Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri, “Bibi” ləqəbli Binyamin Netanyahu fələstinli siyasi xadim, FƏTH hərəkatının üzvü Mərvan Bərqutinin Qəzza zolağında vəziyyətin nizamlanması ilə bağlı razılaşma çərçivəsində azad edilməyəcəyini bəyan edib. Bu barədə “Kanal-12" mənbələrə istinadən bildirib.
Məlumata görə, İsrail hökumətinin başçısı bunu milli təhlükəsizlik naziri İtamar Ben-Qvirlə görüşü zamanı deyib. Danışıqlar zamanı B.Netanyahu təsdiq edib ki, “Bərquti başda olmaqla terrorizmin simvolları” HƏMAS-la razılaşmanın icrasının heç bir mərhələsində yer almayacaq.
Mənbələr həmçinin bildirir ki, görüşdə Ben-Qvir baş nazirə sülh planının mümkün həyata keçirilməsinə hazırlıq məqsədilə bir sıra tələblər təqdim edib.
Mərvan Bərquti Fələstin müqavimətinin əsas simvollarından biri hesab edilir və 2002-ci ildən İsrail həbsxanasında saxlanılır. İsrail məhkəməsi onu ömürlük həbs cəzasına məhkum edib.
Yeri gəlmişkən, “PassBlue” nəşri BMT Baş Assambleyasının “yüksək səviyyəli həftəsi” çərçivəsində Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanla eksklüziv müsahibə dərc edib. Müsahibədə Azərbaycanla sülh sazişi, münasibətlərin normallaşdırılması və humanitar məsələlər müzakirə olunub.
Erməni hərbi canilərinə gəlincə, Badalyan bildirib ki, bu məsələ ilk növbədə Azərbaycanla müzakirə olunur və daha geniş humanitar kontekstdə, o cümlədən itkin düşmüş şəxslərin məsələsi ilə birlikdə nəzərdən keçirilir.
Badalyan müsahibəsində hərbi canilərin azad edilməsi məsələsinə toxunarkən onu da bildirib ki, bu mövzular sülh sazişinin əsas hissəsini təşkil edir və ilk növbədə Azərbaycanla birbaşa dialoq çərçivəsində müzakirə olunur.
İsraildən fərqli olaraq, Ermənistanla sülh müqaviləsi imzalanandan sonra Bakıda saxlanılan hansı erməniyə amnistiya verilə və ya əfv oluna bilər? Yoxsa onlar aldıqları cəzanı axıradək çəkməlidir? Sülh müqaviləsindən sonra Azərbaycan Araik və digər hərbi cinayətkarları Ermənistana ekstradisiya edə bilərmi?
Natiq Ələsgərov
“Bakı” Hüquq Şirkətinin rəhbəri, hüquqşünas Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycan qanunvericiliyinə əsasən şəxs fərdi əfv, həm də amnistiya aktı ilə azad oluna bilər: “Azərbaycan Respublikasının Prezidentinə Konstitusiyanın 109-cu maddəsi ilə belə bir səlahiyyət verilib. Yəni istənilən məhkum edilmiş şəxs, o cümlədən Ermənistan vətəndaşı da əfv və ya amnistiya hüququndan yararlana bilər. Sülh sazişindən sonra hansısa mərhələdə ümumi amnistiya tətbiqi nəzərdən keçirilə bilər. Lakin bu, avtomatik şəkildə bütün məhkumlara aid olmayacaq. Ağır cinayətlər, xüsusilə mülki şəxslərin öldürülməsi, əsirlərin işgəncəyə məruz qalması və mina terroru kimi əməllər beynəlxalq hüquqa görə insanlıq əleyhinə cinayətlər sayılır. Bu cür cinayətlərdə ittiham olunan şəxslər amnistiya siyahısına daxil edilə bilməz. Əgər belə addım atılsa, Azərbaycan hüquqi və siyasi müstəvidə ciddi tənqidlərə məruz qala bilər”.
Natiq Ələsgərov bu məsələdə daha kəskin mövqedədir: “Azərbaycanın bu şəxsləri Ermənistana ekstradisiya etməsi hüquqi baxımdan yalnız o halda mümkündür ki, tərəflər arasında ekstradisiya haqqında ayrıca müqavilə olsun. Hazırda belə bir sənəd yoxdur. Hər hansı sülh sazişinə bu cür bənd əlavə edilsə belə, Azərbaycan tərəfi bu şəxslərin törətdiyi əməlləri nəzərə alaraq, onların Ermənistana qaytarılmasını yolverilməz hesab edə bilər. Çünki bu, beynəlxalq hüquqda müharibə cinayətlərinə görə cəzasızlıq prinsipinə zidd olar”.
O əlavə edib ki, beynəlxalq təcrübədə sülh sazişlərində məhkum mübadiləsi yalnız az ağır və ya siyasi xarakterli cinayətlər üzrə həyata keçirilir: "Ağır müharibə cinayətləri isə mütləq yerli və ya beynəlxalq məhkəmələrin hökmü ilə qüvvədə qalır. Bu baxımdan İsrailin “terror simvollarına güzəşt yoxdur” prinsipi əslində dövlətin təhlükəsizlik doktrinasının təzahürüdür. Azərbaycan da 30 il işğal, minlərlə itkin və yüzlərlə müharibə cinayətinin nəticələrini yaşamış bir ölkə kimi bu məsələdə oxşar yanaşmanı seçə bilər. Əgər sülh müqaviləsi reallığa çevriləcəksə, hüquqi mexanizmlər də ədalət üzərində qurulmalıdır. Əfv humanizm aktıdır, amma ədalətin əvəzində olmamalıdır".
Natiq Ələsgərov deyib ki, Bakı sülh sazişi imzalasa belə, Araik Arutyunyan kimi “simvolları” azad etməyə tələsməməlidir: “Çünki hüququn nüfuzu və dövlətin ədalət prinsipi sülhün ən mühüm təminatıdır. 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, Azərbaycan xalqına qarşı soyqırım cinayətləri törətmiş şəxslərə güzəşt olmamalıdır. Onların törətdikləri əməllərin qarşılığı ABŞ-də ölüm hökmü olardı. Azərbaycanda isə ölüm hökmü cəza olaraq tətbiq olunmur. Bu baxımdan hər hansı bir güzəştdən söhbət gedə bilməz”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
ŞƏRHLƏRŞƏRH YAZ