İnsanlara hürriyət, millətlərə istiqlal!

“Belə şey olar?” – deputatın üsyan etdiyi problemin həlli yolları

Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə verdiyi məlumata görə, 15 yaşdan yuxarı əhalinin 1 milyon 223 mini ali təhsilli olmaqla, ümumilikdə təhsilli əhalinin sayı 7 milyon 811 min nəfərdir.

Buna baxmayaraq, ölkənin bəzi sektorlarında kadr çatışmazlığı problemi mövcuddur. Məsələn, tibbin ayrı-ayrı sahələri üzrə kadr tapılmır.

Məhz bu məsələ ilə bağlı deputat Səyyad Aran parlamentin iclasında çıxış edərək bunları deyib:

“İmişlidə 140 minlik əhalinin bir rentgenoloqu yoxdur, belə iş olar?! Saatlıda da həmçinin. İmişli, Saatlı, Sabirabadda 400 minə yaxın əhali yaşayır. Bir lor həkimi yoxdur. Belə şey olar? Bunlar özlərini göstərmək üçün yığışıb Bakıya gəlməlidirlər. Mütləq şəkildə təyinat məcburi olmalıdır”.

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndiyev Musavat.com-a problemin səbəbləri və həlli yolları barədə danışıb.

EFENDİ.jpg (31 KB)

Onun sözlərinə görə, ixtisaslı kadrların azlığının əsas səbəblərindən biri ali təhsil müəssisələrinin bir qismində kadr hazırlığının düzgün şəkildə həyata keçirilməməsidir:

“Bu səbəbdən ali təhsil müəssisələrinin təhsil proqramlarında dəyişikliklərin edilməsi ilə bağlı danışıqlar aparılır. Qarşıdakı dövrdə ixtisaslı kadrların hazırlanmasının müasir tələblərə uyğun şəkildə həyata keçirilməsi gözlənilir”.

Elçin Əfəndiyev deyib ki, digər problem isə bəzi ixtisaslara əmək bazarında tələbatın olmamasıdır:

“Həmin sahələr üzrə qəbul sayının azaldılması daha məqsədəuyğun olar. Bundan əlavə, şəhər və rayonlar arasında balanssızlıq mövcuddur. Kadrlar daha çox şəhər istiqamətində olan vakant yerlərə yönəlirlər.

Bölgələrdə isə işləmək istəmirlər. Bu problemi aradan qaldırmaq üçün həvəsləndirici tədbirlərin həyata keçirilməsi vacibdir. Səhiyyə, təhsil və digər sahələrdə fəaliyyət göstərən kadrlar üçün müxtəlif həvəsləndirici tədbirlər həyata keçirmək olar. Məsələn, onların əmək haqlarının digərinə nisbətən 1,5 dəfə artıq hesablanması və ya kommunal ödənişlərdən azad olunmaları bu sahədə müsbət nəticələr verə bilər”.

Mənzər Novruzlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR