Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, mayın 4-də deputat Azər Badamova “təhlükəsizlik məsələləri ilə bağlı” Rusiyaya girişə icazə verilməyib. Onunla olan digər şəxslərin isə Rusiyaya buraxılmasında problem yaşanmayıb.
Artıq Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məsələ ilə bağlı Rusiya tərəfindən izahat tələb edib. Bəyanatda deyilir: “Nümayəndə heyətinin Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O, bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb. Məsələ ilə əlaqədar dərhal Rusiyadakı səfirliyimiz vasitəsilə Rusiya XİN-lə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib. Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyirik”.
Milli Məclisin deputatı Elman Nəsirov TV Musavat-a bildirib ki, Azər Badamovun Moskvada saxlanaraq deport olunması prosesində onun yanında olub. Onun sözlərinə görə, deputatlar Həştərxan vilayətinə Ulu öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə bağlı tədbirdə iştirak üçün yola düşüblər: “Sərhəd yoxlaması zamanı heç bir problem yaşanmayıb. Lakin uçuşa 45 dəqiqə qalmış iki rus sərhəd xidməti əməkdaşı yaxınlaşaraq Azər Badamovun Rusiyaya buraxılmadığını bildirib. Bizə sadəcə deyildi ki, onun Rusiya ərazisinə girişinə "stop" qoyulub. Nə səbəb göstərildi, nə də motiv izah edildi. Əksinə, bəzi qeyri-müəyyən və anlaşılmaz izahlar verildi. Məsələn, "təhlükəsizlik səbəbləri" göstərildi. Badamovu deport etdilər, biz yolumuza davam etdik... Hadisə xoş deyildi. Amma bizim səfərimizin məqsədi tam fərqli idi. Heydər Əliyevə ehtiramımızı ifadə etmək üçün Həştərxandaydıq. Burada Azərbaycan adına park, məktəb, abidə var və bu tədbirlərdə iştirak etməyimiz vacib idi. Ona görə də səfəri yarımçıq qoymadıq".
E.Nəsirov qeyd edib ki, heç bir təzyiq, zorakılıq olmayıb: “Mən özüm onun yanında idim. Hətta Rusiya sərhədçiləri son dərəcə nəzakətli davranırdılar. Dəfələrlə bizə dedilər ki, "bağışlayın, sadəcə, əmrə əməl edirik, səbəb bizlik deyil". Bu, texniki bir qərar kimi təqdim edildi. Hadisənin motivi hələ də məlum deyil. Əgər bu bir texniki səbəbdirsə, əvvəlcədən niyə xəbərdarlıq edilməmişdi? Azərbaycanın rəsmi qurumları, xüsusilə Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı artıq Moskvaya diplomatik kanallarla müraciət edib. Əgər doğrudan da hansısa bəyanat, fikir və ya şəxsi səbəb varsa, bunun izahı təqdim edilməlidir. Əks halda, bu, anlaşılmazlıq yaradır və rəsmi münasibətləri zədələyir. Biz bu cür reaksiyaları təəccüblə izləyirik".
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki, deputatın Rusiya ərazisinə buraxılmaması və Moskva hava limanında heç bir izahat verilmədən geri göndərilməsi müəmmalıdır: “Belə bir versiya var ki, Rusiya tərəfi fevral ayında Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevə qarşı media müstəvisində verdiyi açıqlamalarına görə Azər Badamovu qara siyahıya salıb. Ancaq bu ikisi arasında böyük fərq var. Birincisi, Valuyev açıqlamasında Azərbaycan əleyhinə təhqiredici ifadələr işlətmişdi, Azər Badamov isə Rusiyanı hədəf almadan rusiyalı deputata cavab vermişdi. Azər Badamovun Nikolay Valuyevin ünvanına yazdığı sərt cümlə sadəcə bu idi: "Valuyev kimi şəxslərin Dövlət Dumasının deputatı vəzifəsinə təyin edilməsi parlamentarizm prinsipinə təhqirdir".
Görünür, məhz bu cümlə Moskvanın xoşuna gəlməyib. İkincisi, Azərbaycan Xarici İşlər Nazirliyi Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyduğunu elan etmişdi. Yəni Valuyev bu qadağanı bilərək bilet alıb Azərbaycana gəlməzdi. Rusiya Xarici İşlər Nazirliyi isə Azər Badamovun Rusiyaya girişinə qadağa qoyması barədə açıqlama verməmişdi. Azər Badamov əvvəlcədən bunu bilsəydi, Rusiyaya səfər etməzdi. Fərq bundadır. Azər Badamov qadağadan xəbərsiz deputat həmkarları ilə birgə Rusiyadakı tədbirə qatılmalıydı. Özü də söhbət o tədbirdən gedir ki, Rusiya tərəfi özü Azərbaycan parlamentinin üzvlərini dəvət edib".
Politoloq olayla bağlı diqqət çəkən digər iki məqam barədə də fikirlərini bölüşdü: “Birincisi, Azər Badamov Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvüdür. İkincisi, bu hadisədən 10 gün əvvəl Azər Badamov Rusiya ərazisində - Dağıstanda səfərdə olub. Əgər Rusiyanın müvafiq strukturları Azər Badamova "stop" qoyublarsa, Dağıstan ərazisinə niyə buraxıblar? Belə çıxır ki, Azər Badamovla bağlı qərar 10 gün içində verilib. Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni “qeyri-dost addım” kimi qiymətləndirib. Rusiya XİN-dən isə hələ açıqlama yoxdur. Moskva bu addımla bizə əl altından dəyənəyini göstərib. Kreml bir tərəfdən emissarlarını Bakıya göndərir və gələnlər ağızdolusu dostluq və strateji tərəfdaşlıqdan danışırlar, o biri tərəfdən əvvəlcədən xəbərdar etmədən Azərbaycan parlamentinin deputatını geri göndərirlər. Üstəgəl, bəlli olur ki, Azərbaycan əleyhinə kiberhücumları həyata keçirən əsas qruplar Rusiya ərazisindədir. Bu ölkəmi Azərbaycanın strateji tərəfdaşıdır?"
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ