunanıstan kimi ölkələrdə hasarlanmış üzmə zonaları geniş yayılıb və bunun boğulma riskini xeyli azaltdığı bildirilir.

Avstraliya və Yaponiyada isə bu, başqa üsulla üzmə koridorları və sahildən uzaqdan nəzarət dronları vasitəsilə həll edilir.

Azərbaycanda Xəzərsahili ərazilər başdan-başa hasarlanıb, ələ keçirilib. Lakin sahilboyu ərazilərdə, qeyri-rəsmi çimərliklərdə təhlükəsizlik nəzərə alınmayıb. Odur ki, hər yay eyni faciəyə şahidlik edirik.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR