Onlayn ictimai-siyasi qəzet
Ali təhsilin ən yüksək pilləsi olan doktoranturaya maraq azalıb. Dəfələrlə elm adamları, təhsil mütəxəssisləri və rəsmilər bu problemi dilə gətiriblər. Bakı Dövlət Universitetində (BDU) keçirilən elm və ali təhsil üzrə ictimai dinləmədə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib ki, doktoranturaya qəbul faizi ciddi şəkildə aşağı düşüb. Nazir müşaviri bildirib ki, gənclərin doktorantura təhsilinə marağının artırılması ilə bağlı ciddi islahatlara ehtiyac var.
Ekspertlər hesab edir ki, bu halın yaranmasının günahı elm və təhsili idarə edənlərdədir. Onların sözlərinə görə, son dövrlər cəmiyyət elm və təhsilə rəhbərlik edən qurumların, şəxslərin qarşıdurmaları, elmi inkişaf etdirmək əvəzinə başqa işlərlə məşğul olduğu barədə kifayət qədər informasiya alır. Bu sahəyə rəhbərlik edən şəxslərin üzərinə daha çox məsuliyyət düşdüyünü deyən ekspertlər hesab edirlər ki, bu prosesdəki əngəllər, neqativlər aradan qaldırılmalıdır.
Elmi cameədə doktoranturaya qəbul prosesinin mürəkkəbliyi daim tənqid olunur və hətta belə iddialar da edilir ki, bəzi hallarda kimlərinsə qohumları, hansısa vəzifəli şəxslərin övladları üçün doktoranturada yerlər ayrılır, bu da digərləri üçün əngəl yaradır. Neqativ hallardan biri ondan ibarətdir ki, Azərbaycanda vəzifəli şəxslərin bir çoxu elmi dərəcə, elmi ad almaqla özlərini reklam etmək istəyir. Özləri heç bir zəhmət çəkmədən, elmi işlərini başqalarına yazdırmaqla elmi dərəcələr alırlar. Bəzi məmurların neqativ yollarla elmi dərəcələr alması gəncləri ruhdan salır. Yəni bu neqativ hallar gənclərin elmə gəlməsinə mənfi təsir göstərir.

Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanda doktoranturaya marağın azalması həm elmi sistemin struktur problemlərini, həm də elmi mühitdə formalaşan inamsızlıq və qeyri-obyektivlik meyllərini üzə çıxarır. Onun sözlərinə görə, doktorantura təhsili ölkənin intellektual və elmi potensialının əsas sütunudur: “Bu sahədəki geriləmə təkcə təhsil siyasətinin deyil, həm də elmi idarəetmənin strateji zəifliyinin nəticəsidir. 2024-cü ilə dair rəsmi statistikaya əsasən, ölkədə doktorantura səviyyəsində təhsil alanların sayı 2015-ci illə müqayisədə 22 faiz azalıb. Bəzi universitetlərdə bu pilləyə qəbul göstəricisi 40 faizdən aşağı düşüb. Bu, elmi tədqiqatın cazibədarlığının azalması və elmi mühitdə ədalətsiz yanaşmaların artması ilə sıx bağlıdır. Nazir müşaviri Nicat Məmmədli də BDU-da keçirilən ictimai dinləmədə qeyd edib ki, doktoranturaya qəbul faizi kritik həddə enib və sistemin yenidən qurulmasına ciddi ehtiyac var. "Təhsil haqqında" Qanunun 14-cü maddəsində göstərilir ki, elmi və elmi-pedaqoji fəaliyyətin inkişafı dövlətin prioritet istiqamətidir. Bu müddəa faktiki olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılma və fəaliyyət fəlsəfəsinin əsasını təşkil edir. AMEA uzun illərdir ki, elmin institusional strukturunu, elmi kadr hazırlığını və tədqiqat mədəniyyətini qoruyan əsas mərkəz kimi çıxış edir. Məhz AMEA-nın bazasında formalaşan elmi məktəblər-tarix, fizika, kimya, filologiya, biologiya sahələrindəki istiqamətlər - Azərbaycanın elmi potensialının milli brendi səviyyəsinə yüksəlib. AMEA-nın üstünlüyü ondadır ki, burada elmi rəhbərlik ənənəsi, tədqiqat intizamı və akademik nəzarət sistemi hələ də saxlanılır. Akademiya elmi dərəcələrin mahiyyətini qoruyur, elmin ideoloji və metodoloji əsaslarını saxtakarlıqdan uzaq saxlayan yeganə platformadır. Universitetlərdə isə bu proses, təəssüf ki, çox zaman formal xarakter daşıyır. Bir çox ali təhsil müəssisələrində doktorantura yerləri inzibati resurslar vasitəsilə bölüşdürülür, elmi istedad və potensial deyil, şəxsi münasibətlər və vəzifə amili önə çıxır. Elmi rəhbərlik institutu zəifdir, tədqiqatın keyfiyyətinə nəzarət mexanizmləri demək olar ki, yoxdur. Universitetlərdə elmi işlərə ayrılan vaxt və resurs tədris yükünün çoxluğu ilə balanslaşdırılmadığından, doktorantlar tədqiqatdan çox formal hesabat hazırlamağa məcbur qalır. Nəticədə, elmi işlərdə plagiat halları artır, bəzi məmurlar elmi dərəcəni yalnız sosial status vasitəsinə çevirirlər. Bu, elmin mahiyyətini deformasiyaya uğradır, gənclərdə elmi sistemə inamı sarsıdır. AMEA ilə universitetlər arasında fərq, həm elmi nəzarət sistemində, həm də dəyərlər səviyyəsində özünü göstərir. AMEA-da müdafiə şuralarının işi çox vaxt sərt elmi prinsiplərlə tənzimlənir, universitetlərdə isə formal hesabatçılıq və akademik riyakarlıq geniş yayılıb. Məsələn, AMEA-nın institutlarında aparılan tədqiqatların nəticələri beynəlxalq bazalarda indeksləşir, xarici nəşrlərdə dərc olunur, universitetlərin bir çoxunda isə hələ də daxili “məqalə topluları” elmi fəaliyyətin göstəricisi kimi təqdim edilir. Bu, həm elmi keyfiyyətə, həm də beynəlxalq imicə zərbə vurur".
Dünya təcrübəsindən danışan ekspert qeyd edib ki, doktorantura sisteminin keyfiyyəti məhz elmi institutlarla universitetlərin sinerjisi üzərində qurulur: “Almaniyada Max Planck, Fraunhofer və Helmholtz kimi elmi institutlar universitetlərə paralel fəaliyyət göstərir, Estoniyada doktorantlar həm universitetlərdə, həm də tədqiqat mərkəzlərində çalışır. Azərbaycanda da bu modelə uyğun olaraq AMEA-nın potensialı əsas baza kimi saxlanılmalı, universitetlər onun elmi mühitinə inteqrasiya edilməlidir. Əks halda, universitetlərdəki formal elmi dərəcə yarışı elmin real dəyərini məhv edəcək. Doktorantların sosial vəziyyəti də ciddi islahat tələb edir. Hazırda təqaüd məbləği 220-260 manat civarındadır ki, bu, elmi fəaliyyət üçün stimul yarada bilmir. Estoniyada doktorantlar orta aylıq əməkhaqqının 75 faizini, Türkiyədə 100/2000 proqramı çərçivəsində 7500 lirəyə qədər, Cənubi Koreyada isə dövlət qrantları vasitəsilə 1000 dollardan çox təqaüd alır. Azərbaycanda bu məbləğin ən azı 600-700 manat səviyyəsinə qaldırılması və elmi fəaliyyətlə məşğul olan doktorantların işçi statusu ilə təmin olunması vacibdir. Elm və Təhsil Nazirliyi son illərdə bu istiqamətdə bir sıra müsbət addımlar atıb: doktorantura proqramlarının keyfiyyət monitorinqi, elektron qeydiyyat sisteminin tətbiqi, elmi rəhbərlərin məsuliyyətinin artırılması kimi tədbirlər bu prosesin başlanğıcıdır”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ