Onlayn ictimai-siyasi qəzet
Yekaterinburqda soydaşlarımıza qarşı törədilən vəhşilik aktı, gözlənildiyi kimi, Azərbaycan dövləti və cəmiyyətinin haqlı qəzəbinə səbəb oldu. Təyyarə qəzası və Rusiyanın ölkəmiz əleyhinə digər demarşları (kiberhücumlar, azərbaycanlı deputatın Rusiyaya buraxılmaması və s.) nəticəsində onsuz da soyuq olan ikitərəfli münasibətlər bu olaylarla daha qəliz duruma salındı.
Bəllidir ki, soydaşlarımıza qarşı insaniyyətlə bir araya sığmayan son dərəcə qəddar davranışla bağlı Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bundan əlavə, etiraz forması kimi Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ayın sonuna ölkəmizə nəzərdə tutulan səfəri ləğv olunub. Həmçinin Rusiya ilə bağlı bütün mədəniyyət tədbirləri ləğv olunub. Habelə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun başçılığı ilə parlament nümayəndə heyətinin Moskvada keçirilməsi nəzərdə tutulan parlamentlərarası əməkdaşlıq komissiyasının 23-cü iclasında iştirakı təxirə salınıb...
Bəs azərbaycanlılara qarşı görünməmiş zorakılıq hərəkətləri edənlər cəzalanacaqmı? Ümumiyyətlə, bu vəhşi aktın pərdəarxasındakı “rejissoru” kimdir? Bəzi iddialara görə, bu adam Rusiya Prezident Administrasiyasının 1-ci müavini, az öncə Ermənistan üzrə kurator təyin edilmiş Sergey Kiriyenko ola bilər. Ancaq aydındır ki, Kiriyenko özbaşına deyil.
Sirr deyil ki, hazırda Rusiyada azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər millətlərin nümayəndələrinə qarşı həyata keçirilən şovinist, diskriminasiya və islamofob siyasətin başında bilavasitə Rusiya hakimiyyəti dayanır. Rusiya əsrlərə digər xalqlara qarşı belə siyasət yürüdüb və bu gün Kremlin siyasəti də formalaşmış ənənənin davamıdır, daha sərt formasıdır.
Əgər bu gün Rusiya dini bir, dili bir slavyan Ukrayna xalqının başına od ələyirsə, onda digər xalqlara qarşı daha amansız davranışı təəccüb doğurmamalıdır. Beləcə, SSRİ-nin timsalında imperiya dağıldıqdan sonra Rusiyada şovinizm və islamofobiya təzədən ən yüksək həddə çatıb. Çeçen xalqına qarşı etnik təmizləmə həyata keçirən Rusiya eyni siyasəti digər xalqlara qarşı da reallaşdırmaq istəyir. Yeri gəlmişkən, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı və 30 ilə yaxın işğal altında saxlanmasının arxasında Rusiya durub...
Bundan sonrakı gözlənti nədir? Moskva niyə “vabank” gedir, yaxud öz ayağına “güllə” atır? Moskva nədən səbrimizi sınağa çəkir? Bundan əlavə, həbs edilən soydaşlarımıza Azərbaycan dövləti hansı hüquqi yardımı göstərə bilər? Azərbaycan XİN-in tələbləri yerinə yetiriləcəkmi?
Həmçinin Rusiyanın Voronej şəhərində miqrasiya qanunvericiliyinin guya yoxlanılması adı altında genişmiqyaslı reydlər keçirilir. Musavat.com xəbər verir ki, yerli KİV-lərin yaydığı məlumatlara görə, bu “yoxlamalar” nəticəsində əsasən Azərbaycan diasporunun nümayəndələri saxlanılıb.
Onu da deyək ki, azərbaycanlı hüquq müdafiəçiləri hüquq müdafiə təşkilatlarına, jurnalist cəmiyyətinə, vətəndaş cəmiyyətinə və Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb. Bəyanatda deyilir: “27 iyun 2025-ci il tarixində Yekaterinburq şəhərində Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının iştirakı ilə genişmiqyaslı xüsusi əməliyyat həyata keçirilmişdir. Əməliyyat zamanı onlarla Azərbaycan vətəndaşı və azərbaycanlı əsilli şəxs saxlanılıb. Məlumata görə, hüquq-mühafizə orqanlarının qanunsuz və qəddar davranışı nəticəsində saxlanılan şəxslərdən ikisi - Ziyəddin və Hüseyn Səfərov qardaşları həyatını itirib. İlkin məlumatlara əsasən, onların ölümü döyülmə və ehtimal edilən işgəncə nəticəsində baş verib. Biz - Azərbaycan hüquq müdafiəçiləri bu hadisələrdən dərin narahatlıq və hiddət duyduğumuzu bildiririk”.
“İşgəncələrə qarşı Komitə”, “Memorial”, “Agora” və digər hüquq müdafiə təşkilatlarını vəziyyəti nəzarətə götürməyə və müstəqil ictimai nəzarət həyata keçirməyə, Rusiya jurnalist cəmiyyətini - öz müstəqil araşdırmalarını aparmağa və bu faciənin unudulmasına imkan verməməyə, Rusiya Federasiyası İstintaq Komitəsini - vəzifə səlahiyyətlərinin aşılması, işgəncə və ölüm faktları ilə bağlı dərhal cinayət işi açmağa, Rusiya vətəndaşlarını - dövlət adından törədilən zorakılıq qarşısında laqeyd qalmamağa və həmrəylik göstərməyə çağırıb.
“Rusiya çoxlarının məhv etməyə çalışdığı Azərbaycanla dostluq münasibətlərini saxlamağın yollarını tapacaq”. Bunu isə iyunun 30-da Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib. “Düşünürəm ki, bu məsələ həllini tapacaq. Biz hər şeyi yoluna qoymalıyıq. Əminəm ki, biz çoxlarının bəzən məhv etməyə çalışdığı dostluq münasibətlərimizi qoruyub saxlamağın yollarını tapacağıq və bunun üçün səbəb axtaracağıq”, - Çepa bildirib.
Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Moskalkova Yekaterinburda baş vermiş hadisə ilə bağlı ölkəsinin Baş Prokurorluğuna müraciət edib. Moskalkova deyib ki, Rusiya Federasiyasının Baş Prokurorluğuna həbsin qanuniliyini və əsaslılığını, habelə cinayət törətməkdə şübhəli bilinən şəxslərin və qurbanların hüquqlarına riayət olunmasını yoxlamaq üçün vəsatətlə müraciət edib. Rusiya Ombudsmanı məsələ ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliyevanın ona müraciət etdiyini xatırladıb. "Moskva Bakının Rusiya ilə bağlı tədbirləri ləğv etmək qərarından təəssüflənir", - Kremlin sözçüsü Dmitri Peskov deyib.
APA-ya danışan Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların qardaşı, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli məlumat verib ki, iyulun 1-də, yəni bu gün onların nəşi Ağcabədiyə yola salınacaq.
Xəyal Bəşirov
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, keçmiş Qarabağ münaqişəsinin hazırkı nəticələri Rusiyaya təsir edib. Onun fikrincə, işğal problemini həll etməklə xalq və dövlət birliyini nümayiş etdirən Azərbaycana qarşı heç nə edə bilməyən Moskva çarəni öz ərazisindəki sıravi azərbaycanlıları hədəfə almaqda görür: “Bunun adı ksenofobiyadır. Müzəffər Ordumuz kimlərin oyunlarını pozubsa hamısının buynuzları bir-bir görünür. Xalqımız bu düşmən münasibəti heç vaxt unutmayacaq. Xüsusilə də onun ərazisində qonaq olan həmvətənlimizin hərəminə quldurcasına daxil olub, insanları döyərək öldürən vəhşiliyi isə əsla!”
X.Bəşirovun fikrincə, “Krokus” konsert zalında baş verən hadisələrdən sonra bir neçə saat ərzində demək olar ki, bütün Rusiya ərazisində amansız əməliyyat keçirib hadisəyə aid olub-olmamasından asılı olmayaraq həbslər reallaşdırlıb, amma Moskva nədənsə “AZAL”ın təyyarəsini vuranlara qarşı aylardan bəri susur.
Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Rusiyanın veto qarşısında hansı reaksiyanı verəcəyi qeyri-müəyyəndir, lakin bu, bir məqamı təsdiq edir: Azərbaycan dövləti milli məsələlərdə prinsipial mövqeyindən geri çəkilmir: “Bakı Rusiya rəsmilərinin səfərinə veto qoymaqla Moskvaya aqressiv addımlarının diplomatik münasibətləri çətin vəziyyətə sala biləcəyinin də mesajını çatdırır”.
“Son illər Rusiya Federasiyasında miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı münasibət ciddi narahatlıq doğurur. Artıq bu ölkədə dövlət səviyyəsində yürüdülən irqçi və şovinist siyasətin sadəcə dərinləşdiyini deyil, bütün çılpaqlığı ilə özünü büruzə verdiyini açıq şəkildə görürük”. Deputat Samir Vəliyev belə deyib. Deputat bildirib ki, Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın , milli ayrıseçkiliyin bariz nümunələridir.
S.Vəliyev qeyd edib ki, məsələ yalnız hüquq-mühafizə orqanlarının davranışında deyil: “Rusiya siyasi dairələrində də azərbaycanlılara qarşı qərəzli mövqe illərdir açıq şəkildə hiss olunur. Rusiya Dövlət Dumasının bir sıra deputatları - məsələn, Nikolay Valuyev, Konstantin Zatulin və Vitaliy Milonov - dəfələrlə Azərbaycana qarşı təhqiramiz və hədə dolu ifadələr işlədiblər. Bu cür ritorika yalnız ksenofobiyanı körükləmir, eyni zamanda konkret zorakılıq hallarına zəmin yaradır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ