Onlayn ictimai-siyasi qəzet
Bu yazıda bir-ik tənqidi not olacaq deyə əvvəlcə tənqiddən başlayım. Ağlım ədəbiyyatdan, sənətdən nəsə kəsb etməyə başlayanda tənqidə və tənqidçilərə özəl münasibətim olub: fikirləşmişəm ki, bu adamlar nə yazmağı və yaratmağı, üstəlik, necə yazmağı hamıdan yaxşı bilirlərsə, daha başqalarına niyə deyirlər, qoy, özləri etsinlər!..
Amma heç vaxt belə olmayıb. Rusiyada əsr yarım hamı belə hesab etdi ki, böyük tənqidçi Belinski bircə məqalə ilə böyük rus yazıçısı Qoqolu indiki dildə desək, tamam darmadağın edib.
Gəl, sonra nə oldu? Belə məlum oldu ki, “nədən və necə yazmağı” guya hamıdan yaxşı bilən Belinski cənabları böyük yazıçı Qoqolu yox, rus ədəbiyyatını darmadağın edib.Sonrakı illərin tənqidçiləri yana-yana yazdılar ki, bəs böyük rus tənqidçisi böyük rus yazıçısını başa düşmədi ki, düşmədi...
Amma böyük tənqidçi Belinski digərlərini başa düşdümü, onun problemi təkcə Qoqolla idimi? Çox təəssüf! İndiki rus tənqidçiləri də yazır ki, bəs Belinski özünün uydurduğu - yaratdığı Puşkinə vurulmuşdu, halbuki başqa Puşkin də vardı: Hötenin güclü təsiri altında olan rus şairi Puşkin!
Nə isə. Bunları rus ədəbiyyatşünasları belə yazıb, mən də belə oxumuşam. Tənqid və tənqidçilər barədə hələlik bu qədər. Keçək əsas məsələyə. Bu yaşa çatmışam, hələ görməmişdim ki, hansısa böyük kino festivalı, o cümlədən Kann, bizdə belə böyük “müzakirələrə-mübahisələrə” səbəb olsun, az qala, möhtəşəm “şou-biznes”imizin, hətta “mədəniyyət xəbərləri”mizin gündəmini də zəbt etsin.
Yox, ulu xalqımız bu dəfə də üslubuna, xasiyyətinə və andına sadiq qaldı, “ölərik, ciddimüzakirə açmarıq” dedi və heç kim “Kannda hansı film qalib olacaq?, “Mükafatı niyə bu,yox, digər filmə verdilər?” kimi mübahisələr aparmadı, sadəcə, iki sənət adamı nəyin üstündəsə bir xeyli mübahisə etdi və şəxsən mən səmimi şəkildə etiraf edirəm ki, bu “mübahisə”lərdən heç nə almadım.
Nə yaxşı ki, digər bir xəbər tez bir zamanda bütün bu “mübahisələri” tamamca kölgədə qoydu, məlum oldu ki, festivalın ali mükafatını iranlı rejissor, bizim cənublu soydaşımız Cəfər Pənahi alıb...
Doğrusu, mənimçün çox böyük minus sayılsa da etiraf edirəm ki, bu adamı daha çox İran rejiminə qarşı bir ictimai fəal kimi tanımışdım.
Bir-iki il bundan əvvəl oxumuşdum ki, iranlı rejissor Cəfər Pənahi Avropanın ali demokratiya mükafatlarından birini – Andrey Saxarov mükafatı alıb...
Budur, indi də kino sahəsində ən böyük mükafatlardan biri – məşhur Kann festivalının mükafatı! Nə demək olar? Təbriklər, təbriklər və yenə də təbriklər, qardaşım! Söz verirəm, ən qısa müddətdə sənin kino yaradacalığınla bağlıbilgilərimdəki bəzi probelləri aradan qaldıracam.
Yenidən Azərbaycanımıza qayıdaraq deyim ki, kinodan, Kanndan belə danışmaq lazımdır, əzizlərim.
Otuz - qırx ildir ki, qonşu İranın kinosu mollakratiyanın bütün təpkilərinə baxmayaraq (amma qonşu ölkənin kinosunu Dünya üçün maraqlı edən həm də budur – bəli, nə qədər paradoksal olsa da!) sözün əsl mənasında yüksəliş yaşayır.
Sovet rejimindən sonra bizim də kinomuzun yüksələcəyinə ümidlər oldu, amma sovet dövründə də (rəhmətlik Rüstəm İbrahimbəyovu unutmaq olarmı?), sonrakı dövrlərdə də müəyyən epizodik irəliləyişlər müşahidə olunsa da (elə götürək, Ayaz Salayevin “Yarasa” filmini!), hələki filmlərimizin sorağı ən ali kino festivallarından gəlmir...
Əvvəllər əsas səbəb kimi bizim başbilən kino adamlarımız deyirdilər ki, bəs kino nəhəng biznesdir, Hollivud təkcə kinoindustriyası deyil, həm də nəhəng maliyyə korporasiyasıdı. Bəli, bu sözlərdə həqiqət var, amma bir azacıq. Əvvəlcə hamımız dünya kino sənəti sahəsində naşı idik, amma sonra gördük ki, heç də belə deyildir, böyük festivallarda heç də həmişə pulqalib gəlmir, daha çox sənət qalib olur...
Ağlım kəsəndən başladım böyük festivalların filmlərinin həm də büdcəsi ilə maraqlanmağa.
Bəli, çox böyük büdcəli filmlər var, amma nə qədər, qəribə olsa da bu, daha çox “bazar təyinatlı filmlərə” – nə bilim, “boyevik”lərə, “ujas”lara, “fantastik trillerlər”ə aiddir.
Cəfər qardaşımızın da qalib filminin büdcəsilə maraqlanmağa cəhd etdim: məlum oldu ki, söhbət bir neçə min, hətta 2500-3000 dollardan gedir! Bəli, səhv etmirəmsə, belə yazdılar...
Odur, mənə elə gəlir ki, geriliyimizin səbəblərini başqa müstəvilərdə axtarmalıyıq. Birincisi, sovet kinosu. əlbəttə, məktəb idi, amma onun özü də dünya kinosunda bir damla idi. Bizim gənc rejissorlara sözün əsl mənasında məktəb lazımdır.
Sovet kinosunun banisi Sergey Eyzenşteyn belə neçə illər xaricdə çalışmışdı, hətta deyilənə görə, neçə rejissora assistentlik etmişdi. Özü də bu adam totalitar rejimin kinosunu (özü buna “intellektual kino” deyirdi) yaratsa da çox intellektual adam idi, hətta Ceyms Coys kimi yazıçıların pərəstişkarlarından idi.
Xaırladım ki, Coys irland yazıçısı olubdur və ən əsası da bu adam ədəbiyyatda necə yazmaq və nədən yazmaq haqqındakı təsəvvürləri tamamilədəyişibdir – bir reklam agentinin bircə günlük həyatından necə yüz səhifəlik roman (“Uliss”i nəzərdə tuturam) yazıbdır...
Bizim sənət adamlarınınsa ən böyük problemlərindən biri şərqlilərə məxsus tənbəllik (bu sözümü üzrlü saysınlar) və bir də cəsarətsizlikdir.
Mən Kannda ali mükafat almış Cəfər Pənahinin öz məqsədinə çatmaq üçün necə bir mücadilə apardığına da diqqət etməyə çağırardım – bəli, əsl sənət adamı həmişə potensial olaraq “dissident” olmalıdır, hətta ən demokratik ölkədə belə...
Bilirsinizmi, söhbət ondan getmir ki, sənət adamı gedib hansısa müxalifət partiyasının üzvü olmalıdı, siyasi mübarizə aparmalıdır. Yox, yox, yenə də yox! Rəhmətlik Rüstəm İbrahimbəyov siyasətə gəlmək istəyəndə şəxsən mən yazmışdım ki, Rüstəm müəllim, etməyin bunu, Sizin ən böyük siyasətiniz sənətinizdir, senarilərinizdir, pyesləriniz və kinonuzdur...
Bir daha deyirəm ki, sənət adamları, o cümlədən də böyük kino adamları, rejissorlar, hətta müxalifətçilərin özlərinə qarşı müxalifətdə olmalıdırlar, hələ onu demirəm ki, bu sahənin nəhəngləri yaradıcılıqları ilə bəzən hətta cəmiyyətin özünə qarşı müxalifətdə olurlar. Çox təəsssüf, buna əksər sənətçinin gücü və qüdrəti çatmır, ona görə də dəyərli bir şey yarada bilmir, özlərinə əziyyət vermir, “bir məhəllənin dahisi” olmaqla kifayətlənirlər...
Bu, yalnız bizim teatr və kino adamlarına aid deyil. Səksəninci illərin sonlarının, doxsanıncı illərin nəsli təəssüf ki, ədəbiyyatda, sənətdə ciddi iz qoya bilmədi və bu dövrün yaradıcı nəsli haqqında düşünəndə heç cür Heminqueyin (yanılmıramsa!) məşhur ifadəsini xatırlamaya bilmirsən: “itirilmiş gənclik”...
Bəlkə ona görə ki, onlar düzgün istiqamət götürə bilmədilər və yaxud da bu istiqaməti onlara göstərən olmadı?..
Doğrusu, bilmirəm. On beş - iyirmi il bundan əvvəl bizim ədəbi mühitdə gənc və ciddi tənqidçilər görünməyə başladılar.
Əvvəl onlar maraqlı görünürdülər, onların yeni ədəbiyyata müsbət impuls verəcəyi gözlənirdi. Amma nə oldu? Bunlar başladılar danışmağa ki, məsələn, rəhmətlik İsa Hüseynovun “İdeal” romanı nəinki Azərbaycanın, hətta guya Dünya ədəbiyyatının da nadir incilərindəndir!
Mən, əlbəttə, tənqidçi - ədəbiyyatşünas deyiləm, amma çox ciddi oxucuyam, Bəli, rəhmətlik İsa Hüseynov sovetin vaxtında mənim də çox sevimli yazıçılarımdan olubdur. Bu adam Azərbaycan sovet nəsrinə yeni nəfəs gətiribdir, “Məşhər” romanını, “Nəsimi”, xüsusən də “Tütək səsi” filmlərinə yazılmış senariləri kim unudar?
Amma mənim üçün bir oxucu kimi rəhmətlikyazıçı İsa Hüseynov “İdeal” romanına çatanda bitir. Sonradan bildim ki, bizim bəzi yeni nəsil tənqidçilərindən fərqli olaraq başqa sanballı yazıçılar da belə düşünürlər və bu, mənə bir az toxtaqlıq verdi ki, ədəbi zövqüm tamam qüsurlu da deyilmiş...
Qərəz, dediyim nədir?Vacib deyil ki, hər nəsil yeni ədəbiyyat, yeni sənət yaratsın. Yox, heç də həmişə belə olmur. Yaradıcılıq elə prosesdir ki, onun sonunu – finalını proqnozlaşdırmaq olmur, bilmirsən, bunun sonu nə olacaq! Amma yaradıcı axtarışlar daim olmalıdır, çünki həyat bunsuz çox, olduqca maraqsız olardı...
08 Iyun 2025
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ