İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı və İrəvan “Putinin qrupu” ndan çıxa bilmir

2021-ci ilin əvvəlində Rusiya prezidentinin təşəbbüsü ilə yaradılan üçtərəfli işçi qrupu fəaliyyətsizdir, amma...

Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan bildirib ki, Ermənistan və Azərbaycan kommunikasiyaların açılması ilə bağlı razılaşmalar çərçivəsində ikitərəfli işçi qrupları yaradacaq. Bəllidir ki, 2021-ci ilin əvvəlində Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə xüsusi üçtərəfli işçi qrupu yaradıldı. Qrupda Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində təmsil olunur. İşçi qrupu yaradılanda əsas hədəflərdən biri iki dövlət arasında sərhədlərin müəyyənləşməsi ilə yanaşı, Zəngəzur dəhlizinin də açılması idi. Son illərdə üçtərəfli komissiya real nəticə verməyib, iclaslar ya təxirə salınıb, ya da nəticəsiz bitib.

Əgər bu məsələ üzrə ikitərəfli komissiya yaradılsa, Vətən müharibəsindən sonra yaradılmış Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinlərindən ibarət işçi qrupunun -  üçtərəfli komissiyanın buraxılması gündəmə gəlir.  Bu, həm tərəflər arasında etimad mühitinin formalaşdığını, həm də üçüncü tərəfin, xüsusən Rusiya kimi aktorun bu prosesdə iştirakının əhəmiyyətini itirdiyini göstərir. Yada salaq ki, iki ölkə arasında aparılan birbaşa danışıqlar nəticəsində Qazax rayonuna məxsus Bağanis Ayrım, Aşağı Əskipara, Qızılhacılı və Xeyrimli silah işlədilmədən, diplomatik yolla Azərbaycana qaytarıldı. Əbu-Dabi görüşündə dövlət başçıları delimitasiya üzrə komissiyanın fəaliyyətinin aktivləşdirilməsinə dair konkret tapşırıq veriblər. Bu isə onu göstərir ki, tərəflər öz aralarında birbaşa əlaqə və qarşılıqlı siyasi iradə əsasında real nəticələr əldə edə bilirlər. İki ölkə arasında sərhədin digər istiqamətlərində də uğurlar əldə edəcəklər. Bu, üçtərəfli deyil, ikitərəfli görüşlər çərçivəsində mümkün olacaq.

Ekspertlərə görə, üçtərəfli komissiyanın mexanizmi 2020-ci ilin 10 noyabr bəyanatı və 2021-ci ilin yanvarında Moskvada qəbul edilmiş üçtərəfli razılaşmaya əsaslanır. Yəni komissiya yalnız tərəflərdən birinin istəyi ilə avtomatik ləğv olunmur, hər üç tərəf buna razılaşmalıdır.

Yəni Azərbaycan və Ermənistan ikitərəfli format seçsələr belə, Moskva bu mexanizmdən çıxarılmağa qarşı ola bilər, çünki bu, onun bölgədəki təsirini azaldır.

Bu həftəsonu Rusiyada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclası keçiriləcək. Hökumətlərarası Komissiyanın həmsədrləri Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevdir.

Aleksey Overçuk üçtərəfli işçi qrupunu xatırladıb və bildirib ki, bir sıra məsələlər Rusiyanın Cənubi Qafqazdakı maraqları ilə, ilk növbədə, dəmir yolu əlaqələrinin inkişafı baxımından bağlıdır və buna görə də Moskva onların həlli yollarının tapılıb-tapılmadığını öyrənməkdə maraqlıdır.

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir” | Modern.az

 Qabil Hüseynli

Məsələ ilə politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, 30 il işğal dövründə, torpaqlarımızın azad olunmasından sonrakı illərdə vasitəçilik institutunun problemləri həll etmədiyi bəllidir. Vasitəçilərin öncə öz dövlət maraqlarını qabartması, geosiyasi maraqlarını güdməsi Qarabağ probleminin 30 il uzanmasına gətirib çıxardı. Azərbaycanın vasitəçilik institutuna inamı və etimadı tamamilə aradan qalxdı və Qarabağ məsələsini Azərbaycan özü həll etdi: “30 il Minsk Qrupunun həmsədlərinin həll etmədiyi problemi Azərbaycan öz gücünə həll etdi. Bundan sonra sülh müqaviləsinə hazırlıq, sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması kimi məsələlərlə bağlı danışıqlar dövrü başlandı. Rusiya, ABŞ, Avropa İttifaqı və digər güc mərkəzləri bu prosesdə vasitəçilik oyunlarına davam etmək üçün mübarizəyə, Azərbaycana və Ermənistana təsir göstərməyə başladılar. Nəticədə müxtəlif danışıqlar formatı meydana gəldi. Ancaq zaman və vasitəçilik edənlərin siyasəti göstərdi ki, Azərbaycanla Ermənistan heç bir vasitəçi olmadan apardıqları danışıqlarda daha effektik nəticələr əldə edə bilirlər.  Beləliklə, sınaqdan keçirilən formatlar get-gedə əhəmiyyətini itirdi və ən uğurlu formatın Azərbaycan və Ermənistan ikitərəfli danışıqlar formatı olduğu təsdiqləndi. Ona görə də indi Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyanın "Ermənistan və Azərbaycan kommunikasiyaların açılması ilə bağlı razılaşmalar çərçivəsində ikitərəfli işçi qrupları yaradacaq" bəyanatını təbii hesab etmək lazımdır".

Politoloq vurğuladı ki, iki ölkə arasında kommunikasiyaların açılması bu ölkələrin hökumətlərinin həll etməli olduğu məsələdir. Bu məsələnin həlli üçün kənar vasitəçiyə ehtiyac yoxdur: “Rusiya və digər ölkələr bunu qəbul etməlidir. Xüsusilə Rusiya qəbul etməlidir ki, onun iştirakı ilə yaradılmış üçtərəfli işçi qruplar və komissiyalar gözlənilən nəticəyə gətirib çıxarmır. Rusiya əgər Azərbaycanla Ermənistan arasında sülhdə, kommunikasiyaların açılmağında, əlaqələrin qurulmağında maraqlıdırsa, Azərbaycanla Ermənistanın məsələləri öz aralarında həll etməsinə mane olmamalıdır. Ancaq təəssüf ki, Azərbaycan və Ermənistan ikitərəfli format seçsələr belə, Moskva bunu sözdə dəstəklədiyini bir neçə dəfə bəyan etsə də əməldə bunun əksini edir. Aleksey Overçuk üçtərəfli işçi qrupunu xatırlatması və bir sıra məsələlərin Rusiyanın Cənubi Qafqazdakı maraqları ilə, ilk növbədə, dəmir yolu əlaqələrinin inkişafı baxımından bağlı olduğunu, buna görə də Moskvanın onların həlli yollarının tapılıb-tapılmadığını öyrənməkdə maraqlı olduğunu bəyan etməsi o deməkdir ki, Rusiya üçtərəfli işçi qrupundan - komissiyadan kənarda qalmaq niyyətində deyil. Azərbaycan və Ermənistan bunu istəməsələr belə, Rusiya yapışdığını buraxmaq istəmir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR