İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı - “Emosiyalara qapıldım” ŞOK TƏFƏRRÜAT

Tanışlarına qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Məhkəmədə 133 min dolların bir gecədə kriptovalyuta bazarında batdığı məlum olub. Zərərçəkənlər onunla barışıb.

Musavat.com xəbər verir ki, 1993-cü il təvəllüdlü Ayaz Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

İttihama görə, Ayaz “Paradise M” şirkətinin rəhbəri Rövşən adlı şəxsdən 30 min dollar alıb. Bunun qarşılığında adı çəkilən şirkəti tenderdə qalib edəcəyini deyib. Lakin bu vədinə əməl etməyib. Aldığı pulun sadəcə 5 min dollarını qaytarıb. Zərərçəkmiş Rövşənin şikayətindən sonra Ayaz dəymiş zərəri tam olaraq ödəyib. Buna görə də zərərçəkmiş şəxs ondan şikayətçi deyil.

İstintaq materiallarında Ayazın daha iki nəfərə qarşı dələduzluq etdiyi də qeyd edilib. O, qardaşının tanışlarından aldığı pulları “ByBİT” Ticarət Platformasına məxadil edib. Lakin ehtimal etdiyi kimi valyuta dəyişilməyib və bu səbəbdən platformaya məxadil edilmiş pullar batıb.

Həmin iki nəfərlə kriptovalyuta biznesi ilə məşğul olmağa razılaşıblar. Ayaz bildirib ki, həmin məbləğlərin adı çəkilən platformaya qoyulmasını sübut edən çıxarışlar da var.

Ayaz deyib ki, kriptovalyuta ilə əlaqədar xidmətlər göstərməklə bağlı təhsili olub, “bitcoin”lə bağlı kurs keçib:

“Təxminən 5 ildir ki, “trading”lə məşğul oluram. Həmin ərəfədə “bitcoin”in qiyməti azaldığından pul qazana bilmədik. Pul batan zaman bunun qarşısını almaq üçün öz şəxsi vəsaitimi də hesaba daxil etdim. Həmin məbləğ də batdı. Zərərə düşdükdə pulu çıxara bilmədim. Buna səbəb pulların hissə-hissə qoyulması idi. Bütöv halda daxil ediləcəyi təqdirdə dövriyyədən çıxara bilərdim.

Emil və Həsənlə razılaşmaya əsasən, 6 ay ərzində xeyir və zərərləri müzakirə etməyəcəkdik. “Bitcoin”in qiyməti 70 min dollardan 59 min dollara düşmüşdü. Belə olan halda çox gəlir əldə edəcəyimizi dedim. Bunu Həsən və Emilə deyəndə çox sevindilər. Razılığa əsasən, “bitcoin”in qiyməti 45 min dollara qədər düşdükdə əməliyyatı dayandırmalı idik.

Mənim hesablamalarıma görə, qiymət bundan aşağı düşə bilməzdi. Onlara söz verdiyim gəliri verə biləcəyimi düşündüm. Emosiyalara qapıldım. Əməliyyatı dayandırmaq istədim, amma məbləği bağlamadım. Bir neçə dəfə əməliyyatlar etdiyim üçün pulu batırdım”.

Ayaz ifadəsində bildirib ki, Həsən və Emilin hərəsindən 55 min və 45 min dollar olmaqla cəmi 100 min dollar pul alıb.

Zərərçəkmişlər ifadələrində bildirib ki, Ayazla söhbət edən zaman sonuncu dəfə onlara hesabda olan pulun 107 min dollar olduğunu göstərib. Buna görə də onlar Ayaza inanıb. Sonra isə qeyd edilən məbləğ batıb.

Ayazın kriptovalyuta biznesi üçün açdığı hesabdan çıxarış zamanı həqiqətən də hesaba 133 min dollardan çox vəsaitin mədaxil edildiyi müəyyən edilib. Bu məbləğin 100 min dolları Həsən və Emilə, qalan hissəsi isə Ayazın özünə məxsus olub.

Zərərçəkmişlər ifadələrində bildiriblər ki, baş verən hadisədə Ayazın onları aldatmaq istədiyini düşünmürlər. Onların sözlərinə görə, Ayaz qoyulan məbləğin 6 ay ərzində 200 faiz gəlir verəcəyini deyib. Tərəflərin razılığına əsasən isə qoyulan məbləğin 30 faizi qədər riskə getməli imişlər. Yəni aldıqları kriptovalyuta 30 faiz dəyər itirsə, qalan məbləğ çıxarılmalı imiş.

Təqsirləndirilən şəxsin, zərərçəkmişlər Emil və Həsənin ifadələri, həmçinin Ayazın kriptovalyuta biznesi üçün açdığı hesabdan çıxarışları məhkəmədə sübut kimi qiymətləndirilib. Məhkəmə belə qənatə gəlib ki, Ayazın onları aldatmaq niyyəti olmayıb və buna görə də onun əməlində cinayət tərkibi yoxdur.

Məhkəmə zərərçəkmişlərə onu da xatırladıb ki, Ayaza verilən məbləğin 30 faizində risk olacağına razılaşdıqları üçün qalan 70 faizi mülki qaydada məhkəmə yolu ilə tələb etmək hüquqları var.

Külli miqdarda dələduzluqda ittiham olunan Ayazın cinayət işindən Emil və Həsənlə bağlı olan epizodlar çıxarılıb. Birinci epizod üzrə zərərçəkmişdən alınmış 25 min dollar isə külli miqdar yox, xeyli miqdar kimi nəzərə alınıb. Buna görə də Ayaza qarşı xeyli miqdarda dələduzluq əməli törətmək maddəsi ilə hökm çıxarılıb.

Məhkəmə Ayazın 25 min dollarlıq zərəri də ödəməsini nəzərə alaraq onun barəsində həbslə bağlı olmayan cəza təyin edib. Hökmə əsasən, Ayaz barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Bu müddət ərzində Ayaz elektron qolbaq gəzdirməli, Bakını tərk etməməlidir.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR