İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya onlara sanksiya tətbiq edəcək – Dünyada ilk dəfə  

Böyük Britaniyada qeyri-qanuni miqrasiyanın təşkilatçılarına qarşı dünyada ilk sanksiya rejimi tətbiq edilib.

Musavat.com xəbər verir ki, məlumatı Böyük Britaniya Xarici İşlər Nazirliyinə istinadən "Reuters" agentliyi yayıb.

Britaniyanın xarici işlər naziri Devid Lemmi bu addımın səbəblərini belə izah edib: “Uzun müddətdir ki, cinayətkar dəstələr öz çirkli ciblərini doldura və İngiltərəyə qeyri-qanuni miqrasiya ilə məşğul olaraq həssas insanları cəzasızlıqla ovlaya biliblər. Buna görə də Böyük Britaniya insanların qaçaqmalçılığı və qeyri-qanuni miqrasiyanın təşkili ilə məşğul olan qruplara və onların ortaqlarına qarşı dünyada ilk sanksiya rejimini hazırlayıb”.

Qeyd olunur ki, Britaniya hökuməti qara siyahıya düşənlərin hesablarını dondura və ölkəyə girişinə qadağa qoya biləcək. Tədbirlər ilk növbədə saxta sənədlərin hazırlanması, qeyri-qanuni miqrasiya yollarının təşkilatçılarına maliyyə xidmətlərinin göstərilməsi və La-Manş boğazında istifadə olunan kiçik qayıqların tədarükü ilə məşğul olanlara qarşı yönələcək.

Böyük Britaniyada qeyri-qanuni immiqrasiya problemi ölkə Avropa İttifaqından çıxdıqdan sonra daha da kəskinləşib, baxmayaraq ki, bu məsələ Brexit-in əsas səbəblərindən biri idi. 2018-ci ildən bəri 150.000-dən çox qeyri-qanuni immiqrant Manş boğazını keçərək Böyük Britaniyaya daxil olub. Ötən ilin iyulunda keçirilən ümumi seçkilərdən sonra Leyboristlər Partiyasının yaratdığı hökumət qanunsuz miqrantların Böyük Britaniyaya daxil olmasının qarşısını almaq üçün Aİ dövlətləri ilə əməkdaşlığı gücləndirəcəyinə söz vermişdi.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR