Onlayn ictimai-siyasi qəzet
Gürcüstan Cənubi Qafqaz üzrə 3+3 platformasına qoşulmağı planlaşdırmır. Bunu xarici işlər naziri Maka Boçorişvili bildirib.
“Gürcüstan bu formatın (3+3) bir hissəsi deyil. Biz bütün qonşularımızla əməkdaşlıq edirik. Yalnız Rusiya istisnadır və bunun səbəbi var. Buna görə biz bu formatın bir hissəsi olmağı nəzərdən keçirmirik və keçirə bilmərik", - deyə Boçorişvili bildirib.
O zaman, bəlkə 3+2 formatı yaradılsın? Bölgədə "beşlik platforması" mümkündürmü? Hərçənd Ermənistanın Azərbaycanla olan münaqişəsi səbəbindən bu model hələ ki real görünmür.
Xəyal Bəşirov
Politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, 3+3 formatı İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən və Cənubi Qafqaz regionunda on illiklər boyu mövcud olan Qarabağ münaqişəsi tarixə qovuşduqdan sonra formalaşan yeni reallıqların fonunda Azərbaycanın təklif etdiyi əməkdaşlıq formatıdır. Bu format üç Cənubi Qafqaz ölkəsini və Cənubi Qafqaza üç qonşu dövləti - Türkiyə, Rusiya və İranı nəzərdə tutur. Əslində bu, coğrafi baxımdan əsaslandırılmış bir formatdır: “Nəzərə alaq ki, bu coğrafiyanı dəyişmək imkanımız yoxdur, bu ölkələr bir-biri ilə qonşuluq münasibətlərində olmağa məhkumdur. Onsuz da qonşuluq şəraitində yaşayan dövlətlərin bir-birilərinə qarşı iddia, nifrət, düşmənçilik münasibətlərində olmağındansa, normal qonşuluq, əməkdaşlıq münasibətlərində olması, bu siyasəti yürütmələri daha məqsədəuyğundur. Azərbaycan da bu arqumenti əsas götürərək məlum əməkdaşlıq formatını irəli sürüb. Bu, Cənubi Qafqaz regionuna və bu regiona qonşu olan tərəflərə töhfə verəcək, bütün regionun inkişafına səbəb olacaq, eyni zamanda bu formatın reallaşması bir sıra xoşagəlməz halları pərdəarxasında saxlayacaq, inkişafına mane olacaq. Dünyanın qoca qitəsi adlanan Avropa qitəsində bir sıra dövlətlərin həmişə bir-birilərinə qarşı ərazi iddiaları olub, bu gün də var. Hətta bunun nəticəsində Avropada ən qanlı müharibələr baş verib. Dünya müharibələri məhz bu qitədə başlayıb. Amma Avropa dövlətləri bütün bu neqativ halları bir kənara qoymaq və inkişaf etmək üçün Avropa İttifaqı, ATƏT və digər təşkilatlar yaradıblar. Tarixdə bir-biri ilə müharibələr aparmış, bu gün də aralarında müəyyən problemlər qalan dövlətlər həmin təşkilatlar çərçivəsində bir-biri ilə əməkdaşlıq edirlər. Bu əməkdaşlıq onların inkişafına gətirib çıxarıb. Yəni eyni regionda yerləşən dövlətlərin aralarında əməkdaşlıq formatları özünü doğruldur. Eyni siyasətin Cənubi Qafqazda və qonşu ölkələrə münasibətdə reallaşdırılmasının tərəfdarı olduğumuzu ortaya qoymaq üçün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 3+3 formatını təklif etdi. Düzdür, bu format təklif olunandan Gürcüstan iştirak etmədiyini bəyan eləyib və səbəbini də Rusiya ilə əlaqələndirib. Yəni indi Gürcüstanın xarici işlər naziri əvvəldən elan etdikləri mövqeyi sadəcə təkrarlayıb. Ona görə də 3+2 formatı şəklində əməkdaşlıq platformasını qurmaq variantı ara-sıra səsləndirilir. Yəni ya Gürcüstansız, ya da Rusiyasız əməkdaşlıq formatı. Amma hesab edirəm ki, 3+3 formatının gec-tez reallaşdırılması daha effektli ola bilər. Əgər Gürcüstan 3+3 formatında iştirak edə bilmirsə, ən azından Cənubi Qafqaz üçlüyü formatında iştirak edə bilər. Bu format da Cənubi Qafqaz regionunda qarşıdurmaların, gərginliklərin arxada qoyulmasına, inkişafa xidmət edə bilər”.
Politoloq hesab edir ki, Gürcüstan bu gün 3+3 formatında özünü görmürsə, bu onun bu formatdan birdəfəlik imtina etməsi demək deyil: “Gürcüstan bir gün bu formatda iştirak edəcək. Cənubi Osetiya və Abxaziya ilə bağlı məsələlərin aktuallığı bu gün o qədər gündəmdə deyil. Eyni zamanda nəzərə alaq ki, bu gün Rusiya-Ukrayna müharibəsi fonunda dünyanın Rusiyaya münasibəti bəllidir. Həmçinin Gürcüstanın Rusiyaya münasibəti əvvəlki hakimiyyətlərin zamanında olduğu səviyyədə kəskin də deyil. Bu gün Gürcüstanla Qərb arasında da münasibətlər əvvəlki dostluq münasibətləri səviyyəsində deyil, münasibətlər gərgindir. Qərb hətta Gürcüstanı Rusiyaya yaxınlaşmaqda ittiham edir. Proseslərin gedişatı elə bir vəziyyətə gətirib çıxara bilər ki, Gürcüstanla Rusiya arasında problemlər həll edilər. Gələcəkdə vəziyyət dəyişdikdən sonra Gürcüstanın 3+3 formatında iştirakının şahidi ola bilərik”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ