Onlayn ictimai-siyasi qəzet
ABŞ Mexikoya ticarət siyasətini tənzimləmək üçün daha çox vaxt verib. Musavat.com xəbər verir ki, bunu Meksika prezidenti Klaudiya Şeynbaum "The Washington Post" (WP) qəzetinə deyib.
Onun sözlərinə görə, 1 noyabrda qüvvəyə minməsi planlaşdırılan Meksika mallarına tətbiq edilən 30 faizlik tariflər indi təxirə salınır: "Hazırda vəziyyət elə deyil ki, xüsusi tariflər 1 noyabrda qüvvəyə minsin".
O əlavə edib ki, ötən şənbə günü ABŞ prezidenti Donald Trampla söhbət zamanı tarifləri daha bir neçə həftə təxirə salmaq barədə razılığa gəliblər və bu müddət ərzində fikir ayrılığı, nəhayət, həll edilə bilər.
İyul ayında Tramp Meksika mallarına 30 faizlik tarif tətbiq olunduğunu elan edib. Lakin daha sonra Meksika ilə tarif sazişinin 90 gün uzadıldığını açıqlayıb və bu müddət ərzində tərəflər ticarət razılaşmasına çatmalı idilər, lakin hələlik yekun nəticə yoxdur. Qoyulan müddət 1 noyabrda başa çatır.
WP xatırladır ki, Ağ Ev Meksika hakimiyyətindən ABŞ-la ticarətə mane olan 54 qeyri-tarif maneəsini aradan qaldırmağı xahiş edir. Bu arada, Tramp artıq ABŞ-ın 2020-ci il ABŞ-Kanada-Meksika Azad Ticarət Sazişinə uyğun olmayan hesab etdiyi Meksika idxalına 25 faiz tarif tətbiq edib. Meksika şirkətləri sazişə riayət etmək üçün tədbirlər görməyə məcbur olublar. Meksika hakimiyyəti indi iddia edir ki, ABŞ-a daxil olan malların 90 faizi standartlara cavab verir və 25 faizlik tarifə tabe olmamalıdır.
Musavat.com
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ