Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası), Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində əsir və girov götürülmüş vətəndaşların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı sahəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərib.
DGK-dan Musavat.com-a verilən məlumata görə, münaqişənin əvvəlindən etibarən əsir-girov götürülmüş vətəndaşların və itkin şəxslərin ailə üzvləri hər iki qurum tərəfindən qəbul olunub, onların müraciətləri və qaldırdığı məsələlərə baxılıb, zəruri tədbirlər görülüb, siyahılar dəqiqləşdirilib və informasiya mübadiləsi aparılıb, ailələrə, o cümlədən əsir-girovluqdan azad edilmiş şəxslərə sosial və psixoloji dəstək göstərilib.
BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ölkəmizdə fəaliyyətini yaxın vaxtlarda dayandırması ilə bağlı, itkin düşmüş vətəndaşların ailələrinin diqqətinə çatdırılır ki, itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən edilməsi üçün Dövlət Komissiyası və aidiyyəti dövlət qurumları tərəfindən təxirəsalınmaz zəruri tədbirlər görülür. İşğaldan azad edilmiş ərazilərdə axtarış, qazıntı və ekshumasiya işləri, aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi və şəxsiyyəti müəyyən edilmiş itkin-şəhidlərin nəşlərinin ailələrinə təhvil verilməsi işi bundan sonra da intensiv şəkildə aparılır.
Qeyd olunur ki, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən, hər zaman olduğu kimi, vətəndaşların müraciətlərinə baxılır, onlarla gündəlik təmaslar və İşçi qrupunda qəbullar davam etdirilir.
İtkin düşmüş yaxınları ilə bağlı məlumatların alınması, həmçinin onlara dair müvafiq materialların, ərizə və müraciətlərin təqdim edilməsi üçün vətəndaşlar [email protected] elektron poçt ünvanı, 010-232-33-77 mobil telefon nömrəsi və 81-61 qaynar xəttindən istifadə etməklə İşçi qrupu ilə əlaqə saxlaya bilərlər.
Dövlət Komissiyasının İşçi qrupu Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 1 ünvanında yerləşir.
17 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ